Sənət 11:58 14.09.2021

44 günün salnaməsi: Vətən müharibəsi anbaan bir kitabda

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsinə həsr edilmiş kitabların siyahısına daha biri əlavə olunub. 

Qaynarinfo xəbər verir ki, "44 gün anbaan... Rəsmi xronika” adlı kitab bu yaxınlarda TEAS Press Nəşriyyat evi tərəfindən çap edilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 44 gün ərzindəki bütün çıxış, müraciət və müsahibələrinin mətni, sosial şəbəkələr vasitəsilə paylaşdıqları məlumatlar bu kitabda toplanaraq xronoloji ardıcıllıqla təqdim edilir. 
Kitabda qeyd olunur ki, Azərbaycanın qazandığı tarixi zəfər "Dəmir yumruq” kimi birləşmiş bütün Azərbaycanın qələbəsidir, lakin burada başqa bir mübahisəsiz faktor da var - Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev faktoru: "...Müharibə dövrünün ən ağır yükü Azərbaycan əsgəri ilə bərabər həm də Prezidentin çiyinlərində idi - "Dəmir yumruq” sahibi olan Ali Baş Komandan "dəmir məntiqi” ilə də döyüşürdü. O, böyük intellektin, sarsılmaz iradənin, güclü qətiyyətin tələb olunduğu hər yerdə idi – diplomatiya cəbhəsində, siyasət meydanında, informasiya savaşının ən ön cərgəsində... Nəinki təkcə müharibənin gedişinə dair, həmçinin Qarabağ münaqişəsinin 30 illik tarixinə dair elə bir detal, hadisə, ideya, məqam yox idi ki, Prezident 44 gün ərzindəki çıxış, müraciət, görüş və müsahibələrində ona toxunmamış olsun, ona münasibət bildirməmiş, onu aydınlaşdırmamış olsun. Xalqın və dünyanın gözü-qulağı 44 gün ərzində yalnız onda idi. Hamı onun nə deyəcəyini gözləyirdi. Müharibənin hər anı, hər detalı Prezidentin çıxış və müsahibələrində rəsmiləşib salnamələşirdi”.

44 günlük savaşın bütün tarixi ən düzgün və obyektiv şəkildə məhz həmin çıxışlarda əks olunub. Bu çıxışlar Vətən müharibəsinin müfəssəl tarixidir, bir növ Vətən müharibəsi ensiklopediyasıdır, 44 günün salnaməsidir. Tanınmış jurnalist Famil Cəfərli tərəfindən tərtib olunmuş 644 səhifəlik bu kitab gələcəkdə tədqiqatçılar üçün qiymətli və etibarlı məxəz rolunu oynayacaq.