Bu günlərdə insanları ən çox stressə salan peşələrin siyahısı açıqlanıb. Məlum olub ki, birinci yerdə həkimlər və tibb işçiləri, ikinci polis və hərbçilər, üçüncü müəllimlər, dördüncü pilotlar və hava dispetçerləri, beşinci yerdə isə jurnalistlər durur.
Həkimlərin siyahıya liderlik etməsi maraq doğuran məsələlərdən biridir. İnsan sağlamlığının keşiyində duran bu peşə sahiblərini stressə aparan səbəblər nədir?
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, insanları stressə salan məsuliyyəti çox və cəmiyyətdə sosial müdafiəsi az olan peşələrdir:
"Məsuliyyət hissi, təhlükə riski çox olan peşələr var. Məsələn həkimlər... Həkimlik şərəfli peşə olsa da, çox məsuliyyətlidir. Hər bir xəstə uğurlu müalicə tələb edir. Cəmiyyətdə sosial müdafiə elementləri zəif olanda, təbabətə, tibbə güvən zəif olanda, xəstələrlə həkimlər arasında səmimiyyət, inam olmayanda məsələ daha da ciddi şəkil alır. Bizim cəmiyyətdə ən ciddi məqam bundan ibarətdir".
Adil Qeybulla hesab edir ki, bu səbəbdən həkimlər stress siyahısına liderlik edir:
"Azərbaycan müharibə aparan ölkədir. Hərbiçilərin stessdə olması aydın məsələdir. Torpaqlarımız uzun müddət işğal altında olub, hərbiçilər ziyan çəkib. Hər iki müharibədə xeyli hərbiçilərimiz şəhid olub. Allah onların hər birinə rəhmət eləsin. Təyyarədə uçmaq, nə qədər olmasa insan cazibə qüvvəsinə məruz qalır və yerdən ayağı üzüləndə müəyyən təhlükəni hiss edir. Təyyarə ilə getmək də müəyyən qədər təhlükə sayılır".
Adil Qeybullanın sözlərinə görə, Azərbaycanda sosial müdafiə artdıqca, təhsil və səhiyyə dünya standartlarına yaxınlaşdıqca meyarlar müəyyən qədər dəyişəcək:
"İnsanların peşələrinə görə stressə düşməsi ilə bağlı sıra da zaman keçdikcə dəyişəcək".
Bahar Rüstəmli
Şərhlər