XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Alimlər: İqlim insan olsaydı, artıq reanimasiyaya göndərilərdi
Dünya19:38 03.10.2026

Alimlər: İqlim insan olsaydı, artıq reanimasiyaya göndərilərdi

Yer kürəsinin iqlim sabitliyinin doqquz əsas göstəricisindən yeddisi artıq təhlükəsiz həddi keçib, bir çox təbii sistemin vəziyyəti isə sürətlə pisləşir. Bu barədə 60-dan çox alimin hazırladığı “Planetary Health Check 2026” hesabatında deyilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Live Science” yazır.

Nəşrin qeyd etdiyi kimi, hesabat Yer kürəsinin dayanıqlığını və bəşəriyyət üçün əlverişli şəraiti qorumaq qabiliyyətini müəyyən edən, bir-biri ilə əlaqəli təbii sistemlər – planetar sərhədlərin sabitliyini təhlil edir. Bu sərhədlərin aşılması ciddi və geri dönməz dəyişikliklər riskini artırır.

Araşdırmaya görə, yeddi sahə üzrə təhlükəsiz hədlər artıq keçilib: iqlim dəyişikliyi, okeanların turşulaşması, şirin su sistemlərinin dəyişməsi, torpaqdan istifadənin dəyişməsi, biogeokimyəvi axınların pozulması, yeni maddələrin yayılması və biosferin bütövlüyünün dəyişməsi.

Digər iki sərhəd – stratosferdə ozon qatının dağılması və atmosfer aerozollarının konsentrasiyasının artması – qlobal səviyyədə hələlik təhlükəsiz həddə qalır.

Müəlliflər bu göstəriciləri svetofor prinsipi ilə qiymətləndirirlər. Yaşıl rəng təhlükəsiz səviyyəni, sarı və ya narıncı rəng həddin aşılmasını və riskin artmasını, qırmızı rəng isə ciddi və geri dönməz zərərin baş vermə ehtimalının olduğu zonanı göstərir.

Bu sistemə əsasən, okeanların turşulaşması, şirin su sistemlərinin və torpaqdan istifadənin dəyişməsi riskin artdığı zonada yerləşir. İqlim dəyişikliyi, biogeokimyəvi axınların pozulması, biosferin bütövlüyünün dəyişməsi və yeni maddələrin yayılması isə artıq təhlükəli zonaya daxil olub.

Mövcud tendensiyalar atmosferə əlavə istilik gətirən və insanlar, eləcə də təbii ekosistemlər üçün əlavə təhlükələr yaradan El-Ninyo hadisəsi fonunda xüsusilə narahatedicidir.

Hesabatda, xüsusilə, vəziyyəti potensial dağıdıcı dönüş nöqtəsinə yaxınlaşan Amazon meşələrindən bəhs edilir. Həmçinin dib trolu ilə zədələnən dəniz dibi dərin dənizlərdə mədənçıxarma fəaliyyətinin genişlənməsi səbəbindən yeni risklərlə üzləşə bilər.

Hesabatın baş redaktoru Niklas Kitzmann araşdırmanın nəticələrini Yer kürəsinin tibbi müayinəsi ilə müqayisə edib.

“Əgər pasiyentin belə bir qan analizi olsaydı, onu dərhal reanimasiyaya göndərərdiniz”, deyə o, “Live Science”a bildirib.

Kitzmannın sözlərinə görə, planetar sərhədlərin aşılmasının nəticələri artıq özünü göstərir: dünyada istilik dalğaları daha tez-tez baş verir və daha da güclənir, buzlaqların itirilməsi, dənizlərdə istilik dalğaları və genişmiqyaslı mərcan ağarması müşahidə olunur.

Bununla yanaşı, hesabatın müəllifləri vəziyyətin ümidsiz olmadığını vurğulayırlar. Kitzmannın fikrincə, bərpa olunan enerjinin inkişafı, günəş texnologiyalarının ucuzlaşması, həmçinin okeanların və torpaqların qorunmasına dair beynəlxalq razılaşmalar dəyişiklik üçün imkanlar yaradır.

“Bizim hələ də vəziyyəti dəyişmək imkanımız var, lakin növbəti bir neçə il ərzində emissiyaların və təbiətin deqradasiyasının göstəricilərini dəyişməyə başlamalıyıq”, deyə alim bildirib.

Aydın