Xəbər lenti

Rusiya bu qışda Avropanı
Dünya 20:10 14.10.2025

Rusiya bu qışda Avropanı "dondura" bilər: "Reuters" gizli təhlükədən yazdı

Şübhəli insidentlərin artması, bu hadisələrin arxasında Rusiyanın dayanmasından şübhələnilməsi Avropa ölkələrinin hökumətlərini qış mövsümü ərəfəsində enerji infrastrukturunun zəifliyini müzakirəyə çıxarmağa məcbur edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyinin köşə yazarı Ron Busso yazır.
 
O qeyd edib ki, son hibrid hücum dalğası hələlik Avropanın enerji infrastrukturuna birbaşa təsir göstərməyib. Bu infrastruktur minlərlə kilometr uzunluğunda sualtı və yerüstü qaz kəmərlərini, elektrik kabellərini, maye qaz terminallarını, elektrik dirəkləri və yarımstansiyaları, dənizdəki neft və qaz yataqlarını, eləcə də günəş və külək elektrik stansiyalarını əhatə edir.

Lakin hibrid hücumların sayının artması Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə birbaşa zərbələr endirməsinin fonunda baş verir. Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına hücumları yanacaq çatışmazlığına və ixracın azalmasına gətirib çıxarıb, Moskva isə son günlərdə Ukraynanın qaz hasilatı obyektlərinə kütləvi zərbələr endirib.

Bu şəraitdə Avropanın enerji infrastrukturu gələcək hibrid hücumlar üçün təbii hədəf kimi görünür. Qış ərəfəsində Avropada enerji bazarlarında tələbat və təklif çox kövrək balansdadır, hər hansı pozuntu qiymətlərin artmasına və istilik xərclərinin yüksəlməsinə səbəb ola bilər.

Məqalədə qeyd olunur ki, əsas sual Avropanın enerji sistemlərinə qarşı gələcək hibrid hücumlara hazır olub-olmamasıdır. Cavab isə, demək olar ki, "xeyr” olacaq.

"Şübhəsiz ki, xüsusilə Baltikyanı ölkələr və Skandinaviya regionunda qaz və enerji infrastrukturunun fiziki müdafiəsinin gücləndirilməsi üçün səylər göstərilib. Amma hələ də bəzi çatışmazlıqlar qalır”, – deyə Eurasia Group-un enerji, sənaye və resurslar üzrə icraçı direktoru Henning Gloystein bildirib.

Ekspertlərin fikrincə, Rusiya hücumlarının mümkün nəticələrindən qorunmaq üçün hökumətlər, təchizatçılar və istehlakçılar enerji mənbələrini maksimum dərəcədə diversifikasiya etməlidirlər. Bu isə aşağıdakıları nəzərdə tutur:

* qazın ehtiyatlı tədarük sistemlərinin yaradılması,
yerli bərpa olunan enerji mənbələrinə əsaslanan elektrik stansiyalarının istifadəsi,
batareya anbarlarının tikilməsi, 
qaz ehtiyatlarının artırılması.

Qeyd edək ki, son vaxtlar bir sıra Avropa ölkələri öz hava məkanlarında naməlum dronların peyda olması ilə üzləşib. Bəzi hallarda hətta hava limanlarının müvəqqəti bağlanması zərurəti yaranıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin bu sahədə müəyyən irəliləyiş əldə etsə də, Bundesver ölkədə dron təhlükəsinə qarşı tam məsuliyyəti üzərinə götürə bilmir.

Bundan əvvəl də xəbər verilmişdi ki, Rusiya bu cür dron hücumları ilə Avropa İttifaqını zəiflətmək və daxili sabitliyi pozmaq məqsədi güdür.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->