"2017- ci ildə "Astara şəhidləri” haqqında kitab çap olundu. Həmin kitabın bir nüsxəsini də mənə verdilər. Kitabı açıb baxdıq ki, qardaşım Məmmədov Ələkbər İsa oğlunun adı siyahıda yoxdur. Halbuki o, 1992- ci il döyüşləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəlpə yarasından şəhid olub”.
Bu sözləri "Qafqazinfo”ya müraciətində Astara rayon Kakalos kənd sakini Məmmədov Əsgər deyib. O bildirib ki, qardaşının adını həmin kitabda görməyəndə şoka düşüb və dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə müraciət edib: "Şöbənin zabit rütbəli bir şəxsi mənə dedi ki, qardaşının şəhidlik statusu 2007- ci ildə onun üzərindən götürülüb. Bu necə ola bilər ki, heç bir ailə üzvünə 11 il ərzində məlumat verilməyib və şəhidlik statusu hansı haqla onun üzərindən götürülüb? Bütün kənd əhalisi qardaşımın şəhid olmasından xəbərdardır.
Xatırladım ki, qardaşım 1992- ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə Tərtər rayonu ərazisində qəlpə yarasından şəhid olub. Bununla bağlı ölüm şəhədatnaməsi da əlimizdə var. 1993-cü ilin əvvəllərində Astara Rayon XDS İcraiyyə komitəsinin qərarı ilə qardaşım Məmmədov Ələkbər İsa oğluna şəhid statusu verilmiş və bir vaxtlar təhsil aldığı Kakalos kənd 2 saylı məktəbinin də onun adına verilməsi barədə qərar qəbul edilib. Bunlar isə 14 ildən sonra hansısa komissiya yaradıblar və öz qərarlarına əsasən şəhid qardaşımın statusunu əlindən alıblar. Deyirlər ki, qardaşın avtomobil qəzasında həlak olub.
Qeyd edim ki, 2017- ci ildə kənd məktəb bizə məlum olmayan hansısa səbəblərdənsə bağlandı və uşaqlar 1 saylı kənd orta məktəbinə köçürüldü. Əslində, bu şəhidlik statusunun götürülməsində mənə məlum olan səbəblərdən biri də həmin məktəbin yerləşdiyi torpaq sahəsinə hansısa bir şəxsin iddiasının olmasıdır”.
Ə. Məmmədov qardaşının şəhidlik statusunun yenidən geri qaytarılmasını tələb edir:
"Lap tutaq ki, döyüş zamanı avtomobil qəzasında həlak olub. Müharibə şəraitidir. Düşmən gülləsinə tuş gəlib. Adicə Türkiyədə terrorla mübarizə zamanı ölən hər kəs şəhidlik statusu qazanır. Mən qardaşımın şəhidlik statusunun yenidən geri qaytarılmasını tələb edirəm”.
"Qafqazinfo” məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərib.
Sorğuya cavab olaraq bildirilib ki, müraciətdə qeyd edilən məsələ ilə əlaqədar vətəndaş Əsgər Məmmədova 09.03.2018-ci il tarixli 594 nömrəli məktubla ətraflı cavab verilib. Bildiririk ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.
Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.
Aparılan araşdırmaya və mövcud sənədlərə əsasən, mərhum Məmmədov Ələkbər İsa oğlu 930 saylı hərbi hissədə xidmət keçərkən Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı yox, xidməti vəzifəsini yerinə yetirərkən 12.07.1992-ci il tarixdə avtoqəza nəticəsində (bədbəxt hadisə nəticəsində) həlak olub.
Bu səbəbdən, mərhum Məmmədov Ələkbər İsa oğlunun"Şəhid”statusu ləğv edilmiş, şəhid ailələri üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazların verilməsi 20.04.2007-ci ildə dayandırılıb.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər