"Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiqlənib.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.
Sözügedən sənəd hakimlərin, o cümlədən məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin fəaliyyətinin təşkili ilə bağlı işinin qiymətləndirilməsi qaydalarını və metodologiyasını müəyyənləşdirir.
Qaydalarda yazılıb ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin, sədrlərin fəaliyyəti beş ildə bir dəfədən az olmayaraq qiymətləndirilir.
Məhkəmə-Hüquq Şurasının bu fəaliyyətinin qiymətləndirilməsi üçün müəyyən olunmuş üzvü həmin hakimin fəaliyyətinin qiymətləndirilməsinə dair daxil olmuş rəyləri, məlumatları öyrənir və onun barəsində yekun rəy hazırlayır.
Qiymətləndirmə materialları Məhkəmə-Hüquq Şurasının iclasında baxılmasına ən geci üç gün qalmış Şura üzvlərinə təqdim edilir.
Hakimin fəaliyyətinin qiymətləndirilməsi üzrə Məhkəmə-Hüquq Şurasının qərarından "Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 18-ci maddəsinə müvafiq olaraq, şikayət verilə bilər.
Şərhlər