Şirkət direktorunun məhkəməsi başa çatıb. Ona ağır cəza kəsilib.
"Qaynarinfo" musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "AENT-E" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Əkbər Cəfərov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ə.Cəfərov qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Qaynarinfo.Az
Şərhlər