Xəbər lenti

ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır?
Siyasət 22:53 23.09.2021

ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır?

Nyu-Yorkda Blinken-Çavuşoğlu, Bayramov-Nuland görüşlərində Qarabağ məsələsi müzakirə olundu. Diplomatik trafikdə bir neçə mühüm məqam əksini tapır.

Birinci məqam Vaşinqtonun Minsk qrupu mexanizmlərindən istifadə etmək istəyidir:

Nuland Bayramovla görüş haqqında atdığı tvitdə qeyd edir: ABŞ Minsk qrupu həmsədrlərinin mexanizmləri vasitəsilə regionda sülh və sabitliyə yardım etmək istəyir; Saxlanılan şəxslərin (erməni terrorçular) azad edilməsi və minalardan təmizləmə işində irəliləyiş istəyir; Siyasi barışıq üçün tərəqqini səbirsizliklə gözləyir;

Minsk qrupu formatında yeni masanın qurulması Azərbaycanın "qırmızı xəttidir”. Bakı həmsədr ölkələrə post-münaqişə dövrünə köklənməyi, Azərbaycan-Ermənistan münasibətlərinin qurulmasına və humanitar məsələlərə dəstək verməyi təklif edir. Bayramovun Nulandla müzakirələrdə bu məsələni diqqətə çatdırdığı istisna deyil. ABŞ-dan fərqli olaraq, Azərbaycan XİN-in görüşlə bağlı məlumatında Minsk qrupunun adının yer almaması, "tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar” qeydi də bunu deməyə əsas verir.

Bakı Vaşinqtona post-münaqişə dövründə işləmək təklifi edir və Nulandın açıqlamasında iki məqam da Vaşinqtonun post-münaqişə dövrü ilə bağlı mesajı hesab oluna bilər.

- Humanitar fəaliyyət: ermənilərlə mina xəritələrinin barter edilməsini istəyirlər;

- Siyasi barışıq: Bakının İrəvana təklif etdiyi "sülh müqaviləsi” də siyasi sülhdür; bu o demək deyil ki, ABŞ barışığın məhz Azərbaycanın istəkləri çərçivəsində istəyir, Vaşinqtona özünün iştirakı ilə prosesdə yekun nəticə lazımdır;

Minsk qrupu formatı ABŞ-a münaqişənin həllində iştirak etməməklə regionda zərər görmüş təsir imkanlarını bərpa etmək üçün daha çox təzyiq elementi kimi lazımdır: hədəf prosesi Rusiyanın nəzarətindən çıxarmaq, yaxud Rusiyanın təsirini azaltmaqdır; hərçənd, anlayır ki, bu format üzərində israrlı olmaq Bakının Moskvaya yaxınlaşmasına zəmin yaradır, bu baxımdan, Azərbaycanın mövqeyinə uyğun olaraq post-münaqişə dövrünə dair mesajlar verir;

İkinci məqam da Vaşinqtonun əsas niyyətinin Minsk qrupunu yenidən bərpa etmək yox, tərəflər arasında vasitəçi olmaq istəyi olduğunu göstərir:

Dövlət Departamentinin yüksək vəzifəli məmuru bildirir ki, ABŞ Bakı ilə İrəvan arasında sülh danışıqlarına dəstək vermək üçün yardım etməyə hazırdır və Vaşinqton hər iki tərəfə "eyni təklifi” verməyi planlaşdırır.

Vaşinqton hər iki tərəfin də qəbul edəcəyi hansı təklifləri verə bilər?

