Kunq-Fu idman növü üzrə Azərbaycana saysız medallar qazandıran 18 yaşlı ikiqat dünya çempionumuz Ruzi VəliyevTürkiyə millisində çıxış etmək istəyir.
O, bu barədə Türkiyədə təlim-məşq zamanı yerli mediaya bildirib. Vəliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək bu ölkənin millisində çıxış etmək arzusunda olduğunu bildirib.
3 yaşından bu idman növü ilə məşğul olan R.Vəliyev 8 dəfə beynəlxalq yarışların qalibi olub. 2013-2016-cı illərdə o, Çinin paytaxtı Pekində keçirilən yarışlarda 4 qızıl medal qazanaraq, 2 dəfə dünya çempionu olub.
İdmançının məşqçisi isə atası Zahid Vəliyevdi.
"Mən Azərbaycanda 27 il məşqçi kimi çalışmışam. Oğlum burada Bülent Ecevit Universitetinə daxil olub. Onun üçün burdayıq. Mən onun həm atası, həm də məşqçisiyəm. Ailəmizdə idmana böyük maraq var. Oğlum Türkiyə millisi adından çıxış etmək istəyir. Beynəlxalq yarışlara qatılıb. Çoxlu sayda medalları var. Biz istəyirik ki, bir gənc olaraq ona yardım edək. Prezident Ərdoğana böyük hörmətimiz var. Oğlum Ruzi onu çox sevir. Türkiyəyə xidmət etməyə hər zaman hazırıq. Hazırda mənim də sənədlərim hazırlanır. Mən də burada uşaqlara, gənclərə kömək etmək istəyirəm", - deyə Z.Vəliyev bildirib.
Ruzi Vəliyev də Türkiyə adına yarışlara qatılmaq istədiyini bildirib: "İki dəfə dünya çempionu olmuşam. 8 qat Azərbaycan çempionuyam. Türkiyədə türk xalqına xidmət etmək istəyirəm. Biz də türkük. Bir millət, iki dövlətik. Rəcəb Tayyib Ərdoğanın siyasətini çox bəyənirik. O, çox yaxşı bir insandı. yaxşı prezident, yaxşı liderdi. Türkiyə millisində olmaq, Türkiyə bayrağını yüksəklərdə dalğalandırmaq istəyirəm". (azxeber.com)
Şərhlər