"2018-ci il bəzi sektorlarda canlanmanın olacağı gözlənilsə də, bəzilərində, xüsusilə də bank sektorunda problemlərin qalacağı proqnozlaşdırılır”.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O, Azərbaycan iqtisadiyyatının 2018-ci il üçün müxtəlif sektorlar üzrə proqnozlarını bölüşüb:
"2018-ci ildə həm Azərbaycan hökuməti, həm də beynəlxalq maliyyə qurumları, o cümlədən Beynlxalq Valyuta Fondu, Dünya Bankı Azərbaycan iqtisadiyyatında artım olacağını proqnozlaşdırırlar. Artımın orta hesabla 1,5 faiz olacağı gözlənilir. Bu, birbaşa onunla bağlıdır ki, 2017-ci ildə iqtisadiyyat stabil olub və bu stabillik 2018-ci ildə artım üçün də imkan yaradır. Həmçinin 2018-ci il üçün vacib məqamlardan biri Azərbaycanın mavi qazını TANAP layihəsi ilə nəql etmək niyyətində olmasıdır ki, bu, əlavə olaraq 6 milyard kub metr qazın Türkiyə bazarlarına ixrac edilməsi deməkdir. Təbii ki, bu da ölkəyə daxil olan vəsaitin həcminin artmasına və ÜDM-də artımlara gətirib çıxara bilər.
Gələn il daha çox canlanmanın müşahidə olunacağı sektor güman olunur ki, inşaat sektoru olacaq. Bir tərəfdən tikinti üçün büdcədən ayrılan vəsaitlərin həcmi artırılıb ki, nəticədə bu, tikinti sahəsinə daha çox sərmayənin cəlb olunmasına imkan verəcək, digər tərəfdən isə Mərkəzi Bank manatın məzənnəsindəki bu stabilliyi qoruyub saxlaya biləcəksə, o zaman daşınmaz əmlak bazarında da canlanmanın yaranması müşahidə ediləcək. Güman edirik ki, 2018-ci ilin birinci yarısında daşınmaz əmlak bazarında durğunluq davam edəcək, amma ikinci yarısında canlanma müşahidə edilə bilər.
Aqrar sahə güman olunur ki, mövcud artım tempini qoruyub saxlayacaq. Bu sahədə təxminən 3 faiz ətrafında artımın olacağı gözlənilir. Ölkənin ixracatında, xüsusilə Rusiya ilə çətinliklər olmasa, bu, tərəvəz və meyvə istehsalının daha çox artmasına gətirib çıxara bilər.
Ənənəvi problemlərin olduğu sektorlardan biri bank sektorudur. Bu sahədəki problemlərin 2018-ci ildə də aradan qaldırılacağı gözlənilmir. Çünki problemli kreditlərin həcmi artır, kredit və əmanət portfeli isə azalır. Bildiyiniz kimi 2016-cı ildə 11 bankın müflis olması ilə bağlı qərar qəbul edilmişdi. Baxmayaraq ki, 2017-ci ildə müflis olan bank yoxdur, amma bu sektor bu il də öz problemlərini həll edə bilmədi. Bu ilin ötən dövrünə diqqət yetirsək, görərik ki, bank sektoru 2017-ci ilə 16 milyard 705 milyon manatlıq kredit portfeli ilə başlamışdısa, artıq bu rəqəm 12 milyard 152 milyon manata qədər azalıb və praktiki olaraq hər ötən ay bu rəqəmlərin azalmağa doğru getdiyi müşahidə edilib. Bu, bank sektoru üçün kifayət qədər böyük rəqəmdir. Həmçinin, probremli kreditlərin də miqdarı artıb. Əgər kommersiya bankları 2017-ci ilə 1 milyard 633 milyon manatlıq probremli kreditlə başlamışdılarsa, bu rəqəm artıq 1 milyard 889 milyon manata qədər yüksəlib. Bu isə təbii ki, bankların ötən il ərzində neqativ istiqamətdə inkişaf etdiyindən xəbər verir.
Eləcə də problem depozitlərin qoyulmasına da öz təsirini göstərib. Əgər banklar ilə 7 milyard 747 milyon manat depozit portfeli ilə başlamışdılarsa, hazırda bu rəqəm azalaraq 7 milyard 280 milyon manat olub. Bütün bunları nəzərə alsaq, 2018-ci ildə bu sahədə hansısa canlanmanın müşahidə edilməsi gözlənilmir.
Neftin qiymətinib artması, yaxud azalması bağlı proqnozlar vermək çətindir. Neft bəlkə də dünyada yeganə əmtəələrdəndir ki, beynəlxalq qurumlar mütəmadi olaraq, bəzən hətta ayda bir neçə dəfə öz proqnozlarına düzəliş edirlər. Mövcud OPEK və qeyri-OPEK ölkələrin anlaşması məhz bu intervalda neftin qiymətinin qorunub saxlanılmasına imkan verir, lakin xüsusi olaraq qeyd etmək lazımdır ki, 2018-ci ildə baş verə biləcək hər hansısa bir gözlənilməz siyasi faktor neftin qiymətini kəskin şəkildə azalda da bilər, müəyyən qədər artıra da. Siyasi müdaxilə və faktorlar olmasa, güman olunur ki, neftin qiyməti 50-60 dollar arasında dəyişəcək. Bu da normal haldır, çünki Azərbaycanın 2018-ci il üçün büdcəsində neftin qiyməti 45 dollar olaraq göstərilib. Bütövlükdə büdcədə neftin göstərilən qiymətini və dünyanın neft bazarındakı mövcud tendensiyanı nəzərə alsaq, təbii ki, 2018-ci il bu kontekstdən nikbin qiymətləndirilə bilər. Bütün hallarda Azərbaycan neft ölkəsidir və neftin real qiymətinin necə olacağı çox önəmlidir. Bu səbəbdən də 2018-ci ildə də iqtisadiyyatımızdakı vəziyyət neftin bazar qiymətindən asılı olacaq".
Şərhlər