Ölkə 12:59 09.06.2021

30 min saxta əlillik statusu var, bəs neçə nəfər buna görə cəzalanıb? (ŞƏRH)

"Saxta əlilliyin verilməsi ilə bağlı prosesdə çox az sayda adam cəzalanıb. Hökumətin aidiyyatı üzrə siyasətini həyata keçirən qurumlarının korrupsiyalaşması nəticəsində yaranmış problemin cəzasını daha çox vətəndaşlar ödəyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov 30 min vətəndaşa saxta əlillik statusu verən qurumların cəzadankənar qalmasından danışarkən deyib. Ekspert əlilliyin müəyyən edilməsində əsasən iki dövlət qurumunun iştirakını önə çəkib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi. Nazirliklərin birgə əməkdaşlığı nəticəsində əvvəlki dövrlərdə təyinetmə prosesində çox ciddi rüşvət və korrupsiyalaşmanın yayılması nəticəsində saxtakarlıq halları çox olub. Amma təəssüf... Biz nəticələrə baxanda görürük ki, bunun cəzasını daha çox vətəndaşlar çəkir, onların pensiyaları ləvg edilir, yenidən qiymətləndirməyə cəlb olunurlar. Amma bu nöqsanlara yol verən şəxslərlə bağlı ciddi irəliləyiş yoxdur. Hətta proses günü bu gün də davam edir. Yəni, hansı formada? Əlilliyin müəyyən edilməsində forma 88 adlı blankın elektron formada səhiyyə müəssisəsi tərəfindən JEK-ə göndərilməsi ilə. Amma faktiki olaraq bu gün imtinaların böyük əksəriyyətində forma 88-in düzgün tərtib edilməməsi faktı əsaslandırır. Bu, hardasa bir ay çəkən prosesdir. Yenə təkrar proses və vətəndaşı çətinliyə salırlar, vaxt itkisi 6 aya kimi uzanır”.
 


Rəşad Həsənov hesab edir ki, qanunvericiliyin özündə bu kimi hallar dövlət orqanlarının özünün günahıdır:

"Blankın doldurulmasında vətəndaş bir başa iştirak etmir. Blank səhiyyə müəssisəsi və onun əməkdaşları tərəfindən doldurulur. Amma bunun səhv doldurulması ilə bağlı cəzanı vətəndaş çəkir, səhiyyə müəssisəsi heç bir məsuliyyət daşımır”.

Bahar Rüstəmli