60 yaşlı aktyor Natiq Fərzəliyevin Qaynarinfo-ya müsahibəsi:
- Natiq müəllim, siz Gənc Tamaşaçılar Teatrının aktyorusunuz. Amma yubileyiniz Bakı Uşaq və Gənclər Teatrından keçirilir?
- Əsas iş yerim Gənc Tamaşaçılar Teatrıdır, amma Bakı Uşaq və Gənclər Teatrında da işləyirəm. Vəziyyət ağırdır, bir yerdə işləməklə dolanmaq olmur, ora-bura qaçıram. İndi bizim binada təmir gedir. Düzü, yubileyimi başqa cür keçirmək istəyirdim. Burada repertuarda olan tamaşalardan birini oynayacağıq. İntiqam müəllim sağ olsun, diqqətini əsirgəmir. Buradan ona çox sağ ol deyirəm. Fevralın 4-də isə yubileyim Gənc Tamaşaçılar Teatrında qeyd olunacaq.
- 60 yaş... Onun hardasa 40-nı səhnədə Azərbaycan teatrına həsr etmisiniz. Xalq, tamaşaçı sizi səhnədə görüb, amma bu gün sadəcə aktyor Natiq Fərzəliyev yazılır?
- Yəqin deyiblər ki, anadan doğulanda aldığı adla qalan bir aktyor olsun.
- Söhbət dövlətin sizə diqqətindən gedir...
- Verilməliydi, amma vermədilər... Bu sual Mədəniyyət Nazirliyinə ünvanlanmalıdır. 10 il bundan öncə məni dəvət elədilər nazirliyə. Dedilər ki, Natiq, sənin adını göndərdik yuxarı. Hələ də gedir, amma görünən odur ki, çatmayıb. Mən elə adam deyiləm axı, gedib qapı döyüm, yalvarım, dizlərimi yerə qoyub ağlayım ki, siz Allah, mənə nəsə verin. Bu mənim zəhmətimdi. Amma görünən odur ki, zəhmətimi mənimsəyiblər.
- 60 ildə bir dəfə öz-özünüzə demədiniz ki, mənim zəhmətimi niyə mənimsədilər?
- Mən qapı döyən adam deyiləm, amma gərək maraqlanasan, qapılar döyəsən, sonda arzuna çatasan. Bu da mənim xarakterimdə yoxdur. Qürurlu adamam, heç vaxt özümü sındırmaram. Nə ev verilib, nə ad, nə mükafat, köhnə bir balaca daxmam var, ailəm, uşaqlarımla orda yaşayıram. Ev dardır, çətinliklərlə yaşamışam. Bir oğlum, bir qızım var. Qızım tələbədir, nişanlıdır, oğlumu da evləndirməliyəm. Ev olmadığından onu evləndirə bilmirəm, gəlini hara gətirim? Problem bir deyil, çoxdur.
- Teatrın sabiq direktoru Mübariz Həmidovla dost idiniz, bütün aktyorlara yaratdığı şəraiti niyə sizdən əsirgəyib?
- Mübarizlə müəllimlə dostuq, cavanlıqdan bir yerdə aktyor kimi işləmişik. Məsələ də budur, adam özününkünə edir də. 50 yaşım olanda teatrda bir tamaşa oynayırdıq. Səhnəyə çıxanda bütün zal məni alqışladı. Zalda sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev və Elçin Əfəndiyev də oturub. Soruşub ki, "bu Natiqin fəxri ad var? Mübariz Həmidov da deyib ki, yox. Nazir də deyib ki, bəs niyə yoxdur? Mübariz müəllim də nazirə bildirib ki, "biz yazırıq, amma Fatma Abdullazadə oradan geri qaytarır". İndi ki Fatma Abdullazadə yoxdur. Nəysə, deyib ki, ona deyin, bir yanıma gəlsin, görək nə edirəm.
- Yəqin ki, getdiniz?
