Şəbəkədə "Samsung" və "Google" şirkətlərinin büdcə telefonlarının ilkin satış qiymətlərini artırmağa başladığına diqqət çəkilib. Ayrı-ayrı modellərin qiyməti artıq 100 dollaradək bahalaşıb. Əsas səbəblərdən biri kimi bütün dünyada istehsalçılara təsir edən operativ yaddaş böhranı göstərilir.
Qaynarinfo xəbər verur ki, "Samsung" şirkətində qiymətlər "Galaxy A" seriyasının bütün modellərində artıb. Məsələn, "Galaxy A17 5G" modelinin qiyməti 200 dollardan 270 dollara, "Galaxy A27 5G" 350 dollardan 380 dollara, "Galaxy A37 5G" 450 dollardan 490 dollara, "Galaxy A57 5G" isə 550 dollardan 600 dollara yüksəlib.
Bununla yanaşı, "Galaxy A17 5G" artıq avqust ayında bahalaşmışdı. Hazırkı artım şirkət üçün bir həftə ərzində ikinci qiymət artımı olub.
"Google" şirkətində isə "Pixel 10a" modelinin qiyməti birdən-birə 100 dollar artıb. Şirkət münasib qiymətli telefonu mart ayında 499 dollar tövsiyə olunan pərakəndə satış qiyməti ilə təqdim etmişdi. İndi isə onun ilkin qiyməti 599 dollardır. Kanadada bahalaşma daha nəzərəçarpandır: qiymət 679 Kanada dollarından 849 Kanada dollarına yüksəlib.
Analitiklər problemin uzunmüddətli xarakter daşıya biləcəyini bildirirlər. Hətta Çində istehsalın artırılması hesabına operativ yaddaş çatışmazlığı növbəti il ərzində azalmağa başlasa belə, qiymətlər uzun müddət yüksək qala bilər. Daha pessimist ssenariyə əsasən, RAM çatışmazlığı və yüksək qiymətlər 2030-cu ilə qədər davam edə bilər.
Bu, həmçinin o deməkdir ki, "Samsung" və "Google" şirkətlərinin büdcə smartfonlarının növbəti nəsilləri bazara daha yüksək qiymətlərlə çıxa bilər. Belə şəraitdə işlənmiş cihaz almaq münasib qiymətli smartfon seçərkən qənaət etməyin yollarından birinə çevrilir.
Daha əvvəl xəbər verilmişdi ki, 2026-cı ildə smartfonların orta qiyməti təxminən 25 faiz arta bilər. Bu proses yaddaş çatışmazlığı və istehsal xərclərinin yüksəlməsi ilə əlaqələndirilir.
200 dollardan ucuz büdcə smartfonları isə gələn il nadir məhsula çevrilə və ya ümumiyyətlə mağazaların rəflərindən yox ola bilər. Səbəb süni intellekt sistemləri üçün DRAM yaddaşına sürətlə artan tələbatdır. Bu vəziyyət mobil cihaz istehsalçıları üçün əlçatan komponentlərin sayını azaldır.
Analitiklərin qiymətləndirməsinə görə, 2026-cı ilin sonuna qədər bir çox brend ya bazardan çıxacaq, ya da yaddaş çatışmazlığı səbəbindən müəyyən məhsul istiqamətlərini ixtisar etməyə məcbur olacaq. Vaxtilə populyar olan "ASUS" və "Meizu" şirkətləri artıq smartfon bazarından çıxdıqlarını rəsmən açıqlayıblar.
Aydın
Şərhlər