XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə
Dünya08:15 05.10.2026

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib.

Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronqa yalnız tarix kitablarında əbədi yer qazandırmayıb. Astronavt şöhrətdən mümkün qədər uzaq həyat sürməyə çalışsa da, ona göstərilən maraq bəzən heç gözləmədiyi formalarda qarşısına çıxıb. Bunlardan biri də illərdir saçını kəsdirdiyi bərbərlə yaşadığı qeyri-adi anlaşılmazlıq olub.

Armstronq “Apollo 11” missiyası zamanı Ayın səthinə ayaq basanda 38 yaşında idi. Missiya yoldaşı Bazz Oldrin isə 39 yaşında idi. İki astronavt sonrakı illərdə fərqli karyera yolları seçib. Armstronq “NASA”dan ayrıldıqdan sonra diqqət mərkəzində olmağı üstün tutmayıb və Sinsinnati Universitetində aerokosmik mühəndislik professoru kimi çalışıb. Lakin onun sakit həyat tərzi dünyanın ən tanınmış şəxslərindən biri olduğu gerçəyini dəyişməyib.

Bərbər saçlarını kolleksiyaçıya satıb

Armstronq uzun illər ABŞ-ın Ohayo ştatının Livanon şəhərində Marks Sayzmor adlı bərbərə müraciət edib. 2004-cü ilin mayında isə saç kəsimlərindən sonra qalan saçların onun xəbəri olmadan toplandığını və özəl kolleksiyaçıya satıldığını öyrənib.

Saçları satın alan şəxs Con Reznikoff olub. Reznikoffun kolleksiyasında Merilin Monro, Albert Eynşteyn, Abraham Linkoln, I Karl və Elvis Presli kimi tarixi şəxsiyyətlərə aid saç nümunələri də olub. Dünyanın ən böyük tarixi saç kolleksiyalarından birinə sahib olan Reznikoff Armstronqun saçlarını da kolleksiyasına əlavə edib.

Sayzmor daha sonra bildirib ki, ona edilən ilk təklifləri rədd edib, lakin məbləğ 3 min dollara çatdıqda satışa razılaşıb. Armstronq isə hadisədən xəbər tutduqdan sonra illərdir müştərisi olduğu bərbərə bir daha getməyib.

3 min dollarlıq anlaşılmazlıq necə başa çatdı?

Armstronq məsələni vəkillərinə çatdırıb. Hüquq komandası tanınmış şəxslərin adını və şəxsiyyət hüquqlarını qoruyan Ohayo qanunlarının pozulduğunu iddia edib. Tələb isə saçların geri qaytarılmasından ibarət olmayıb. Sayzmorun satışdan əldə etdiyi 3 min dolların Armstronqun müəyyən edəcəyi xeyriyyə təşkilatına bağışlanması istənilib.

Bərbər bu şərti qəbul etdikdən sonra tərəflər arasındakı hüquqi mübahisə sona çatıb. Beləliklə, Armstronqun mümkün qədər sakit və gözdən uzaq şəkildə davam etdirməyə çalışdığı həyatında adi bir saç kəsimindən qalan saçlar belə əvvəlcə kolleksiya bazarının, daha sonra isə hüquqi prosesin mövzusuna çevrilib.

Aydın