Sahara səhrasının mərkəzində boru kəmərləri və nasoslardan ibarət nəhəng mühəndislik layihəsi fəaliyyət göstərir - bu, dünyanın ən böyük suvarma sistemi hesab olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Startlap” yazır.
Böyük süni çay Liviya səhrasının dərinliklərindən suyu boru şəbəkəsi vasitəsilə ölkənin şimal sahillərinə daşıyır. Boru xətlərinin ümumi uzunluğu 4000 kilometrdən çoxdur.
Məlumata görə, layihə 1980-ci illərdə elan edilib və məqsəd quraq əraziləri məhsuldar kənd təsərrüfatı sahələrinə çevirmək olub. Sistem "qalıq su” (fosil su) adlanan unikal resursla işləyir — bu su təxminən 40 000 il əvvəl səhranın qumları altında toplanıb.
"Boru kəməri sistemi gündə 6,5 milyon kubmetr su nəql edə bilir ki, bu da minlərlə Olimpiya hovuzunu doldurmağa kifayət edir”, deyə layihənin miqyası barədə bildirilir.
Bu nəhəng obyektin tikintisi 20 ildən çox davam edib və 25 milyard dollardan artıq vəsait xərclənib. Ekspertlərin fikrincə, sistemin unikallığı onun qismən cazibə qüvvəsi hesabına işləməsidir ki, bu da enerji sərfini azaldır. Lakin resursun bərpa olunmaması səbəbindən layihənin gələcəyi sual altındadır.
"Mövcud hasilat tempinə görə su ehtiyatı 60–100 il qala bilər, lakin daha tez də tükənə bilər”, deyə mütəxəssislər xəbərdarlıq edir.
Bundan əlavə, vətəndaş müharibəsi zamanı sistem ciddi zərər görüb və dağıdılmış hissələrin bərpası ölkə üçün çətin problem olaraq qalır.
Aydın
Şərhlər