Türkiyəyə qarşı 40 ildən artıqdır terror hücumları təşkil edən PKK qruplaşmasının lideri Abdullah Öcalanın Keniyada 60 saniyəyə ələ keçirilib, Türkiyəyə gətirilməsindən 19 il ötür.
Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, Öcalanın ələ keçirilməsində Türkiyə Mərkəzi Kəşfiyyat İdarəsinin (MİT) xüsusi təyinatlıları ilə yanaşı iştirak edən dövrün nəqliyyat nazirinin müşaviri Həsən İşgüzar əməliyyatla bağlı bir sıra detalları açıqlayıb:
Həsən İşgüzar
"Abdullah Öcalanı Keniyadan Hollandiyaya aparmaq üçün Yunanıstanın Hollandiyadan təyyarə kirayələmək istədiyi ilə bağlı MİT-ə məlumat daxil oldu. MİT də eyni model və eyni rəngli təyyarə göndərib, Öcalanı Türkiyəyə gətirmək üçün əməliyyatlara başladı. Türkiyədəki bütün rəsmi və ya şəxsi təyyarələrin qeydiyyatı Nəqliyyat Nazirliyinin tabeliyində olan Mülki Aviasiya İdarəsində olur. MİT-ə lazım olan modeldə təyyarə o zaman təkcə iş adamı Cavit Çağlarda var idi. Mən də MİT-ə istədikləri təyyarənin Cavit bəydən ala biləcəyi ilə bağlı məlumat verdim. MİT əməkdaşları Çağlar ilə razılığa gələrək sözügedən təyyarəni icarəyə götürürlər, lakin əməliyyat barədə onun əməliyyat barədə heç bir məlumatı olmur. Daha sonra həmin təyyarənin Öcalan üçün göndərilən təyyarəyə eynilə bənzəməsi üçün rəngləmə işlərinə başlanılır. Türkiyədən ayrılanda içərisində 2 pilot və 4 MİT əməkdaşı olub. Təyyarə Mülki Aviasiya İdarəsində Türkmənistan təyyarəsi, sərnişinlər isə banan tacirləri kimi qeydiyyata salınır".
Cavit Çağlar
Nazir müşaviri bunun üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirdiklərini vurğulayıb:
"Təyyara Antalyadan çıxaraq Aralıq dənizi, Cənubi Kipr Respublikası üzərində təxminən 18 dəqiqə qaldıqdan sonra Misir və Uqandaya tərəf dönür. Birbaşa Keniyaya getmək olmazdı. Hollandiyadan da eyni tipli təyyarə Keniyaya gedəcəyi üçün orada əvvəlcədən oxşar bir xarici təyyarənin olması diqqət cəlb edə bilərdi. Bu səbəbdən də təyyarə 10 gün Uqandada qaldı və Hollandiyadan gələn təyyarə hələ havada ikən əməliyyatdan 2 saat öncə təyyarəmiz Keniya aeroportuna eniş etdi".
Bu zaman Keniyadakı Yunanıstan səfirliyində gizlənən Abdullah Öcalan Hollandiyadan gəlməsi planlaşdırılan təyyarəyə mindirilməsi üçün konvoyla gətirilirdi deyən İşgüzar sözlərinə belə davam edib:
"Ən öndə Keniya mühafizə avtomobili, arxada isə Yunanıstan səfirliyinin mühafizə maşını olub. Öcalan öndən üçüncü avtomobildə idi və ondan da arxada yenə mühafizə dəstəsi gəlirdi. Hava limanının girişində Keniya polisi Öcalanın avtomobili keçdikdən sonra konvoyun qarşısını kəsərək, arxada gələn mühafizəni digər yola yönləndirir və bununla da 15-20 dəqiqəlik əlavə vaxt qazanılır. Öcalan hava limanına daxil olanda dayanan təyyarənin Hollandiyadan gələn təyyarə olduğunu zənn edir və ona doğru addımlayır. Təyyarənin qapıları açılır, 60 saniyə içərisində Öcalan ələ keçirilir və qapılar bağlanır. Polisin digər yola yönləndirdiyi mühafizə dəstəsi isə uçuş sahəsinə təyyarə havalandıqdan sonra gəlib çıxa bilir".
Müşavir Türkiyəyə qayıdanda təyyarənin kiçik bir problemlə qarşılaşdığını bildirib:
"Təyyarənin gedəcəyi trayektoriya o qədər dəqiqdir ki, başqa bir yolla hərəkət etməsi mümkün deyil. Hər bir təyyarə də hansısa ölkənin hava sahəsinə daxil olarkən öz əlamətini bildirməlidir. Cənubi Kipr hava sahəsində bunu soruşanda bizim pilotlar həmin əlaməti deyir, lakin bunun yanlış olduğu bildirilir. Pilotlar başqa bir əlamət deyir. Amma yenə belə bir əlamətin olmadığı deyilir. Beləliklə pilotlar, "ləhcəmizdə problem var deyərək", vaxtı ləngitməyə çalışırlar. Beləliklə Türkiyə Hava sahəsinə daxil olana qədər 18 dəqiqə bu şəkildə davam edir".
Türkiyənin hava sahəsinə daxil olan təyyarənin Bandırma hərbi bazasına yönləndirildiyini deyən nazir sözçüsü havanın dumanlı olması səbəbindən təyyarənin oraya enə bilmədiyi deyib:
"Təyyarə başqa hava limanına enə bilməzdi, çünki belə bir icazə verilməmişdi. Dumanın çəkilməsini gözləyərkən yanacağı azalan təyyarə məcburən Atatürk Hava Limanına enməli olur. Hava limanından icazə istənilir, lakin icazə verilmir. O zaman mənə zəng vurdular. Mən də FIC deyilən sistem var ki, Mülki Aviasiya İdarəsinin əmri ilə istənilən bir təyyarənin enmə və qalmasına icazə verə bilər, oradan Atatürk Hava Limanına heç bir sual verilmədən həmin təyyarənin enib qalxmasına icazə verilməsi ilə bağlı tapşırıq verdim. Təyyarə endi, gözlərdən uzaq bir yerə çəkildi, yanacaq dolduruldu və hava düzəldikdən sonra isə hərbi bazaya doğru havalandı".
İşgüzar dövrün Baş Qərargah rəisinin Bandırma bazasının komandirinə zəng vuraraq bir paket gəldiyi və şəxsən gedib almalı olduğu ilə bağlı əmr verdiyini də söyləyib. Daha sonra Abdullah Öcalan İmralı adasına göndərilib.
Qeyd edək ki, 1999-cu ildə ələ keçirilən Öcalan o vaxtdan İmralı adasında yerləşən həbsxanada ağırlaşdırılmış ömürlük həbs cəzasını çəkir.
Çingiz Səfərli
Şərhlər