Həmid Piriyev
Sənət 13:38 05.08.2020

Ağ qərənfil üçün təziyə (IV parça)

Həmid Piriyev

Qonaq otağına keçirəm. Arvadlar dağılışıb. Otaqda bir bizimkilərdi, bir qardaşım  arvadı, bir də Akifin arvad-uşağı. Akif də gəlir. Ruqiyyənin qabağında diz vurub oturur, başını onun dizinə qoyur. Bacı, deyir, bunnan sonra necə yaşayacağam? Bəsdi, Ruqiyyə Akifin saçına sığal çəkib deyir, özünü boğur, hıçqırıqlarını saxlaya bilir, amma göz yaşını yox. Əllərim sınaydı o maşını alan yerdə, Akif deyir. Dörd ay qabaqdı, Eldarın on səkkiz yaşı olanda Akif ona maşın bağışladı. Həm universitetə girməyi münasibətiynən, həm də doğum gününə görə. Bax, elə bu otaqda, indi diz çöküb oturduğu yerdə. Xudmani məclis qurmuşduq. Ən yaxınlar yığışmışdı. Məclisin şirin yerində Akif durub sağlıq dedi, Eldarı yanına çağırıb o üzündən, bu üzündən öpdü, sonra da cibindən təzə aldığı 07 maşınının açarını çıxartıb ona verdi. Bunu heç kim gözləmirdi. Hardan gəlmişdi Akifin ağlına ki, Eldar üçün maşın alsın? Eldarın maşına olan həvəsini hamımız bilirdik, amma o yaşda uşağa maşın verməzlər axı. Sürücülük vəsiqəsini də Akif aldı onunçün. Eldara deyirdim ki, hələlik sürmə, dərsə avtobusnan get-gəl. Qulaq asmırdı. Akif də bu yandan ona tərəf çıxırdı, nolacaq, qoy sürsün, cavan uşaqdı da, deyirdi. Eldar elə əvvəldən mənə qulaq asmayıb, bir tərəfdən də Akif onu dəstəkləyirdi. Maşının benzin pulusunu da o basırdı Eldarın cibinə. Axırı da belə. 

Üç gün qabaq xəstəxanadan zəng elədilər ki, oğlunuz qəzaya düşüb, gəlin. Axır nəfəsində çatdıq yanına. Üzümüzə baxdı, amma bilmirəm huşu başındaydı, ya yox, bizi tanıdı, yoxsa tanımadı? İri yük maşınının altına girmişdi Eldar. Maşınında salamat yer qalmamışdı, konserv qutusu kimi əzilmişdi maşın. Meyidi morqa apardılar, ordan çıxartıb gətirdik. Hə, Eldar elə əvvəldən mənə qulaq asan deyildi. Açığı, heç mən də ona bağlılıq hiss eləmirdim. Üç gündü içimi didib-gəmirən narahatlığın nə olduğunu bilmirəm. Amma hər halda Eldarın ölümünə görə deyil. Hə, oğlum ölüb. Amma o boşluğu hiss eləmirəm. Axı əvvəldən də oğlum olduğunun fərqində deyildim. Eldarın doğumu içimi qızdırmamışdı, ölümü də içimi soyutmur. Bəs nədi məni narahat edən? Vicdan? Bəlkə də. Yaddaş? Bəlkə də. Bilmirəm. 

Ruqiyyəyə baxıram. Üç gündü yerindən tərpənməyib, elə bu kresloda oturub qalıb. Ağlayır, dayanır, ağlayır, sızıldayır, yenə ağlayır. Sər-sifəti şişib. Gözləri olmasaydı tanımazdım bəlkə də. Ha fikirləşirəm, Ruqiyyənin haçansa ağladığını yadıma sala bilmirəm. Deyəsən evləndiyimizdən bu yana birinci dəfədi ağlayır.  Özü də üç gün aramsız. Təzə tanış olduğumuz vaxtlar yadıma düşür. Bir də birinci görüşümüz. Yəni ondan qabaq görüşmüşdük, institutun yeməkxanasında, kitabxanada, ümumi yığıncaqlarda zadda. Birinci dəfə tək görüşməyimizi deyirəm. Üç gün qabaqdan kinoteatra biletləri alıb hazır saxlamışdım. Yalvar-yaxar qardaşımın kostyumunu almışdım, anama ütülətdirib geyinmişdim. Ayaqqabılarımı yarım saat ciddi-cəhdlə qaraltmışdım. Evdən çıxanda yadıma düşdü ki, Ruqiyyə üçün heç nə almamışam. 

Ağlıma gələn kitablarım oldu. Taxçaya yığdığım kitablara baxdım, aralarından ən xoşladığım əsəri götürdüm. Yusif Şirvanın "Məzunlar” romanını. Şəhərə necə çatdığımı bilmədim. Elə bil elektrik qatarında yox, havadaydım, uça-uça gedirdim. Vağzaldan çıxanda səki üstündə gül satanlara gözüm sataşdı. Çoxusunun gülləri solğun idi, xoşuma gəlmədi. Birindəki yaxşıydı, onda da cəmisi iki dənə qırmızı qərənfil qalmışdı. İki dənə onları aldım, bir dənə də ağ qərənfil. Adama cüt gül verməzlər, cüt gülü qəbiristanlığa apararlar. Görüşüb bir az gəzişdik, sonra kinoteatra getdik. Tez-tez oğrun-oğrun Ruqiyyəyə baxırdım. Fikrim guya kinodaydı, amma əslində onu izləyirdim. Yəqin ki, heç Ruqiyyə də kino hayında deyildi. Sonra görüşlərimiz çoxaldı, əvvəlki həyəcan da qalmadı. 

Evlənəndən sonra Ruqiyyə ona verdiyim kitabı da gətirdi özüynən. Düzü, bunu sonralar öyrəndim. Əşyalarının arasında gizlətmişdi, təsadüfən görmüşdüm. Qurutduğu ağ qərənfillə kino biletləri də kitabın içindəydi. Ruqiyyəyə baxa bilmirəm. Özünə gəlməyi nə qədər çəkəcək? Əlbəttə, bundan sonra heç nə əvvəlki kimi olmayacaq, orası ayrı. Amma necəsə yaşamaq lazımdı. Ruqiyyə də haçansa barışmalıdı bununla. Hamımız barışmalıyıq. Girib Ruqiyyənin şkafından "Məzunlar”ı götürürəm. Saralmış vərəqlərin arasından qurumuş qərənfil düşür. Qərənfil quruyub yaprıxıb, qəhvəyiyə çalan ləçəkləri bir-birinə kip yapışıb. Elə bil istəsən də bir-birindən qoparda bilməzsən. Artıq ondan gül iyi yox, kitab iyi gəlir. Kitabı yerinə qoyuram, gülü cibimə qoyub evdən çıxıram. Havam çatmır evdə, gedim bir az gəzim.

Ardı var