Foto 10:38 21.11.2020

Ağdamın məşhur "Çay evi"nin memarı Naiq Səmədovla – Söhbət

Qaynarinfo Ağdamın dillər əzbəri olan məşhur "Çay evi" layihəsinin baş memarı Naiq Səmədovla müsahibəni təqdim edir:


- Naiq bəy, gözünüz aydın, Ağdam işğaldan azad olundu...

 

- Təşəkkür edirəm, hə. Bütün Azərbaycan xalqının gözü aydın olsun. Axır ki, bu həsrət bitdi. Qayıda biləcəyik öz torpaqlarımıza. Neçə illərdir ki, bunun həsrətini çəkirik...

 

- Naiq bəy, sizi Ağdamdakı məşhur çayxananın memarı kimi tanıyırıq. Oranı da siz inşa etmisiniz.

 

- Bəli, mən inşa eləmişəm. Əslində, çox maraqlı tikililərin memarı olmuşam Qarabağ ərazisində. Amma necə deyərlər, "pasport" həmin o çay evi idi.

 

- Necə oldu, qərar necə verildi?

 

- Çayxananın ideyası Xudu Məmmədovundur. Mən sadəcə inşa eləmişəm. Xudu Məmmədovun əlində bir təqvim var idi. Jurnala oxşayırdı həm də. Həmin təqvimdə də şəkillər var idi, mənzərə şəkilləri, bina şəkilləri. Deyəsən, Çinə aid bir şey idi. Onlardan biri də mənim inşa etdiyim çayxanaya bənzəyirdi. Xudu Məmmədov da oradan təsirlənmişdi və işə başlamışdıq. Əsas səbəb isə həmin dövr "alkoqolsuz həyat" kampaniyasına start verilmişdi. Sərxoşluğu aradan qaldırmaq üçün. Çayxana açılanda da bunun o səbəblə açıldığı deyilirdi. Layihə kimi yəni.

 

- Nə qədər vaxta hazır oldu?

 

- Hardasa, 6-7 aya təhvil verdim. Oranın tikilməsində dəmir konstruksiyalardan istifadə edirdik. Yəni, görünən bina hamısı hörgü deyildi. Ancaq birinci mərtəbəsi elə idi. Bəzi işləri məhbuslar var görürdü. O da tikinti xərclərini azaltmaq üçün. Çünki bu çayxana dövlət xətti ilə yox, şəxsi büdcə hesabına tikilirdi. Tikilinin ortasında iri boru qalxırdı. Hər tərəfdən isə kiçik borular konstruksiyalarla bir-birinə birləşirdi. Mərtəbələr arasında da arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Hər mərtəbədə isə dörd qapı nəzərdə tutulmuşdu, hazırlanmışdı. Yuxarı mərtəbələrə məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxmaq olardı.

 

- Tez bir zamanda inşa olunub, amma yəqin ki, asan olmayıb. Tarixi bir çayxanaya dönmüş məkan yəqin ki, böyük əziyyət də tələb edərdi.

 

- Əlbəttə, asan deyildi. Adicə oranın başa çatmasında yüz tona yaxın metal konstruksiyadan istifadə edilmişdi. İndi özünüz də düşünün nə qədər çətin olduğunu...1986-cı ilin iyulun 26-da açılış oldu. Tam hazır idi. Buranın hazır olma xəbəri "Lenin yolu" qəzetində dərc olunmuş, haqqında yazı da getmişdi.

 

- Onda inşallah növbəti təmirdən çıxmış xəbəri də bizim saytda gedər, "Qaynarinfo.az”da (gülür).

 

- İnşallah. Təki sağlıqla qayıdaq, hər şey yaxşı olacaq. Daha gözəl yerlər tikəcəyik.

 

- Naiq bəy, növbəti təmir demişkən, necə düşünürsünüz, artıq ora qayıdanda yenidən oranın memarı olacaqsınızmı? Ümumiyyətlə, oranın indiki halının şəklini görəndə nə hisslər keçirdiniz?

 

- Necə olacam?! Çox pis! Ürəyim ağrıdı. Gör, nə günə qoyublar. İnsan deyillər onlar. Amma bütün hallarda ürəyimi sərinlədən odur ki, artıq Ağdam bizdədir və mənim üçün imkan yaranıb ki, o işi yenidən başa çatdırım. Bəli, istəyərəm və inşallah olacaq da. İcra başçısı ilə danışdıq hətta. Dostumdur. Elə bu barədə də. Dəvət etsələr, böyük məmnuniyyətlə yenidən oranın inşasına başlayar, əvvəlki kimi gözəl bir mənzərə çıxardaram ortaya...

 

- Tikinti zamanı yadınızda qalan maraqlı hadisələrdən nəyisə xatırlayırsınızmı?

 

- Hə, ikinci mərtəbədən yıxılmışdım. (Gülür)

 

- Naiq bəy, özünüz o kafedə oturanda heç içinizdə deyirdinizmi ki, gör, nə gözəl yaratmışam e. Bəh-bəh.

 

- (Gülür) Əslində, çayxanaya çox getmirdim. Ara-sıra. Amma orada oturanda, hə. Özünün inşa elətdirdiyin yerdə oturmaq, istifadə eləmək hissi bir az başqadır. Olurdu məndə. Fərəhlənirdim. (Gülür) Həm də elə bil, oranın xüsusi bir sehri var idi. Nə qədər dəyərli, sehrli olmağını da işğalda olanda hiss elədik.

 

- Naiq bəy, müsahibə üçün təşəkkür edirəm, gözünüz bir daha aydın olsun. Ümid edirik ki, yaxın zamanlarda, məhz sizin yenidən memarı olduğunuz həmin çayxanada bir reportaj hazırlayacam.

 

- Çox sağ olun, mən təşəkkür edirəm. Ümid edirəm, elə də olacaq. Sağlıq olsun.


Orxan Saffari