Günorta yuxusunun faydalarına çoxumuz inanırıq, amma əvvəllər bəzi araşdırmalarda bildirilirdi ki, günorta mürgüləmək vərdişiylə ciddi ürək-damar xəstəlikləri və hətta ikinci tip şəkər xəstəliyi arasında əlaqə ola bilər.
İsveçrənin Lozanna şəhərindəki universitet hospitalının alimləri bu məsələyə aydınlıq gətirmək məqsədilə günorta yuxusunun sağlamlığa təsirini öyrənmək qərarına gəliblər.
Beş ildən çox davam edən araşdırmaya daha əvvəl ürək-damar sistemində heç bir ciddi problemi olmayan 3,5 min isveçrəli cəlb edilib.
Onlardan bəzilərində həftədə iki dəfədən az olmayaraq günortalar yatmaq vərdişi olub, bəziləri bütün həftə boyu günortalar yatıb, digərləri isə bunu heç vaxt etməyib.
Araşdırma zamanı iştirakçıların ürək və damarlarının fəaliyyətində müxtəlif dərəcəli 155 nasazlıq faktı qeydə alınıb, həftə ərzində cəmi bir-iki dəfə günorta yatanlar qrupunda ağırlaşma riskinin ən az olduğu üzə çıxıb: hətta siqaret çəkmək kimi zərərli vərdişlər nəzərə alınmaqla da bu riskin 48% azaldığı məlum olub.
Maraqlıdır ki, mütəmadi olaraq həftədə 5-6 gün günorta yatanlar qrupunda risk göstəricilərində kəskin fərq olmayıb, bəzi hallarda isə, əksinə, artıb.
Araşdırma müəllifləri hesab edirlər ki, öz-özlüyündə yüksək yuxu göstəricisi orqanizmin işindəki qəza hallarının nəticəsi ola bilər, ona görə də bu qrupun müəyyən hissəsi daha əvvəl də yüksək risk zonasında olub, hərçənd insanlar özləri bunu bilməyiblər.
Araşdırma daha bir qayda pozuntusunu aşkara çıxarıb: günorta yuxusu rejimi 65 yaşdan yuxarı şəxslərin səhhətinə təsir etmir. Alimlər bunu həmin yaş qrupundakı şəxslərin ümumi sağlamlıq səviyyəsiylə, o cümlədən, daha gənc respondentlərlə müqayisədə onlarda daha çox xəstəlik olmasıyla izah edirlər.
Günorta yuxusunun tezliyinə fokuslanan İsveçrə alimləri bu faktın eksperiment iştirakçılarının səhhətinə uzunmüddətli təsirini öyrənmək məqsədi güdməyiblər. Onlar bunu sonrakı araşdırmalarda aydınlaşdıracaqlarını bildiriblər.
Sözügedən eksperiment çərçivəsində iştirakçılar günortalar 5-60 dəqiqə arası yatıblar. Onların bir çoxu etiraf edir ki, 20 dəqiqəlik günorta yuxusu enerji yenilənməsinə kifayət edir.
Araşdırmanın nəticələri daha əvvəl dərc edilmiş işlərlə ziddiyyət təşkil edir. O işlərin müəllifləri yuxudan ayılma anında arterial təzyiqin artması faktına diqqət çəkərək bunun ürək fəaliyyətində ciddi problemlər yarada biləcəyini vurğulayıblar. Amma İsveçrə alimləri belə bir qanunauyğunluq aşkar etməyiblər.
Hələ ki alimlər günorta yuxusunun orqanizmə müsbət təsir mexanizmini detallı olaraq izah edə bilmirlər. Böyük ehtimal, günortalar yatmaq stres yükünü atmağa, işə ara verilməsi sayəsində emosional fonu yaxşılaşdırmağa və norması dolmamış gecə yuxusu saatlarının kompensasiyasına kömək edir. (BBC Azərbaycan)
Şərhlər