35 manatlıq subsidiya çörəyin bahalaşmasının qarşısını alacaqmı? - Ekspert

35 manatlıq subsidiya çörəyin bahalaşmasının qarşısını alacaqmı? - Ekspert

"35 manatlıq subsidiya ilə istehsalçıların əlavə xərclərini ciddi şəkildə kompensasiya etmək mümkün olmayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov istehsalçılara subsidiya verilməsindən danışarkən deyib. 

"Cari ilin fevralın 17-dən başlayaraq un istehsalçılarına hər tona görə 35 manat subsidiya verilməyə başlanıldı. Həmin qərar mayın 1-nə kimi qüvvədə idi. İndi isə yenidən sentyabrın 10-dan başlayaraq, qərar daha 4 ay müddətinə qüvvəyə minib. Bu yolla hökumət un və çörəyin qiymətinin qalxmasının qarşısını almağa çalışır. İndi dünya bazarında buğdanın qiyməti bahalaşıb. Keçən illə müqayisədə Azərbaycanın idxal etdiyi buğdanın hər tona görə dəyəri 67 manat bahalaşıb. Digər tərəfdən, dizel yanacağı ilə Aİ-92 markalı benzinin də qiyməti bahalaşıb. Bu isə çörək və un istehsalçılarının xərcinin ciddi artması deməkdir. Belə olan halda, 35 manatlıq subsidiya ilə istehsalçıların əlavə xərclərini  kompensasiya etmək mümkün olmayacaq”. 
 


Həmsöhbətimizin fikrincə, belə məsələlərə əslində hökumət kompleks şəkildə yanaşmalıdır: 

"Edilən kompensasiya tədbiri unun, buğdanın və dizel yanacağının qiymətinin bahalaşması ilə paralel şəkildə aparılmalı idi. Ancaq bu, həyata keçmədi”. 

Bu səbəbdən ekspert 35 manatlıq subsidiyanın un və çörək istehsalçılarına hər hansı bir dəstək olacağını düşünmür: 

"Atılan addım çörəyin bahalaşmasının qarşısını almayacaq. Son bir ayda istehlak etdiyim çörəyin qiyməti 30 faiz bahalaşıb. 700 qramlıq 50 qəpiyə olan çörəyin çəkisi 550 qrama düşüb. Bir sözlə, çörəyin qiymətində 5-15 qəpiklik artım var. Təəssüf ki, bu son da deyil. Rusiya ixrac etdiyi buğdanın rüsumunu hər tona görə 50 dollara qaldırıb. Azərbaycanda isə buğda istehsalı 250 min tondan çox azalıb. Ona görə subsidiya ayrılmalarına baxmayaraq, qarşıdakı dövrdə də qiymət artımları baş verəcək”. 

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X