- Yox, getmədim. Dedim, birdən gedərəm, nazir adamdır da, yadından çıxar, məni qapıdan buraxmazlar. Ya da qəbul eləməz, deyər, başqa vaxtı gəlsin, mən də pərt olmağı sevmirəm, vəssalam. Hər dəfə Mübariz müəllim deyir ki, mən siyahıda sənin adını yuxarılara göndərirəm. İndi də teatrın direktoru Nahidə İsmayılzadə də deyir ki, sənin adını təqdimata yazıram. Mən də qarışmıram. Bu gün teatra təzə gələn gənclər belə mükafat, fəxri ad alırlar. Onlar deyirlər ki, "Natiq, sən Allah, bağışla, səndən qabağa düşdük, ad aldıq. 5-10 il işləyənlər fəxri ad alıb, amma mən 40 ildir işləyirəm, heç kəs demir ki, burda bir Natiq də var. 40 ildir dayanmadan işləyirəm, amma nə qədrim var, nə də qiymətim.
- Bəlkə Prezidentə özünüz müraciət edəsiniz...
- Bir dəfə teleqram vurdum, "Baksovet"dən və Yasamal rayon İcra Hakimiyyətindən cavab gəldi ki, ev fondumuz yoxdur. Görünür, Aparatdan məktubumu ora göndəriblər.
- Həyat yoldaşınız, ya da övladlarınızdan hansısa biri sənətinizin qiymətləndirilməməsini üzünüzə vurubmu?
- Dünyasında olmayıb, mənim həyat yoldaşım ziyalı xanımdır. O bilirdi ki, kiminlə ailə qurur. Əksinə, bu ad məsələsində həmişə mənə dəstək olublar. Hər dəfə sənət adamlarının müfatlandırılması ilə bağlı siyahı çıxanda mən pərt oluram. Ağırdır, deyirəm ki, niyə mənim adım çıxmadı, yəni mən bu sənətdə heç kəsə lazım deyiləm? Ailəm sağ olsun, hər dəfə mənə təskinlik verib. Deyirlər ki, sənin varlığın bizə hər şeydən üstündür. Onlar məni pis olmağa imkan vermirlər. Mən özümü sındıra bilmirəm, hər kəs bilir ki, bu mənim zəhmətimdi, niyə verməsinlər? Yəqin ki, nə vaxtsa verərlər. İndi Mədəniyyət Nazirliyi dəyişilib, yeni bir komandadır, güman edirəm ki, onlar mənim zəhmətimə qiymət verəcəklər. Yubileylə bağlı nazirliyə də məlumat verilib.
- Teatrda sizə münasibət necədir?
- Çox yaxşı, işlədiyim hər iki teatrda hamı xətrimi çox istəyir. Hətta mənim ləqəbim də var -"Problem Natiq". Teatrda üzdə olan simalar var, onların hər hansı problemi olanda mənim yanıma gəlir, deyirlər: "Natiq, nə olar, mənim problemimi həll edək". İmkanım çatan səviyyədə onların problemini həll etmişəm, rahatlaşmışam ki, kiminsə problemini həll elədim. Hazırda bircə arzum var, övladlarımın toyunu görüm. Ömrümün hardasa 90%-ni yaşamışam. Allah ömür versin, onların xeyir işini görüm, yaddaşlarda qalmağa çalışmışam, indidən özümə rəhmət qazanmağa çalışıram. Ata üçün ən böyük arzu övladlarının xoş günüdür. Allah bunu nəsib eləsin. Rəhmətlik Nəsib müəllim deyirdi ki, aktyor üçün təhsil, savad, şans... Şans yaxşı şeydir, relsə düşürsən və gedirsən. Saysız-hesabsız çəkilişlərim var. Ən böyük xoşbəxtlik odur ki, insan ölümündən sonra yaşasın. Mən ölsəm də, dostlarımın yaddaşında qalacağam.
Bahar Rüstəmli
Şərhlər