ABŞ-da qızılın və digər qiymətli metalların rekord səviyyədə bahalaşması bir çox amerikalını ofis kreslolarını və noutbuklarını kənara qoyaraq bel və vedrə götürüb sərvət axtarışına çıxmağa sövq edib.
Qaynarinfo "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu hadisə getdikcə kütləviləşir, bir çox insanı isə bu məşğuliyyətin gətirdiyi macəra və həyəcan hissi cəlb edir.
ABŞ-da yeni "qızıl qızdırması" başlayıb. Sosial şəbəkələrdə istifadəçilər tapdıqları qızıl parçaları ilə öyünür, avadanlıqlarını nümayiş etdirirlər – köhnə tipli bellərdən tutmuş xüsusi yuyucu ləvazimatlara qədər. Bəziləri xəritələri öyrənir, bir-biri ilə məsləhətləşir və hələ də gizli sərvətlərin ola biləcəyi bölgələri müəyyənləşdirməyə çalışır.
Qızıl damarına rast gəlmək arzusu bəzən xəyal ola bilər, lakin bir unsiyanın qiymətinin artıq 4000 dolları (təxminən 128,6 dollar/qram) keçməsi bu arzunu çox cəlbedici edir. Əgər axtaran şəxs şanslıdırsa və doğru yeri tapırsa, həyatını dəyişə biləcək məbləğ qazana bilər.
Qızıl qiymətlərinin sürətli artımı bir çox amerikalının hazırda maliyyə çətinlikləri yaşadığı dövrlə üst-üstə düşür. Bu da ofis işçilərini bel götürüb təbiətə çıxmağa həvəsləndirir. Bəziləri üçün bu, sadəcə yeni bir hobbidir, bəziləri üçün isə gündəlik stressdən uzaqlaşmaq imkanı.
Hətta şəhər daxilində də bu məşğuliyyətlə məşğul olmaq mümkündür. Məsələn, bəzi həvəskarlar işə gedərkən parklarda metal axtaran cihazlarla gəzərək itirilmiş qızıl zinət əşyaları tapmağa çalışırlar. Lakin təcrübəli axtaranlar deyirlər ki, təbiətdə tapılan ilk qızıl parçasının yaratdığı hiss unudulmazdır və insanı yenidən qayıtmağa məcbur edir.
Yeni başlayanlar üçün "1874-cü ilin qızıl qızdırması" ilə məşhur olan yerlər daha münasib hesab edilir. Cənubi Dakotadakı "Black Hills" Qızıl Mədən Muzeyi qızıl yuma dərsləri və muzeyin ərazisində axtarış aparmaq imkanı təklif edir. Tapılan qızıl tam şəkildə onu tapan şəxsə məxsus olur.
İstəyənlər evdə – məsələn, qarajda – də qızıl yuma ilə məşğul ola bilərlər. "Black Hills" torpağının vedrələrlə (55 dollar/vedrə) satışı ötən illə müqayisədə 50 faiz artıb.
Lakin daha sabit gəlir qızıl hasilatı ilə bağlı sahələrdə mümkündür. Necə ki, 150 il əvvəl olduğu kimi, bu gün də ən etibarlı qazanc yolu mədən avadanlığı satışından keçir. Müasir dünyada sosial media da bir növ "qızıl" qazanc mənbəyinə çevrilib – qızıl axtarışına həsr olunmuş "YouTube" kanallarının bəziləri yarım milyondan çox izləyiciyə sahibdir.
Aydın
Şərhlər