Bolqarıstanda yeni hökuməti qurmaq hüququ keçmiş baş nazir Boyko Borisova verilib. GERB Partiyası bazar günü keçirilən növbədənkənar parlament seçkilərində son dörd ildə yeddinci dəfə qalib gəlib. Lakin keçmiş baş nazir üçün sabit hakim koalisiya toplamaq asan olmayacaq. Uğursuzluğun qiyməti son dərəcə yüksəkdir: Bolqarıstan nəinki Avropa İttifaqı fondlarından gözlənilən vəsaiti almayacaq, həm də yanvarda Avrozonaya planlaşdırılan girişini pozacaq.
Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, artıq üç dəfə Bolqarıstanın baş naziri olmuş Boyko Borisov yeni hökuməti məhz onun quracağını açıqlayıb. Siyasətçi bunu Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini açıqladıqdan sonra deyib. Qalib 26 faizə yaxın səs toplayan keçmiş baş nazirin rəhbərlik etdiyi sağ mərkəzçi GERB Partiyası olub. O, 14% səs toplayan qərbyönlü "Dəyişikliyə davam et" koalisiyasını və 13%-lə Rusiyayönlü hesab edilən "Renessans” partiyasını nəzərəçarpacaq dərəcədə qabaqlayıb.
"Biz "Renessans”dan başqa hamı ilə qarşılıqlı əlaqədə olacağıq”, deyə Boyko Borisov mümkün koalisiya tərəfdaşlarının dairəsini açıqlayıb. Son illərdə mütəmadi olaraq parlamentə daxil olan "Renessans" Rusiyaya qarşı sanksiyaların ləğvi, Ukraynaya yardımın dayandırılması və Bolqarıstanın NATO-dan çıxması ilə bağlı referendum keçirilməsinin tərəfdarıdır.
Ekspertlərin fikrincə, 240 yerlik parlamentdə çoxluğu yaratmaq üçün Boyko Borisov ən azı 3-4 partiya ilə koalisiya yaratmalı olacaq ki, bu da son dərəcə çətin olacaq. 2020-ci ildən, Boyko Borisovun o vaxtkı kabineti istefa verəndən bəri Bolqarıstanda artıq yeddi seçki keçirilib. Və hər dəfə hökumət ya ümumiyyətlə formalaşa bilməyib, ya da çox qısamüddətli olub. İyun ayında keçirilmiş əvvəlki seçkilər də istisna olmayıb.
Boyko Borisovun yeni Nazirlər Kabinetini formalaşdırmaq üçün ilk addımı gözlənilən olub. O, qərbyönlü "Dəyişikliyə davam et” koalisiyası ilə razılığa gəlməyə çalışacağını açıq şəkildə bildirib.
Əgər belə danışıqlar uğurlu olarsa, hakim çoxluğu yaratmaq üçün onlar kiçik partiyaların və ya müstəqil deputatların dəstəyini almalıdırlar ki, bu da tamamilə mümkündür.
Bununla belə, keçmiş baş nazirin potensial tərəfdaşı artıq qeyri-adi şərt irəli sürüb: yeni hökumətin tərkibinə biznesmen Deilan Peevskinin adamları daxil olmamalıdır. Media maqnatı Peevski Bolqarıstanda tanınmış və nüfuzlu şəxsdir. ABŞ və Böyük Britaniya ona qarşı "korrupsiya və nüfuz alveri” ittihamı ilə sanksiyalar tətbiq edib. Hesab olunur ki, iş adamı öz adamları vasitəsilə ayrı-ayrı partiyalara və xüsusən də korrupsiya işlərinə nəzarət edən Bolqarıstan Baş Prokurorluğuna təsir edir. Əvvəllər Boyko Borisova qarşı da korrupsiya ittihamları irəli sürülüb, lakin sonradan ona qarşı bütün işlər bağlanıb və keçmiş baş nazir təqibdən immunitet alıb.
Bu baxımdan, bolqar ekspertlər hesab edirlər ki, cənab Borisov mahiyyət etibarı ilə qərbyönlü koalisiya ilə ittifaq və Qərbin qara siyahıya saldığı mübahisəli reputasiyaya malik iş adamı ilə qarşılıqlı əlaqə arasında seçim etməli olacaq.
Xatırladaq ki, iyun seçkilərindən sonra Boyko Borisov media maqnatının təsiri altında olan partiyalarla əməkdaşlıqdan yayınmışdı.
Keçmiş baş nazir sabit hakim koalisiya qura bilməsə, Bolqarıstan üçün uğursuzluğun baha başa gələcək. Artıq Sofiyanın Aİ fondlarından maliyyə daxilolmaları faktiki olaraq dondurulub, çünki ölkədə sabit hökumət olmadığı halda Brüsselin gözlədiyi islahatları həyata keçirəcək heç kim yoxdur. Bundan əlavə, yeni kabinetin formalaşdırılması uğursuz olarsa, Bolqarıstan artıq iki dəfə təxirə salınmış 25 yanvar 2025-ci ildə avro zonasına planlaşdırılan girişini pozmaq riski ilə üzləşir.
Aydın
Şərhlər