Bu gün Azərbaycanın dahi bəstəkarlarından biri olan Asəf Zeynallının doğum günüdür.
Qaynarinfo xatırladır ki, Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə kasıb bağban ailəsində dünyaya göz açıb. Ailədə üçüncü övlad və sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirir. Ailənin bütün ağırlığı ananın üzərinə düşür. O, işdən yorğun qayıtsa da, uşaqlarını başına yığar və qarmon çalardı. Beləliklə, musiqi Asəfin həyatına və ürəyinə daxil olurdu.
Asəfin 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyur. O, burada uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi. Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edir. O vaxtadək trubanı hərbi marş aləti hesab edənlər Asəfin "Rast” muğamı əsasında bəstələdiyi pyesdən vəcdə gəlirlər.
O, Azərbaycan musiqisi tarixinə ilk professional musiqi təhsili almış bəstəkarımız kimi düşüb. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovdan dərs alan, onun ilk tələbələrindən olan Asəf özündən sonra böyük mədəni irs qoyub. Tofiq Quliyev və Qara Qarayev kimi dahilər də bir müddət onun tələbələri olub.
Onun "Ölkəm”, "Sərhədçi”, "Çadra”, "Sual”, "Seyran” romansları milli vokal musiqimizin inciləridir. Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələyən Asəf "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyub.
O, Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində də böyük işlər görüb, "İbtidai not savadı” adlı dərslik tərtib edib.
İstedadlı bəstəkar "Sarı gəlin”, "Səndən mənə yar olmaz”, "O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun "Lay-lay", "Günlər" pyesi, "Çahargah”, "Durna”, "Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb. Gənc bəstəkarın "Fraqmentlər” süitası Azərbaycan musiqisində ilk simfonik əsərdir. "Bakı” simfoniyasının ərsəyə gəlməsinə isə vaxtsız ölüm mane olur.
Xalq mahnılarını toplamaq üçün Qarabağ ekspedisiyasında iştirak edən Asəf Zeynallı Şuşada Xan Şuşinski ilə tanış olur, onun oxuduğu "Alma almaya bənzər” mahnısını çox bəyənir. Ekspedisiyadan qayıdarkən yolda yatalaq xəstəliyinə tutulur.
Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də vəfat edib. Bakı musiqi kollecinə və paytaxt küçələrindən birinə onun adı verilib.
Cəmi 23 il yaşadı, amma ölümündən neçə 23 illər keçməsinə baxmayaraq hələ də sevilir, xatırlanır.
Çingiz Səfərli
Şərhlər