İranla müharibənin ticarətə təsirləri fonunda Dubayın premium restoranları menyularını dəyişməyə məcbur olub, idxal olunan delikateslərdən imtina edərək yerli məhsullara üstünlük verirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.
Meksika mətbəxinə aid "Lila Molino” restoranının şef aşpazı Şou Laş bildirib ki, regionun əsas dəniz ticarət xətti olan Ormuz boğazının bağlanması avokado və tomatillo kimi əsas inqrediyentlərin tədarükünü xeyli çətinləşdirib və bahalaşdırıb.
Onun sözlərinə görə, restoranlar ciddi qənaət rejimində işləməyə məcburdur: "Reallıq ondan ibarətdir ki, yükdaşımalar bahalaşıb, yanacaq qiymətləri artıb, Ormuz boğazı hələ də blokadadadır. Bu, bizim təchizatımızda ciddi problemlər yaradır”.
Məlumata görə, hərbi əməliyyatlar səbəbindən qida məhsullarının hava daşınması xərcləri 30–35% artıb.
Qeyd olunur ki, BƏƏ ərzağın təxminən 80%-ni idxal etdiyi üçün dəniz yollarının bağlanması ölkənin qastronomiya sektoruna ciddi zərbə vurub.
"Jun’s Dubai” restoranının şef aşpazı Kelvin Çeunq isə bəzi marşrutlarda hava daşınma tariflərinin 70%-ə qədər yüksəldiyini təsdiqləyib.
Ekspertlərin fikrincə, vəziyyət kritikdir: BƏƏ restoranlarında tələbat orta hesabla 27% azalıb. "Global Restaurant Investment Forum”un hesabatına əsasən, müharibə ötən il 9,5 milyard dollar dəyərində qiymətləndirilən bazarın inkişaf planlarını dəyişib. Hazırda restoran sahibləri əməkhaqlarını azaltmağa və sabit qiymətli anti-böhran menyular tətbiq etməyə məcbur olurlar.
Aydın
Şərhlər