Xəbər lenti

“5 Betər” 13 günə 26 mindən çox tamaşaçının izlədiyi Azərbaycan filmidir (AÇIQLAMA)
Maqazin 13:08 16.12.2021

“5 Betər” 13 günə 26 mindən çox tamaşaçının izlədiyi Azərbaycan filmidir (AÇIQLAMA)

"Kino sənayesinin ƏDV-dən azad edilməsi sponsorlar və prodüserlər üçün stimul olacaq”

"Kinoteatrların yenidən açılmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, etiraf etməliyik ki, kinoteatrlara tamaşaçıların sayı hələ 2020-ci ilin martından əvvəlki səviyyəyə çatmayıb”.

Bunu "Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Elnur Allahverdiyev Qaynarinfo.az-ın suallarını cavablandırarkən deyib.

Elnur bəy, daha sonra bunun müəyyən səbəbləri olduğunu qeyd edib:

"Xüsusən də yerlərin sayına qoyulan məhdudiyyətlər. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, kinoteatrlar zalları yalnız yarıya qədər doldura bilər. Təbii ki, epidemioloji vəziyyət imkan verəndə, məhdudiyyətlər yumşaldılanda və ya aradan tam götürüləndə mənzərə fərqli olacaq”.

Allahverdiyev onu da bildirib ki, təkcə oturacaqların sayında deyil, həm də vaxt çərçivələrində məhdudiyyətlər rol oynayır:

"Bildiyiniz kimi, kinoteatrlar, kafe, restoran və digər müəssisələr kimi, gecə saat 12-yə qədər işləyir, amma pandemiyadan əvvəl biz tamaşaçıların gecə seanslarına üstünlük verməsini tez-tez müşahidə edirdik”.

Eyni zamanda, "Park Cinema” kinoteatrlar şəbəkəsinin direktorunun sözlərinə görə, insan amilini də istisna etmək olmaz:

"Fakt budur ki, kinoteatrların bağlandığı il yarım ərzində çoxları sadəcə olaraq kinoya getmək vərdişlərini itirdilər. Xoşbəxtlikdən, son iki ay yarımda bu tendensiya, istədiyimiz sürətdə olmasa belə, səngidi.

Repertuarı da nəzərə almaq vacibdir. Bu həftə "Hörümçək-adam: evə yol yoxdur” və "Matris: Dirilmə” filmlərinin premyeraları keçirilir. Bu filmlərin tamaşaçılarda nə qədər maraq doğurduğunu görürük. Belə filmlər bir il yarım əvvəl olduğumuz səviyyəyə qayıdacağımıza ümid verir”.

Azərbaycan filmlərinin kinoteatrlarda yayımlanmasına gəlincə isə Elnur bəy bu sözləri dedi:

"Hazırda bizim repertuarımızda bir sıra Azərbaycan filmləri var, xüsusən də "5 Betər” filmi. Bütün köhnə qadağalara baxmayaraq, qeyd etməliyəm ki, bu filmin tamaşaçıların gəlməsi ilə bağlı gözləntilərimizdə özünü doğruldur. "5 Betər” filminə diqqət həddən ziyadə çoxdur. Bu bizi həm də ona görə sevindirir ki, Azərbaycan filmidir. 13 gün ərzində 26 mindən çox tamaşaçı bu filmi izləməyə gəlib. Məhdudiyyətləri nəzərə alsaq, çox yaxşı göstəricidir. Hətda seanslar davam etməkdədir, bu rəqəmin daha da böyüyəcəyinə şüphə yoxdur”, - deyə Allahverdiyev bildirib.

Sonda "Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru öz repertuarımızda Azərbaycan filmlərinin daha çox olmasını istədiyini vurğulayıb:

"Burada istehsal amili də rol oynayır. Düşünürəm ki, dövlətin bəzi addımları sponsorları və prodüserləri film istehsalına daha çox sərmayə qoymağa stimullaşdıra bilər. Xüsusən də filmlərin istehsalı və kinoteatrlara satışı zamanı ƏDV-dən azad olunması. Daim əlaqə saxladığımız və filmlərin çəkilişində qarşılaşdıqları problemlərdən xəbərdar olduğumuz prodüserlər üçün bu, böyük stimul olardı”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->