XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu qəsəbədə cəmi bir nəfər yaşayır: Həm mer, həm də seçicidir
Dünya22:39 04.10.2026

Bu qəsəbədə cəmi bir nəfər yaşayır: Həm mer, həm də seçicidir

ABŞ-ın Nebraska ştatında, əhalinin seyrək məskunlaşdığı ərazidə yerləşən Monovi qəsəbəsinin cəmi bir sakini var.

Qaynarinfo xəbər verir ki, bu barədə “Femina” yazıb.

Nəşrin qeyd etdiyi kimi, illər ərzində sakinlərin tədricən daha canlı küçələri və evləri tərk etdiyi belə kənd və ucqar yaşayış məntəqələri haqqında tez-tez məlumat yayılır. Lakin ABŞ-da yerləşən Monovi hətta bu cür yaşayış məntəqələri arasında da fərqlənir. Burada yalnız bir sakin qalıb və o, demək olar ki, təkbaşına qəsəbənin fəaliyyətini davam etdirir.

Məlumata görə, Monovinin əhalisi 1930-cu illərdə ən yüksək həddə çatıb. Həmin dövrdə qəsəbədə təxminən 130 nəfər yaşayıb. Daha sonra gənclər iş imkanlarının və həyat şəraitinin daha geniş olduğu böyük şəhərlərə köçməyə başlayıblar. 2000-ci ilə qədər Monovidə cəmi iki sakin — Rudi və Elsie Eyler qalmışdı.

Rudinin 2004-cü ildə vəfat etməsindən sonra Elsie yaşayış məntəqəsinin yeganə sakininə çevrilib. Onun həyatı bundan sonra olduqca qeyri-adi xarakter alıb. Qəsəbənin yeganə yerli sakini və eyni zamanda meri olan Elsie hər il küçələrdəki dörd işıq dirəyinin fəaliyyətini maliyyələşdirmək üçün özündən vergi tutur.

O, eyni zamanda yeganə seçici olduğundan özünü mer seçir və spirtli içkilərin istehsalı üçün özünə icazə verir.

Elsie həmçinin Monovidə bu günə qədər fəaliyyət göstərən yeganə mağazaya rəhbərlik edir. “Monowi Tavern” adlanan müəssisənin əsas müştəriləri ətraf qəsəbələrin sakinləri və Monovidən keçən avtomagistral sürücüləridir.

Nəşr yekun olaraq qeyd edir ki, icma boşalsa belə, həyat tamamilə dayanmayır. Bununla belə, əhalinin davamlı azalması kiçik yaşayış məntəqələrini həssas vəziyyətə sala bilər. Monovi kimi yerlərdə isə qalan sakinlər icmanın xatirələrini və gündəlik həyatını qoruyub saxlamağa çalışırlar.

Aydın