Tədqiqatçılar Kanadada fəaliyyətini dayandırmış qızıl mədəninin zəhərli tullantılarından təmizliyi 99 faizdən çox olan metal arsen əldə etməyə nail olublar. Söhbət hazırda yerin altında dondurulmuş vəziyyətdə saxlanılan yüz minlərlə ton tozdan gedir.
Qaynarinfo xəbər verir ki, “Autonocion”un məlumatına görə, mədənin fəaliyyəti illərində müəssisənin yaxınlığında arsen trioksidi tərkibli minlərlə ton toz toplanıb. Bu həcm yeddi 10 mərtəbəli binanı və ya təxminən 9 480 özüboşaldan yük maşınını doldurmağa kifayət edərdi.
Britaniya Kolumbiyası Universiteti və Danimarka və Qrenlandiya Geoloji Xidmətinin (GEUS) alimləri bu tullantıların nümunələrini araşdıraraq onlardan metal arsenin çıxarılması üsulunu hazırlayıblar.
Mədənin kifayət qədər böyük olduğu bildirilir. Burada 1948-2004-cü illər ərzində təxminən 7,6 milyon unsiya qızıl hasil edilib. Lakin problem filizin tərkibi ilə bağlı olub. Qızılın tərkibində dəmir, kükürd və arsen olan mineral olan arsenopiritlə əlaqəli olduğu müəyyən edilib. Filizin yandırılması zamanı arsen qaz şəklində ayrılıb, soyuduqdan sonra isə xırda arsen trioksidi tozuna çevrilib.
Bu tullantılar toplanaraq yeraltı kameralara və mədənin işlənmiş sahələrinə vurulub. Hazırda toz bunun üçün nəzərdə tutulmuş 16 kameradan 14-də, təxminən 24-76 metr dərinlikdə saxlanılır. Kameralar beton arakəsmələrlə izolyasiya edilib.
Bu tozun tərkibinin təxminən 79 faizini arsen trioksidi təşkil edir. Burada həmçinin dəmir, sürmə və qalıq qızıl da mövcuddur.
Kanada hakimiyyəti işçilər üçün risklər və yeraltı qazıntıların mürəkkəb quruluşu səbəbindən tullantıları mədəndən çıxarmamaq qərarına gəlib. Bunun əvəzinə “dondurulmuş blok” sistemi tətbiq olunur: kameraların ətrafındakı torpaq dondurulur və bu vəziyyətdə saxlanılır. Sistemin təxminən 100 il müddətinə hesablandığı bildirilir.
Alimlər arsen əldə etməyin yolunu tapıblar
Yeni texnologiya təhlükəli tozun iki mərhələdə emalını nəzərdə tutur. Əvvəlcə tullantılar suda və ya zəif qələvi məhlulda həll edilir. Tədqiqatçıların məlumatına görə, bu üsulla arsenin 99 faizindən çoxunu məhlula keçirmək mümkündür.
Daha sonra əldə edilən məhlula tiokarbamidin dioksidi əlavə edilir. Nəticədə arsen metal formasında çökür. Ən uğurlu laboratoriya təcrübələrində alimlər məhluldakı arsenin 99 faizindən çoxunu çıxara biliblər.
Əldə edilən materialın təmizliyi 99 faizdən çox olub. Lakin araşdırma onun strukturunun kommersiya məqsədilə istehsal edilən arsenin strukturundan fərqləndiyini göstərib.
Bu xüsusiyyət maddənin elektronika sahəsində gələcək istifadəsi baxımından əhəmiyyət daşıya bilər. Kommersiya arsenində nizamlı kristal quruluş olduğu halda, tullantılardan əldə edilən materialın zəif kristallı və ya demək olar ki, amorf olduğu müəyyənləşdirilib. Alimlər hələ bu xüsusiyyətin faydalı olub-olmayacağını, yoxsa maddənin yarımkeçiricilərin istehsalında istifadəsinə maneə yaradacağını müəyyən etməlidirlər.
Tullantılardan qızıl da əldə etmək mümkündür
Tədqiqatçılar prosesin daha bir xüsusiyyətinə diqqət yetiriblər. Qızıl arsenlə birlikdə həll olmadığı üçün təhlükəli maddə çıxarıldıqdan sonra onun əldə edilməsi potensial olaraq daha asanlaşır.
Beləliklə, yeni texnologiya eyni vaxtda iki problemi həll edə bilər: zəhərli tullantıların həcmini azaltmaq və qiymətli materialları yenidən dövriyyəyə qaytarmaq.
Bununla belə, texnologiyanın sənaye miqyasında tətbiqinə hələ uzaqdır. Əldə edilən 99 faizlik təmizlik səviyyəsi arsenin mikroelektronikada birbaşa istifadəsi üçün kifayət deyil. Belə məqsədlər üçün daha yüksək təmizlik dərəcəsi tələb olunur.
Bundan başqa, təcrübələr hələlik yalnız laboratoriya miqyasında aparılıb. Tədqiqatçılar texnologiyanın böyük həcmdə tullantılarla nə dərəcədə səmərəli işləyəcəyini və onun sənaye miqyasında tətbiqinin nə qədər başa gələcəyini müəyyən etməlidirlər.
Layihədə iştirak edən Britaniya Kolumbiyası Universitetinin mühəndisi Tamara Etmannski gələcəkdə bu tullantılardan elektronika sənayesi üçün daha çox metal arsen əldə etməyin mümkün olacağına ümid edir. Onun sözlərinə görə, bu yanaşma artıq mövcud olan tullantılardan resursların çıxarılmasına əsaslanır.
Aydın
Şərhlər