XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır
Dünya23:59 04.10.2026

Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır

İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır.

Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasının hazırladığı “Planetar Sağlamlıq Yoxlaması 2026” hesabatı planetin tarazlığını müəyyən edən doqquz əsas sərhəddən yeddisinin artıq təhlükəsiz həddi aşdığını ortaya qoyub. 60-dan çox alimin töhfə verdiyi araşdırmada ümumi vəziyyətin pisləşməkdə davam etdiyi də vurğulanıb.

Araşdırmanın baş redaktoru və Potsdam İnstitutunun tədqiqatçısı Niklas Kitzmann bu qiymətləndirməni Yer kürəsində aparılan hərtərəfli qan analizinə bənzədir. Nəticələr bəzi sistemlərdə risklərin artmasından əlavə, təcili müdaxilə tələb edən vəziyyətin yarandığını göstərir.

Yeddi sərhəd təhlükəsiz zonadan kənardadır

Ən yüksək risk kateqoriyasına iqlim dəyişikliyi, biomüxtəlifliyin bütövlüyünün pozulması, biogeokimyəvi dövrlərdəki dəyişikliklər və ətraf mühitə yeni birləşmələrin buraxılması daxildir. Bu dörd istiqamət artıq təhlükəli zonaya keçib.

Okeanların turşulaşması, şirin sudan istifadə və quru sistemlərində baş verən dəyişikliklər də təhlükəsiz həddi keçib. Bununla belə, onlar artan risk kateqoriyasında qiymətləndirilir.

Doqquz planetar sərhəddən yalnız stratosferdəki ozon təbəqəsinin nazilməsi və atmosfer aerozollarının yüklənməsi qlobal miqyasda təhlükəsiz zonada qalmaqda davam edir.

Tədqiqatçıların xüsusi diqqət yetirdiyi ərazilərdən biri Amazon tropik meşələridir. Ekosistemin kritik dönüş nöqtəsinə yaxınlaşdığı bildirilir. Okean dibləri də dib trolu ilə balıqçılıq və dərin dəniz mədənçiliyinin yaratdığı təzyiqlə üzləşir.

İqlim dəyişikliyinin gücləndirdiyi ekstremal hava hadisələri və süni kimyəvi maddələr də əsas təhlükələr arasında göstərilir.

Ortaya çıxan mənzərə ciddi olsa da, geri dönüş ehtimalı tamamilə aradan qalxmayıb. Alimlər vurğulayırlar ki, qarşıdakı bir neçə il ərzində emissiyaların və təbiətin məhv edilməsinin azaldılması halında Yerin həyat təmin edən sistemlərinin yenidən bərpa olunmaq şansı qalır.

Aydın