XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

RİNN və "SpaceXAI" süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladı (FOTO)
Texnologiya15:11 30.09.2026

RİNN və "SpaceXAI" süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladı (FOTO)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və "SpaceXAI" arasında süni intellekt həlləri və əlaqəli rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qaynarinfo nazirliyə istinadən xəbər verir ki, sənəd "SpaceXAI"ın Grok modelləri əsasında hazırlanan süni intellekt həllərinin dövlət xidmətlərində və Azərbaycanın rəqəmsal transformasiyasının digər prioritet istiqamətlərində tətbiqi imkanlarını nəzərdə tutur. Əsas məqsəd daha keyfiyyətli, əlçatan və səmərəli dövlət xidmətlərinin formalaşdırılmasıdır.

Memorandum yalnız bir tətbiq sahəsi ilə məhdudlaşmayacaq, bütün dövlət qurumlarını əhatə edəcək. Tərəflər süni intellektdən istifadə imkanlarını birgə qiymətləndirəcək, uğurlu həllərin dövlət sektorunda geniş tətbiqini nəzərdən keçirəcəklər.

Sənədin imzalanması ilə bağlı Bakıda keçirilən mərasimdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, "SpaceXAI"ın nümayəndə heyəti – Hökumətlərlə qlobal əməkdaşlıq və Latın Amerikası regionu üzrə rəhbər Dastin Yelinek, Yaxın Şərq, Şimali Afrika və Türkiyə regionu üzrə qlobal məsələlər və bazar inkişafı rəhbəri Rim Sadek, Hökumətlərlə qlobal əməkdaşlıq bölməsinin bazara çıxış üzrə rəhbəri Nil Perkins iştirak ediblər.

R.Həsənov bildirib ki, Azərbaycan artıq süni intellektin müzakirəsindən onun tətbiqi mərhələsinə keçib və bu istiqamətdə tərəfdaşlar prosesə verə biləcəkləri töhfəyə əsasən seçilir. "SpaceXAI" qabaqcıl süni intellekt modellərinə və geniş mühəndislik imkanlarına malikdir. İmzalanan Anlaşma Memorandumu həmin imkanların dövlət qurumlarının daxili fəaliyyətindən vətəndaşların "mygov" vasitəsilə xidmətlərə çıxışınadək müxtəlif sahələrdə xidmətlərin təkmilləşdirilməsini, həmçinin belə həllərin milli rəqəmsal infrastrukturumuzda tətbiqini araşdırmaq üçün çərçivə yaradır.

Tərəflər, həmçinin yerli potensialın gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, müvafiq bacarıqların inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Məqsəd süni intellekt həllərinin Azərbaycanın uzunmüddətli milli rəqəmsal inkişaf hədəflərinə töhfəsini təmin etməkdir.

Əməkdaşlığın növbəti mərhələləri üzrə yol xəritəsi hazırlanacaq. Buraya pilot layihələr, texniki nümayişlər və maraqlı tərəflərlə əməkdaşlıq daxildir. Bu fəaliyyət uğurlu həllərin gələcəkdə daha geniş miqyasda tətbiqi üçün zəmin yaradacaq. Bütün əməkdaşlıq qabaqcıl təhlükəsizlik tədbirləri və müasir məlumatların mühafizəsi protokollarına uyğun olaraq həyata keçiriləcək. Hər bir konkret layihə tərəflər arasında ayrıca razılaşma əsasında reallaşdırılacaq.

Memorandum "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nın, "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın, həmçinin Nazirliyin müasir, vətəndaşyönümlü və məlumatlara əsaslanan dövlət sektorunun formalaşdırılması istiqamətindəki fəaliyyətinin məqsədlərinə uyğundur.