İtaliya hökuməti Messina boğazı üzərindən Siciliyaya salınması planlaşdırılan körpünün müdafiə obyekti kimi təsnif edilməsini və bu şəkildə NATO üçün zəruri olan müdafiə xərcləri çərçivəsində təqdim olunmasını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri məlumat yayıb.
Messina boğazından keçəcək asma körpü dünyanın ən mübahisəli infrastruktur layihələrindən biri hesab olunur. Layihənin dəyəri təxminən 13,5 milyard avro təşkil edir. Siciliya ilə materik arasındakı körpü ideyası ilk dəfə faşist lider Benito Mussolini dövründə ortaya atılmış, sonradan isə keçmiş baş nazir Silvio Berluskoni tərəfindən yenidən gündəmə gətirilmişdi.
"Politico”nun İtaliya hökumətindəki mənbələrə istinadla verdiyi məlumata görə, hələlik körpünün rəsmi şəkildə müdafiə obyekti kimi tanınması ilə bağlı yekun qərar qəbul edilməyib.
Qeyd olunur ki, bu təşəbbüs NATO-nun müdafiə xərclərinin artırılması ilə bağlı çağırışlarının fonunda gündəmə gəlib. Haaqada keçirilən sammitin yekun sənədinə əsasən, NATO-ya üzv ölkələr yaxın beş ildə hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmağı planlaşdırır. Bu sənəddə Avropa ölkələrinin əsas məqsədləri arasında müdafiə imkanlarını gücləndirmək və təhlükəsizlik sahəsində daha müstəqil fəaliyyət göstərmək bacarığını əldə etmək qeyd olunub.
Aydın
Şərhlər