Azərbaycanda yanvarın 24-də gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Şərhlər