Parkomat olsa da, köşk qoyuldu: Hamıdan 1 manat tələb olunur (VİDEO)
Parkomat olan ərazidə ödənişli parkinq köşkü qoyulub və bu köşkdə parkinqə görə saxlama müddətindən asılı olmayacaq 1 manat tələb olunur.
"Qaynarinfo" Xəzərxəbər-ə istinadən xəbər verir ki, Bakının Atatürk prospektində yerləşən parkın bir hissəsi dayanacaq üçün ayrılıb. Dayanacağın ödənişli olması barədə lövhə yerləşdirilib və əraziyə müvəqqəti durma üçün nəzərdə tutulan parkomat da quraşdırılıb. Məsələ burasındadır ki, ərazidə parkomat ola-ola ödəmə köşkü də qoyulub. Özü də köşkün üzərinə girişin 1 manat olduğu yazılıb.
Məlumdur ki, parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Köşkün qoyulması bura pul ödənilməsinin qarşısını alır. Bəs qanuni parkomatın yanına qeyri-qanuni parkinq köşkünü kim quraşdırıb?
Nəzarətçilər bunun sürücülərin xeyrinə olduğunu iddia edirlər. Səhərdən-axşama qədər avtomobilini park edən şəxsləri artıq xərcdən azad etdiklərini deyirlər. Lakin iş burasındadır ki, 10 dəqiqəlik maşını saxlayanlar da məcbur olub 1 manat ödəyirlər.
Halbuki bu dayanacaqdan yarım saat ərzində pulsuz istifadə olunmalıdır. Çünki parkomatda xidməthaqqı yarım saatdan sonra hesablanır. Parklanmadan sonra 30 dəqiqə 10 qəpik, 1 saat 50 qəpik, 2 saat isə 1 manatdan hesablanır. Amma köşkün üzərinə yazılan 1 manat sözü sürücüləri çaş-baş salır.
Sürücülər dayanacaqda parkomatla köşkün yanaşı dayanmasını məntiqsiz hesab edirlər. Onlar bunu qanunazidd hesab edirlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər