Xəbər lenti

ABŞ-ın sanksiyaları sərtləşdirməsi Rusiyadan Çin və Hindistana neft tədarükünü azaldacaq
Dünya 14:18 13.01.2025

ABŞ-ın sanksiyaları sərtləşdirməsi Rusiyadan Çin və Hindistana neft tədarükünü azaldacaq

Çin və Hindistanın neft emalı şirkətləri Yaxın Şərq, Afrika və ABŞ-dan daha çox neft alacaq ki, bu da "qara qızıl"ın qiymətinin və nəqliyyat xərclərinin artmasına gətirib çıxaracaq. Bu vəziyyət Vaşinqtonun Rusiyanın istehsalçılarına və nəqliyyat gəmilərinə qarşı tətbiq etdiyi yeni sanksiyalarla əlaqədardır, hansı ki, bu, Moskvanın əsas müştərilərinə neft tədarükünün azalması ilə nəticələnəcək. 

Qaynarinfo xəbər verir ki, bu haqda treyderlər və analitiklər bildirir.  

ABŞ cümə günü Rusiyanın neft sənayesinə qarşı ən sərt sanksiyalardan birini tətbiq edib. Sanksiyalar əsas ixracatçılara, sığortaçılara, treyderlərə və donanmaya ağır zərbə vurub.  

Sanksiyalar çərçivəsinə iki böyük neft şirkəti - Qazpromneft və Surqutneftegaz, onların törəmə müəssisələri, bir sıra rus neft şirkətlərinin rəhbərləri, həmçinin neft daşınmalarını sığortalayan İnoqosstrax və Alfasığorta şirkətləri daxildir. Siyahıya 180-dən çox neft tankeri, Rusiyanın "kölgə nefti ticarəti" ilə bağlı olduğu iddia edilən treyderlər və neft xidmət şirkətləri daxil edilib.  

Yeni sanksiyalar Rusiya neftinin ixracına ciddi ziyan vuracaq. Bu isə Çinin müstəqil neft emalı müəssisələrini gələcəkdə emal həcmini azaltmağa məcbur edəcək, - bu barədə adlarının çəkilməməsi şərti ilə Çin ticarət dairələrindən iki mənbə bildirib.  

Rusiya neftinin təchizatında gözlənilən fasilələr fonunda dünya bazarında neft qiymətləri bazar ertəsi bir neçə aylıq maksimum həddə çatıb və Brent markalı neftin bir bareli 81 ABŞ dollarını ötüb.  

Sanksiyalara məruz qalan gəmilərə aid edilən 143 neft tankeri 2024-cü ildə Rusiyadan dəniz yolu ilə ixrac olunan ümumi neft həcminin təxminən 42%-ni, yəni 530 milyon bareldən çox nefti daşıyıb. Bu haqda Kpler şirkətinin baş yükdaşınma analitiki Mett Rayt bildirib.  

Bu neftin təxminən 300 milyon bareli Çinə göndərilib, qalan hissəsinin böyük bir qismi isə Hindistana tədarük olunub.  

"Bu sanksiyalar yaxın perspektivdə Rusiyadan neft daşıya biləcək donanmanı xeyli azaldacaq və nəticədə fraxt qiymətləri artacaq", - deyə Rayt vurğulayıb.  

Son 12 ay ərzində sanksiyalara məruz qalmış tankerlərin gündəlik olaraq Çinə 900.000 barel Rusiya nefti tədarük etdiyi bildirilir.  

Keçən ilin ilk 11 ayında Hindistana Rusiya nefti idxalı 1,76 milyon barel/gün səviyyəsinə yüksələrək illik hesabla 4,5% artıb və Hindistanın ümumi idxalının 36%-ni təşkil edib. Eyni dövrdə Çinə, boru xətti daxil olmaqla, neft tədarükü illik hesabla 2% artaraq 99,09 milyon metrik tona (gündə 2,16 milyon barel) çatıb ki, bu da ümumi idxalın 20%-nə bərabərdir.  

Yeni sanksiyalar Çin və Hindistanı alternativ olaraq sanksiyasız neft bazarlarına, o cümlədən Yaxın Şərq, Afrika və Amerika kimi regionlara yönəlməyə məcbur edəcək.  

Son aylarda Yaxın Şərq, Afrika və Braziliya mənşəli neft növlərinin spot qiymətləri artıb. Çünki Rusiya və İran neftinin tədarükü həm azalıb, həm də bahalaşıb.  

"Yaxın Şərq neftinin qiymətləri də artmaqdadır", - Hindistanın neft emalı sənayesinin nümayəndəsi qeyd edib:  

"Başqa çıxış yolumuz yoxdur, Yaxın Şərq neftinə keçməliyik. Ola bilsin ki, Amerika nefti də almağa məcbur olacağıq".  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->