XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İnsan əcdadlarının 200 min il daha qədim olduğu üzə çıxdı: Alimlər nə tapdı?
Dünya16:48 04.10.2026

İnsan əcdadlarının 200 min il daha qədim olduğu üzə çıxdı: Alimlər nə tapdı?

La Trobe Universitetinin alimləri Cənubi Afrika və ABŞ-dan olan həmkarları ilə birlikdə 18 yeni hominid fosilini təsvir ediblər. Onların arasında Homo erectus növünə aid ikinci kəllə fraqmenti də var. Tapıntı bu növün Cənubi Afrikada ilk dəfə 2 milyon il əvvəl meydana gəldiyini göstərir. Bu isə Homo erectus-un əvvəl hesab ediləndən 200 min il daha qədim olduğunu göstərir.

Qaynarinfo xəbər verir ki, Phys.org-un məlumatına görə, fosillər Cənubi Afrikadakı “Bəşəriyyətin beşiyi” adlandırılan ərazidə yerləşən Drimolen karxanasında aşkar edilib. Bura dünyada insan əcdadlarının qalıqlarının ən zəngin tapıldığı ərazilərdən biridir.

Arxeoloqlar ümumilikdə bu ərazidən 18 fosili araşdıraraq onları Homo erectus və Paranthropus robustus növlərinə aid ediblər.

Alimlər öz tədqiqatlarında Drimolendə tapılan və yaşı 2 milyon il olan ilk yetkin Homo erectus qalıqlarının müəyyən edildiyini bildiriblər. Bu qalıqlar digər ərazilərdə aşkar edilmiş yetkin Homo erectus nümunələrindən 200 min il daha qədimdir.

Tədqiqatın müəllifi doktor Cessi Martin bildirib ki, Homo erectus ümumilikdə tədqiqatçıların Homo cinsinə aid etdiyi ilk hominid növü və ehtimal olunan birbaşa əcdadımız hesab olunur.

“Drimolen bu növün 2 milyon il əvvəl ilk dəfə meydana çıxmasına dair sübutları qoruyub saxlayıb. Lakin ilkin fosil DNH 134 2-4 yaşlı uşağa aid idi və yetkin fərdin necə göründüyü ilə bağlı qeyri-müəyyənlik vardı”, deyə alim bildirib.

Tədqiqatçılar həmçinin Paranthropus robustus növünün mikro­evolyusiya keçirdiyini təsdiqləyiblər. Buna uyğun olaraq, 2-1,8 milyon il əvvəl bu növün daha iri dişləri və güclü çeynəmə əzələləri inkişaf edib.

Martinin sözlərinə görə, həmin dövrdə Homo erectus-un beyni böyüyür, azı dişləri isə kiçilirdi. Bunun ətlə qidalanmanın artması ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Paranthropus robustus-da isə beynin ölçüsü şimpanzeninkindən bir qədər böyük olaraq qalır, azı dişləri isə iri və kütləvi olurdu. Bu xüsusiyyət onun sərt və bərk qidaları həzm etməsinə imkan verirdi.

Hər iki növ eyni ərazidə yaşayıb və Drimolen mağarasında onların qalıqları aşkar edilib.

Martin bildirib ki, nəticədə Homo erectus və insanların yaranmasına gətirib çıxaran xətt sağ qalaraq üstünlük əldə etsə də, 2 milyon il əvvəl Drimolendə Paranthropus robustus say baxımından Homo erectus-u 10 dəfədən çox üstələyirdi.

“Bu dövrdə əcdadlarımızın sağ qalmaq şansları olduqca zəif görünürdü”, deyə tədqiqatçı qeyd edib.

Aydın