XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dünyanı yenidən rəngli görmək üçün nə etmək lazımdır? (ARAŞDIRMA)
Dünya14:21 04.10.2026

Dünyanı yenidən rəngli görmək üçün nə etmək lazımdır? (ARAŞDIRMA)

Gündəlik həyatda diqqət etmədiyimiz bir çox detal əslində ətrafımızdakı dünyanı daha fərqli qavramağımıza kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, “Psychology Today”də yayımlanan məqalədə bildirilir ki, insan beyni gündəlik həyatı asanlaşdırmaq üçün ətrafındakı məlumatları sürətlə kateqoriyalara ayırır. Lakin bu vərdiş zaman keçdikcə dünyanı daha məhdud və rəngsiz qavramağımıza səbəb ola bilər.

Məqalədə qeyd olunur ki, insanın hissləri ətraf mühitdəki bütün məlumatları qəbul etməyə imkan vermir. Məsələn, arı çiçəklərdə insanların görə bilmədiyi naxışları görə, it qoxu vasitəsilə küçənin “keçmişini” izləyə, quş isə Yerin maqnit sahəsini hiss edə bilir.

Bununla belə, insanın qavrama imkanlarının gündəlik vərdişlərimizin düşündüyümüz qədər məhdud olmadığı vurğulanır.

Məqalədə 2021-ci ildə aparılmış araşdırmaya da istinad edilir. Bildirilir ki, görmə qabiliyyəti zəif və sağlam insanlar 10 həftə ərzində səs çıxarıb onun əks-sədasını dinləməklə ətrafda istiqamət tapmağa çalışıblar. Hər iki qrupda bu bacarığın inkişaf etdiyi müəyyənləşdirilib. Görmə qabiliyyəti olmayan 12 iştirakçının hamısı üç ay sonra daha müstəqil olduqlarını və özlərini daha yaxşı hiss etdiklərini bildiriblər.

Müəllif bunun insan beyninin və qavrayış sisteminin istifadə olunmayan imkanlarının ola biləcəyini göstərdiyini qeyd edir.

Diqqət dünyanı necə dəyişir?

Məqaləyə görə, insan gündəlik həyatda qarşısına çıxan əşyaları və hadisələri çox vaxt ilk baxışdan tanıyır və onlar üzərində dayanmaq ehtiyacı hiss etmir. Üz, təhlükə, qapı və ya yol nişanı kimi obyektləri sürətlə tanımaq həyatımızı asanlaşdırır.

Lakin bu “qısa yollar” ətrafımızdakı detalları görməməyimizə də səbəb ola bilər.

Müəllif bunu dəyişdirmək üçün adi əşyalara yenidən diqqətlə baxmağı təklif edir. Məsələn, hər gün istifadə edilən fincanın üzərində işığın harada əks olunduğuna, alt hissəsində istehsalçının nişanının olub-olmamasına diqqət yetirmək və ya illərdir yanından keçilən divardakı çatın formasına baxmaq insanın qavrayışını dəyişə bilər.

Məqalədə bu yanaşma “qavrayış savadlılığı” kimi təqdim edilir. Yəni məqsəd yalnız daha çox şey görmək deyil, gördüklərimizi daha düzgün oxumağı da öyrənməkdir.

Uşaqların dünyanı fərqli görməsinin səbəbi

Müəllif uşaqların nümunəsinə də diqqət çəkir. Bildirilir ki, uşaqlar hələ böyüklər kimi ətrafdakı hər şeyi sürətlə kateqoriyalara ayırmadıqları üçün adi bir gölməçə, qarışqa və ya kölgə onların bütün diqqətini cəlb edə bilər.

Bu xüsusiyyətin yaş artdıqca tamamilə itməsi məcburi deyil. Təcrübə ilə insan gündəlik həyatın içində həmin diqqəti yenidən inkişaf etdirə bilər.

Məqalədə vurğulanır ki, dünyaya daha diqqətli baxmaq yalnız xoş və gözəl məqamları görmək demək deyil. Bu yanaşma insanı kədər, qorxu və ədalətsizlik kimi ağrılı reallıqları da daha aydın görməyə vadar edə bilər.

Müəllifə görə, insan hər an heyranlıq içində yaşaya bilməz. Lakin gündəlik həyatın içində kiçik detallara diqqət yetirmək belə ətrafımızdakı dünyanı daha dolğun qavramağa kömək edə bilər.

Məqalənin əsas fikri ondan ibarətdir ki, dünyanı dəyişdirməkdən əvvəl ona baxışımızı dəyişmək mümkündür. Diqqət və fərqləndirmə bacarığı inkişaf etdikcə əvvəllər adi görünən hadisələr yenidən maraqlı və mənalı görünə bilər.

Günay