Xəbər lenti

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı (FOTOLAR)
Foto 17:36 21.07.2018

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı (FOTOLAR)

Bu il Göyçay rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə əldə ediblər.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonda ən yüksək nəticəni isə Ləkçiplaq kənd 1 saylı tam orta məktəbin məzunları qazanıb. Məktəbin builki 60 məzunundan 26 nəfəri imtahanlarda uğurla iştirak edərək tələbə adını qazanıb. Məktəbin məzunu Qədirli Şəkər Nail qızı isə Göyçay təhsilinin tarixində bir ilkə imza atıb. O, 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.

Ş. Qədirli heç də yaraşıqlı binası və işıqlı sinif otaqları olan müasir şəhər məktəbinin məzunu deyil. O, 11 il ərzində köhnə, təhsil üçün tam yararsız vəziyyətdə olan kənd məktəbində oxuyub. Heç kim inana bilmir ki, qaranlıq sinif otaqları, qəzalı divarı, tavanı və döşəməsi olan belə bir məktəbdə savadlı, istedadlı şagirdlər yetişər. Bu məktəbdə şagirdlərə və müəllimlərə yaxşı şərait yaradılmasa da, kollektiv bütün çətinliklərə dözərək hər il uğurlar qazanmaqda davam edir. Ötən il məktəbin 17 məzunu ali məktəbə daxil olmuşdu. Savadlı müəllimlərin gərgin əməyi və şagirdlərin dərsə məsuliyyətli yanaşması nəticəsində dağılmış məktəb bu il daha yüksək uğur qazanıb.

Bu uğurlara baxmayaraq, hazırda Ləkçiplaq kənd 1 saylı məktəbində təhsil alan 600-dən çox şagird böyük çətinliklə üzləşib. Belə bir böyük uğurun sahibi olan məktəb binası tam qəzalı vəziyyətdə olduğu üçün bağlanıb. Bu məktəbdə şagirdlərə təhlükə yarandığı üçün yeni dərs ilində orada dərs keçirilməyəcək. 30 il öncə inşa edilən məktəb binası uçmaq təhlükəsi ilə üzləşdiyi üçün orada əsaslı təmir-bərpa və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Lakin bugünədək hələ təmir işlərinə başlanılmayıb. Müəllim və şagirdlər yenidənqurma işlərinin ləngiməsindən çox narahatdır. Təmir-bərpa işləri dövründə dərslərin kənd bələdiyyəsinin köhnə binasında ikinövbəli şəraitdə keçirilməsi nəzərdə tutulur. Kənd sakinləri isə 600-dən çox şagirdin həmin köhnə binaya yerləşdirilməsinin mümkün olmadığını bildiriblər.

Qeyd edək ki, son 4 ildə Ləkçiplaq kənd 1 saylı tam orta məktəbin 4 məzunu qəbul imtahanlarında yüksək bal toplayaraq prezident təqaüdünə layiq görülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->