Xəbər lenti

70 il əvvəl irəli sürülən çılğın elm ideyası gerçəyə çevrildi, lakin kiçik bir səhv hər şeyi məhv etdi
Dünya 22:55 11.02.2025

70 il əvvəl irəli sürülən çılğın elm ideyası gerçəyə çevrildi, lakin kiçik bir səhv hər şeyi məhv etdi

Kosmosa nəhəng bir güzgü göndərərək Günəşin şüalarını toplayıb Yer kürəsində istənilən hədəfə yönləndirmək… İlk baxışda elmi fantastika filmlərindəki qlobal təhlükə ssenarilərini xatırlatsa da, bu, tamamilə real bir layihə idi. Rusiyanın kosmik agentliyi "Roscosmos" bu ideyanı 32 il əvvəl, 4 fevral 1993-cü ildə həyata keçirməyi bacarıb. Lakin sonrakı hadisələr gözlənilən kimi getməyib....

70 il əvvəl irəli sürülən ideya

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, kosmosa güzgülər göndərərək Günəş işığını Yerə yönəltmək ideyası uzun müddətdir elm adamlarının diqqət mərkəzindədir. Almaniyalı alim Hermann Obert bu layihəni hələ 1923-cü ildə "Planetlərarası Fəzaya Göndəriləcək Raket" adlı kitabında irəli sürmüşdü. 

Heydelberq Universitetinə təqdim etdiyi və qeyri-real hesab edilərək rədd edilən doktorluq dissertasiyasına əsaslanan bu kitabda, kosmosa peyklərin göndərilməsi, Günəş işığının Yerin müəyyən nöqtələrinə yönləndirilməsi və bu güzgü sistemlərinin hava şəraitini idarə etmək üçün necə istifadə oluna biləcəyi haqqında fikirlər yer alırdı.

Obertin ideyası o dövrdə ciddiyə alınmasa da, II Dünya müharibəsi zamanı Nasist Almaniyasının bu texnologiyanı silah kimi istifadə etmək üçün cəhdlər göstərdiyi məlum olub.

Nasistlərin "günəş silahı" planı

Müharibə illərində Alman fizikləri "Sonnengewehr" ("Günəş Silahı") adlanan bir layihə üzərində işləyirdi. 1945-ci ildə "TIME" jurnalı əsir düşmüş alman alimlərinin ABŞ hərbçilərinə bu silah haqqında məlumat verdiyini yazırdı. 

Plan Günəş işığını yönəldərək şəhərləri yandırmaq, göllərdəki suyu qaynatmaq kimi məqsədləri nəzərdə tuturdu. O dövrdə bu layihə mümkün görünməsə də, alman alimlər bu texnologiyanın 50 il ərzində reallaşacağına əmin olduqlarını bildirirdilər.

NASA-nın edə bilmədiyini ruslar etdi

1970-ci illərdə ABŞ-lı alimlər orbitə "Solares" adlı güzgü sisteminin yerləşdirilməsi və Günəş enerjisi istehsalı ideyasını araşdırsa da, lazımi maliyyə vəsaiti tapılmadığı üçün layihə gerçəkləşməyib. Lakin SSRİ dövründə rus mühəndisi Vladimir Siromyatnikov bu texnologiya üzərində ciddi araşdırmalar aparıb.

Siromyatnikov Yuri Qaqarinin ilk kosmik uçuşunda iştirak etmiş və kosmik gəmi yanaşma sistemləri sahəsində önəmli işlər görmüşdü. O, yansıtıcı Günəş yelkənlərindən istifadə edərək, kosmik gəmilərin yanacaqsız hərəkət edə biləcəyini düşünürdü. Lakin SSRİ dağıldıqdan sonra yalnız iqtisadi fayda verə biləcək layihələr maliyyələşdirildiyindən, o, layihəsini Yer kürəsini aydınlatmaq və enerji istehlakını azaltmaq məqsədilə modifikasiya etməyə məcbur olub.

Bu fikirlər Moskva rəhbərliyinin diqqətini çəkdi və nəticədə "Znamya" (rusca "bayraq") adlı kosmik güzgü layihəsi həyata keçirilib.

"Znamya" layihəsi - Günəş işığını dünyaya yönəltmək

"Znamya" layihəsinin ilk mərhələsində "Znamya 1" adlı prototip texniki problemləri həll etmək üçün Yer üzündə saxlanılıb. "Znamya 2" isə 27 oktyabr 1992-ci ildə orbitə göndərilib.

Bu güzgü "Mylar" adlı xüsusi yansıtıcı materialdan hazırlanmışdı və 20 metr diametrində idi. Plan bu güzgülərin gecə qaranlıq olan bölgələri aydınlatması və kənd təsərrüfatı üçün iş saatlarını artırması olub.

4 fevral 1993-cü ildə "Znamya 2" orbitdə ilk dəfə Günəş işığını Yerə yönləndirib. İşıq şüası Avropanın cənubundan Rusiyaya qədər irəliləyib və 5 km-lik bir sahəni aydınladıb. Lakin atmosfer şərtləri səbəbindən gözlənilən parlaqlıq əldə olunmayıb. Bir neçə saat sonra güzgü orbitdən çıxıb və atmosferə girərək Kanada səmasında yanaraq məhv olub.

Böyük ümidlər, böyük uğursuzluq

Bu uğur elm adamlarını ruhlandırıb və "Znamya 2.5" layihəsinə start verilib. Yeni güzgü 25 metr diametrində olmalı və dolunaydan 5-10 dəfə daha parlaq işıq yansıtmalı idi. Hədəf 8 km genişliyində bir ərazini aydınlatmaq və Günəş işığını müəyyən bir bölgəyə yönləndirə bilmək olub.

Lakin 5 fevral 1999-cu ildə baş verən bir səhv layihəni məhv edib. "Znamya 2.5" orbitə uğurla çıxarılıb, lakin yanlış verilmiş bir komanda güzgünün qatlanmış hissəsini "Progress" kosmik gəmisinin antenasına dolaşdırıb. Cihaz açılmayıb və istifadəyə yararsız vəziyyətə düşüb. Bir neçə uğursuz xilasetmə cəhdindən sonra, güzgü atmosferə girərək yanıb məhv olub.

"Bu uğursuzluq acı verici idi. Rus kosmik proqramlarının əsas prinsipini unutmuşduq - öncə uğuru əldə et, sonra təriflən", deyə Komanda Mərkəzinin sözçüsü Valeri Lındin o dövrdə bildirib. 

Bu uğursuzluq "Znamya 3" layihəsinin də ləğv olunmasına səbəb olub. 70 metrlik bu güzgü planlaşdırılsa da, maliyyə çatışmazlığı səbəbindən heç vaxt tikilməyib. 2006-cı ildə Siromyatnikov vəfat edib və onun ideyaları reallığa çevrilmədən unudulub.

Bugünkü baxış: Gələcəkdə mümkün ola bilərmi?

Baxmayaraq ki, "Znamya" layihəsi uğursuz olub, Günəş işığının kosmosdan yönləndirilməsi ideyası yenə də müzakirə olunur. NASA və Çin kimi ölkələr kosmosdan Günəş enerjisi ötürmək üçün yeni texnologiyalar inkişaf etdirməyə davam edir.

Siromyatnikovun çılğın ideyası o dövrdə tam gerçəkləşməsə də, gələcəkdə texnologiyanın inkişafı ilə bu cür sistemlərin qurulması mümkündür.

Bu layihə elm tarixində cəsarətli, lakin uğursuz bir eksperiment kimi qalır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->