Yaponiyanın baş naziri Sanae Takaiçinin Tayvanla bağlı şərhləri ilə başlayan Çinlə diplomatik münaqişə Yaponiya üçün baha başa gələ bilər.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Nomura Tədqiqat İnstitutunun hesablamalarına görə, təkcə Çinli turistlərin boykot etməsi Yaponiya iqtisadiyyatına ildə 2,2 trilyon yen (14,2 milyard dollar) başa gələcək.
7 noyabrda Sanae Takaiçi parlamentdə Tayvan böhranının Yaponiya üçün "mövcudluq təhlükəsi" yarada biləcəyini və belə bir təhlükənin Tokionu özünümüdafiə hüququndan istifadə etməyə məcbur edə biləcəyini bildirib. Bu fikirlər Pekində son dərəcə mənfi reaksiyaya səbəb olub. Çin dövlətə məxsus aviaşirkətlər Çin hakimiyyəti vətəndaşlarını dost olmayan ölkəyə səyahət etməmək barədə xəbərdar etdikdən sonra müştərilərə Yaponiyaya uçuşlarda pulsuz ləğv təklif ediblər.
Ümumdünya Səyahət və Turizm Şurasının məlumatına görə, turizm Yaponiyanın ÜDM-nin təxminən 7%-ni təşkil edir və son illərdə artımın əsas hərəkətverici qüvvəsi olub. Rəsmi məlumatlar göstərir ki, Çin materikindən və Honkonqdan olan turistlər ölkəyə gələn bütün turistlərin təxminən beşdə birini təşkil edir. Tokioda yerləşən və Çinli turistlər üçün turlar üzrə ixtisaslaşmış kiçik bir şirkət olan "East Japan International Travel Service", ilin qalan hissəsi üçün sifarişlərinin 80%-ni itirdiyini bildirib.
Həmçinin bu gün Çinin Yaponiyadan dəniz məhsulları idxalına qoyulan qadağanı bərpa edəcəyi açıqlanıb. 2023-cü ilin avqust ayından bəri qüvvədə olan və xanım Takaiçinin Tayvanla bağlı açıqlamasından bir gün əvvəl bərpa edilən bu qadağa qüvvəyə minib.
Aydın
Şərhlər