Müasir dövrdə dron-kəsici müharibənin ən vacib silahlarından birinə çevrilsə də, onların bəzi məhdudiyyətləri hava hücumundan müdafiə sistemlərini tam əvəzləməyə imkan vermir.
Qaynarinfo xəbər verir kiə, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Rusiya artıq altı dəfə Ukraynaya qarşı buraxdığı PUA-ların sayına görə rekord müəyyənləşdirib. Ukraynalı məmurlardan birinin sözlərinə görə, yaxın zamanda Rusiyanın bir gündə 1.000 dron buraxması ehtimalı istisna deyil. Həmin məmur qeyd edib ki, klassik hava hücumundan müdafiə sistemləri uzunmüddətli həll yolu üçün həddindən artıq bahalıdır, elektron qarşı tədbirlər isə tam müdafiəni təmin etməkdə yetərli deyil.
Məhz bu səbəbdən Ukrayna tərəfi hesab edir ki, cavab vasitəsi kimi dron-kəsicilərdən istifadə edilməlidir.
Dron-kəsici necə olmalıdır?
"The Telegraph" yazır ki, konkret dizayn fərqlərindən asılı olmayaraq, bütün dron-kəsicilər hədəfdən daha sürətli və bu səbəbdən də çox zaman daha bahalı olur. Onların çəkisi az olmalıdır ki, sürət və məsafə maksimal dərəcədə təmin edilsin.
Partlayıcı başlıq zərərvermə gücünü artırsa da, çəkini artırır. Bu səbəbdən bəzi modellər sadəcə havada toqquşma məqsədilə dizayn olunmuş "uçan taran" funksiyası daşıyır. Əgər bir PUA-dan bir neçə hədəfi vurmaq tələb olunursa, o zaman onun daha davamlı və möhkəm olması vacibdir.
Ən əsası isə – bu dronlardan çox sayda olmalı və onları idarə edəcək kifayət qədər operator yetişdirilməlidir. Ukrayna müharibəsi bunu açıq şəkildə göstərdi.
"Hər "Şahed" üçün ən azı bir dron-kəsici lazımdır"
ABŞ ordusunun keçmiş kəşfiyyat analitiki Marsel Plixa bildirib ki, hər "Şahed" üçün ən azı bir dron-kəsici tələb olunur. Lakin bu da kifayət etmir:
"Bu qüvvə Ukraynanın hücuma məruz qalan müxtəlif bölgələrinə – adətən Kiyev, Odessa və mərkəzi şəhərlər – bərabər şəkildə paylanmalıdır. Həm də nəzərə alınmalıdır ki, ruslar çox rahat şəkildə dronların marşrutunu dəyişə bilir".
Ən yaxşı müdafiə – öz sürü sistemindir
Mütəxəssislər qeyd edir ki, bu logistik çətinliklər aradan qaldırılsa belə, dron-kəsicilər bəzi texniki məhdudiyyətlərə malikdir və ümumi hava hücumundan müdafiə sistemini tam əvəz edə bilməz.
Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat "The Telegraph"a bildirib ki, bu dronlardan artıq istifadə edilir və onların tətbiqi genişləndirilir:
"Lakin onlar hər şeyi əvəz edə bilməz. Dronlara qarşı hava müdafiəsi mürəkkəb və çoxsəviyyəli sistem tələb edir".
İqnat əlavə edib ki, dron-kəsicilərin fəaliyyət radiusu böyük deyil – cəmi bir neçə on kilometrlə məhdudlaşır:
"Onlar yalnız lokal səviyyədə istifadə olunur. Həm də pis hava şəraitində, dumanlı və yağışlı havalarda hər zaman effektiv uçuş həyata keçirə bilmirlər".
Buna görə də Ukraynanın MiQ-29 və F-16 qırıcıları hava müdafiəsində hələ də əvəzolunmaz rol oynayır. Klassik hava hücumundan müdafiə sistemləri istifadə olunmağa davam edir, eləcə də yük maşınlarına quraşdırılmış aztexnoloji pulemyot qurğuları bu gün də bütün dron müdaxilələrinin təxminən yarısını təşkil edir.
Aydın
Şərhlər