Azərbaycanın firuzəyi ləl-cəvahiri olan Urmu gölu tam məhv olmaq ərəfəsindədir.
Qaynarinfo bu barədə VOA-in fars bölməsinə istinadən xəbər
verir.
Urmiya gölünün quruması prosesi 2000-ci illərin ortalarında başlasa da, indi İranın bu böyük və gözəl gölünün tamamilə məhv edildiyi bildirilir.
Qərbi Azərbaycan Böhranının baş direktoru Hüccət Cəbbari Urmiya gölünün yalnız 5%-nin qaldığını bildirib:
"İki onillikdən artıqdır ki, Urmiya gölünün hündürlüyü hər il orta hesabla 40 sm azalıb və hazırda bu gölün suyunun 95%-i quruyub.
Parlamentin Kənd Təsərrüfatı Komissiyasının üzvü Mahmudzadə də hökumətlərin Urmiya gölünün bərpası ilə bağlı zəif fəaliyyət göstərməsini tənqid edib və deyib:
"Bu illərdə yağış yaxşı olsaydı, gölün səviyyəsi yüksələrdi, lakin yağıntı olmadı. Əslində gölün vəziyyətinin nisbi və dövri olaraq yaxşılaşması baş verirdi. Bu isə yağıntıların artmasının hesabına idi və bunun dövlət idarəçiliyi ilə heç bir əlaqəsi yoxdur".
Bu arada Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Məcid Dəstqahi də bildirib ki, Urmiya gölünün suyunun həcmi ötən illə müqayisədə 59% azalaraq üç milyard 11 milyon kubmetrə çatıb.
Vurğulanır ki, səkkiz il əvvəl Urmiya Gölünün Bərpası Qərargahı Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Kürdüstanın üç vilayətində fəaliyyətə başlamışdı. Qərargah Urmiya gölünün su hövzəsini idarə edərək həcmini artırıb gölü qurumaqdan xilas etməli idi. Amma mərkəzin hesabatları Ölkənin Parlamenti və Təftiş Bürosunun araşdırmaları göstərir ki, bu qərargah dövlət və beynəlxalq kreditlərdən altı min milyard tümən (200 milyon dollar) xərcləsə də heç bir plan və effektə malik olmayıb.
Parlamentin Kənd Təsərrüfatı Komissiyasının üzvü Cəlal Mahmudzadə isə bu barədə bildirib ki, 13-cü hökumət (Rəisi dövləti) hələ də Urmiya Gölünün Bərpası Qərargahına xüsusi kredit ayırmayıb və gölün probleminin həlli üçün heç bir səy göstərməyib.
Bu məclis üzvü Urmiya Gölü Qərargahının üzvlərinin yalnız internetdə araşdırmalar apardığını və səhra araşdırmaları aparmaqla məşğul olmadıqlarını bildirərək deiyb:
"Urmiya gölünün bərpası üçün büdcənin çox hissəsi müxtəlif təsirsiz işlərə, o cümlədən, Urmiya gölünün boş və samərəsiz bərpası planlarına sərf olunur”.
Ekspertlər hesab edir ki, İranda ekoloji böhranların daha da pisləşməsi yanlış idarəçilikdən qaynaqlanır, lakin hakimiyyət elmi və praktiki həllər əvəzinə, şiddətli qarşıdurmalara əl atır. Keçən il Xuzistan və İsfahanda əhalinin su qıtlığına qarşı kütləvi etirazları ciddi şəkildə yatırılıb, toqquşmada bəzi vətəndaşlar ölüb və ya yaralanıb.
Şənbə günü, iyulun 16-da isə Urmiya gölünün məhvinə qarşı keçirilən ictimai etirazlar təhlükəsizlik qüvvələrinin reaksiyası ilə qarşılanıb, onlarla fəal Təbriz və Urmiyada məhkəmə və təhlükəsizlik qurumlarına çağırılıb.
Aydın
Şərhlər