Avropa Komissiyası bu il Ukraynanın 27 milyard dollarlıq müdafiə açığının hamısını “müvafiq alətlərin olmaması” səbəbindən qarşılaya bilməyəcək. Söhbət dövlət büdcəsinin deyil, ordunun yaranmış əlavə maliyyə ehtiyacından gedir.
Qaynarinfo xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat naziri Serhey Marçenko bildirib.
Onun sözlərinə görə, büdcə və hərbi maliyyələşdirmə istiqamətlərini bir-birindən ayırmaq vacibdir. Marçenko bu açıqlamanı Avropa İttifaqı nümayəndələrinin sözlərinə istinadən mətbuatda yayılan son məlumatlarla əlaqədar verib.
Marçenko qeyd edib ki, dövlət büdcəsinin ehtiyacları üçün Ukraynanın ilin sonunadək tərəfdaşlarından 29,5 milyard dollar alması tələb olunur. Bu məbləğin 3 milyard dollardan çoxu artıq ölkəyə təqdim edilib.
Nazirin sözlərinə görə, bu maliyyələşmənin əldə olunması Ukraynanın “öz öhdəlikləri üzrə ev tapşırığını yerinə yetirməsindən”, yəni müvafiq islahatları qəbul etməsindən asılıdır.
Bundan əlavə, Ukrayna bu il müdafiə ehtiyacları üçün “Ukraine Support Loan” çərçivəsində daha 17 milyard avro alacaq. Ukrayna tərəfi həmçinin sorğuların mümkün qədər tez razılaşdırılması istiqamətində Aİ ilə işin sürətləndirilməsi barədə razılığa gəlib.
“Ukraine Support Loan” çərçivəsində ayrılan vəsaitlər nəzərə alındıqdan sonra belə, Müdafiə Nazirliyi əlavə olaraq 27 milyard dollarlıq müdafiə ehtiyacı olduğunu bəyan edib. Son vaxtlar müzakirə olunan açıq məhz bu məbləğdir.
Marçenko bildirib ki, dövlət maliyyəsinə qənaət hesabına tələb olunan 27 milyard dolların 7 milyardını tapmaq mümkün olub. Daha 12 milyard dolların isə “birgə səylərlə” əldə edilməsi planlaşdırılır.
Lakin Marçenkonun sözlərinə görə, açığın qalan hissəsini Avropa Komissiyası bu il “müvafiq alətlərin olmaması” səbəbindən qarşılaya bilməyəcək.
Aydın
Şərhlər