- Sərhədlərin delimitasiyasında iştirak: bunun mütəxəssis dəstəyi olması daha real görünür;

- Bakıda həbsdə olan ermənilərlə mina xəritələrinin barter edilməsi;

- İki ölkə arasında münasibətlərin normallaşdırılması;

"Qarabağ münaqişəsi”nin yenidən masaya daşına biləcəyi təklifini Bakı qəbul etməyəcək, bunu Vaşinqton da anlayır. Və bu məsələdə Bakının mövqeyini gücləndirəcək iki ölkə də var:

Rusiya: Moskvanın Bakı ilə gündəliyinin eynilik təşkil etdiyi çox az məsələlərdən biri məhz münaqişənin həll edildiyi mövqeyidir; ABŞ anlayır ki, regiona qayıtmaq üçün məğlub tərəflə (İrəvan) yox, qalib tərəflə (Bakı) işləməlidir və "münaqişə həll edilməyib” mövqeyi Rusiyanın əlinə oynamaq deməkdir;

Türkiyə: Vaşinqton təklifini Bakıya Türkiyə vasitəsilə göndərir və Ankara Bakının maraqlarına uyğun olmayan məsələdə yer almayacaq;

Bunun fonunda Rusiya XİN rəhbərinin müavini Andrey Rudenkonun açıqlaması diqqət çəkir. Rudenko bildirir ki, "üç həmsədr Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir-biri ilə, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməyi planlaşdırır. Bu baş verərsə, iki ölkə arasında normallaşma prosesinin praktiki forma alması üçün yaxşı əlamət olardı. Minsk qrupunu sülh prosesinin irəliləməsi üçün vacib bir vasitə olaraq görməyə davam edirik”.

Minsk qrupu formatının yenidən dirildilməsini münaqişənin onun vasitəçiliyi ilə həll edildiyi mövqeyinə zidd olan Rusiyanın bu açıqlamasının açması nədir?

- Moskvanın Minsk qrupuna təklif etdiyi "münaqişədən sonrakı dövrdə işləmək” təklifi qəbul edilir: bu, Bakının da mövqeyinə uyğundur;

Nulandın "ABŞ Minsk qrupu həmsədrlərinin mexanizmləri vasitəsilə regionda sülh və sabitliyə yardım etmək istəyir” ifadəsi də bu fikri gücləndirir: Vaşinqton həmsədrlik institutunun formatına qayıtmaqdan yox, mexanizmlərindən istifadə etməkdən bəhs edir;

Üçüncü məqam ABŞ-ın regionda Türkiyəni ilk dəfə tərəf olaraq qəbul etməsidir. Bununla:

1. Cənubi Qafqazda maraqlarını Türkiyənin üzərindən təmin etmək istəyir;

2. Rusiyanın "hakim” mövqeyində balans yaradır;

3. Öz cəbhəsini gücləndirmək üçün Türkiyə-Rusiya münasibətlərində rəqabəti artırır;

Türkiyənin tərəf kimi qəbul edilməsi Azərbaycanın əlinin güclənməsi, Qarabağla bağlı mövqeyinin Vaşinqton tərəfindən də qəbul edilməsi və prosesin Bakının istədiyi kimi post-münaqişə dövrünə köklənməsi deməkdir.

Türkiyənin tərəf kimi qəbul edilməsi həm də Ərdoğan-Putin görüşündə Ankaranın əlini gücləndirəcək və bu, Bakı üçün müsbət perspektivlər vəd edir.

Nyu-York danışıqları, ABŞ-ın Türkiyəni regionda tərəf kimi qəbul etməsi və post-münaqişə dövrünə dair mesajları geosiyasi proseslər, xüsusilə AUKUS (ABŞ, İngiltərə və Avstraliya) ittifaqının yaradılması fonunda təsadüfi deyil: Vaşinqtonun Londonda yeni ittifaq qurması Ankaranın Cənubi Qafqazda əsas oyunçulardan biri elan edilməsi və Bakının mövqelərinin önə çıxmasına şərait yaradır;

Və "Qarabağın statusu” üzərində daha çox dayanan Fransanın AUKUS-un hədəf taxtasına çıxarılması Ermənistanın son ümidlərini də zəiflədir.

Asif Nərimanlı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->