Ərdoğanın Azərbaycan səfərindən dönüşündə önəmli mesajlar: "Qarabağ zəfəri yalnız Azərbaycanın deyil, Türk dünyasının zəfəridir”
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Günü tədbirləri çərçivəsində həyata keçirilən Bakı səfərindən dönüşdə jurnalistlərin suallarını cavablandırıb.
Qaynarinfo "Haber Global"a istinadən xəbər verir ki, Ərdoğan Qarabağ müharibəsinin beşinci ildönümündə Türkiyənin verdiyi dəstəyi xatırladaraq, bu prosesin Türk dünyası üçün tarixi bir dönüm nöqtəsi olduğunu bildirib:
"Qarabağ zəfəri yalnız Azərbaycanın deyil, Türk dünyasının zəfəridir. O gün dedik ki, Türkiyə sonuna qədər Azərbaycanın yanındadır və sözümüzdə durduq. Türk PUA-ları Türk ağlının və cəsarətinin simvoluna çevrildi. İndi Qarabağda böyük bir inkişaf hərəkatı gedir və bu uğur İlham Əliyevin güclü liderliyinin göstəricisidir".
Türkiyə Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:
"Ziyarətimiz zamanı bizi hər zamankı kimi səmimi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi ürəkdən qarşılayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm".
Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanla koordinasiyalı formada Ermənistanla normallaşma prosesini davam etdirir:
"Bu proses həyata keçirilərkən Azərbaycanın hüquqlarının pozulmasına yol verməyəcəyik. Hazırda qardaşım İlham Əliyevin rəhbərliyi altında Qarabağda böyük bir inkişaf həyata keçirilir. Qarabağda yollar, tunellər, kənd təsərrüfatı layihələri və mənzil tikintisi həyata keçirilir. Biz də bu prosesdə Azərbaycana lazımi töhfələri veririk".
Sülh prosesində Azərbaycanın səylərini yüksək qiymətləndirən Ərdoğan Cənubi Qafqazda daimi sülh üçün bir imkan pəncərəsi açıldığını vurğulayıb. Onun sözlərinə görə, sülh prosesinin qısa zamanda başa çatması müharibənin qalibi olan Azərbaycanı bölgədə sülhün memarı kimi də önə çıxaracaq.
"30 ildən artıq davam edən qeyri-sabitliyin ardından daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açılıb. Sülh prosesinin ən qısa zamanda başa çatması müharibənin qalibi olan Azərbaycanı bölgədə sülhün də memarı kimi də önə çıxaracaq", deyə Ərdoğan əlavə edib.
Şərhlər