Xəbər lenti

ABŞ-ı heyrətləndirən azərbaycanlı qız – FOTOLAR
Foto 15:06 29.07.2018

ABŞ-ı heyrətləndirən azərbaycanlı qız – FOTOLAR

15 yaşı bu günlərdə tamam olub, ABŞ-da yaşayır. Növbəti tədris ilində 10-cu sinifdə oxuyacaq, həm də Şimali Dakota Universitetinin 2-ci kursuna gedəcək. Riyaziyyata böyük marağı var. O, orta məktəbin riyaziyyat proqramını öyrənib tamamladığı üçün imtahan verib, indi də universitetdə riyaziyyat dərsləri alır. Söhbət azərbaycanlı qız Selcan Əhmədlidən gedir. Bu bir istedaddır, yoxsa zəhmətin bəhrəsi? Elə bu sauala cavab tapmaq üçün Selcanın valideynləri və özü ilə söhbətləşdik.
  
Selcanın atası Azər Əhmədov da riyaziyyat sahəsindədir, Şimali Dakota Universitetində riyaziyyat professorudur. Deyir ki, qızı bu nəticəni zəhməti sayəsində əldə edib: "Vunderkind tipli uşaq olmayıb, qazandığı biliklərin çoxunu da ağır zəhmət hesabına əldə edib. Bu sahədə yetənəklidir, amma həm də vaxt sərf edir, çalışıb öyrənir. Biz onu burda bağçaya da çox göndərmədik. Çünki davamlı olaraq bağçaya qoysaydıq, ingilis dili onda birinci dil olacaqdı və Azərbaycan dilini öyrənməyəcəkdi. Birbaşa birinci sinifdən öncəki hazırlıq sinfinə gedib. Əvvəl Azərbaycan dilini öyrəndi, sonra ingilis dilini”.

Bir növ yaşından əvvəl böyüyüb 

A.Əhmədli deyir ki, övlad yetişdirilməsində elə fərqli üsul tətbiq etməyiblər: "Uşağın təlim-tərbiyəsində xüsusi üsulumuz, prinsipimiz olduğunu deyə bilmərəm. Lap kiçik yaşlarından yoldaşım ona dəmir nizam-intizam öyrədib. Əvvəllər, mən bir az bununla razılaşmırdım, amma indi yoldaşıma minnətdaram ki o yolu seçdik. Lap kiçik yaşlarından nizam-intizamlı uşaq olub. Bir növ yaşından əvvəl böyüyüb. 5 yaşında artıq çox şeyi anlayırdı. Çox rahat uşaq olub, bizi heç vaxt incitməyib. Harasa gedəndə özünü o qədər yaxşı aparırdı ki, təəccüblənirdik. Uşağa sevgi verərək böyütmüşük, başqa prinsipimiz olmayıb”.
 Atası deyir ki, qızında mənəvi xüsusiyyətləri daha çox kəşf edib: "Orta məktəbin ilk siniflərindən mənəvi keyfiyyətləri daha çox hiss olunurdu. Çox xeyirxahdır, həddindən artıq hissiyyatlı uşaq olub. Bu yaşa gəlib, amma inanmıram ki, yalan danışsın. Təbiəti, heyvanları dəhşətli dərəcədə sevən birisidir. Həmişə arzusu zooparkda könüllü işləmək olub. Yaşına görə indiyə qədər bu arzusu reallaşmayıb. Amma artıq yaşı buna imkan verir. Bu yay zooparka könüllü işləməklə bağlı icazəni alıb”.
 
 ...yaşıdlarından irəli keçə bilib

 Selcanın anası Kəmalə Qasımlı deyir ki, qızı məktəbə gedən gündən dərslərinə məsuliyyətlə yanaşıb: "Hələ balaca yaşlarından musiqiyə və idmana gedib. Məktəbə gedəndə isə dərslərinə çox yaxşı hazırlaşıb, intizamlı olub. Son 4 ildə yoldaşım da onunla dərsdən kənar məşğul olub. Özünün marağı olduğu üçün hər zaman atasına suallar verirdi, Azər də onun marağını gördüyü üçün əlavə məsələ və misallar verirdi. O da çalışırdı ki, tez həll edib bunu bacardığını göstərsin. Belə-belə o nələrsə edə bildi, yaşına görə əldə etdiyi biliklərlə çox irəlidədir. Riyaziyyat və digər fənnlərdə yaşıdlarından irəli keçə bilib”.

Marağım olmasaydı, bura yönəlməzdim

 Selcan deyir ki, riyaziyyata özünün marağı var, amma ailədə riyaziyyatçıların üstünlük təşkil etməsinin də burada yəqin ki rolu olub: "Atam və əmim riyaziyyatçıdır. Əmim Anar Əhmədov Minnesota Universitetində riyaziyyat professorudur. Nənəm riyaziyyat müəllimidir. Hətta nənəmin əmisi də riyaziyyat müəllimi olub. İki yaş yarım məndən kiçik əmim qızı Lalə də riyaziyyat üzrə çox istedadlıdır. O, riyaziyyatdan orta məktəb proqramını bitirmək üzrədir. Ailənin də təsiri olub, amma öz marağım olmasaydı, yəqin ki bura yönəlməzdim”.

Selcan bildirdi ki, riyaziyyata xüsusi marağı olsa da, digər fənləri də yaxşı oxuyur: "Bütün fənləri oxuyuram, hamısını da sevirəm. Amma ən sevdiyim fənnlər biologiya, riyaziyyat və ədəbiyyatdır. Boş vaxtlarımda çoxlu bədii kitablar oxuyuram. Bədii kitab oxumağı xüsusilə sevirəm. Mənim bir bloqum var, 9 yaşımdan bəri oxuduğum kitabların hamısını orda yazmışam. Günün əsas hissəsini dərslərə sərf edirəm, dərsləri hazırlayandan sonra pianino və skiripka çalıram. Bir də mənim bir dovşanım var, onunla oynamağa da vaxt ayırıram”.
 
Bu rejim məni həvəsdən salmır

Həm universitet, həm də orta məktəb dərslərinə vaxt ayırır. Bəs bu rejim onun üçün çətin deyil? Selcan deyir ki, insan sevdiyi işlə məşğul olanda çətinliyin öhdəsindən gələ bilir: "Universitet imtahanla məni tələbə kimi qəbul edib. Universitetdən ancaq riyaziyyat kursları alıram. Səhər tezdən universitetə gedirəm, dərslərimi götürüb sonra orta məktəbə gedirəm. Burda 9-12-ci siniflər yuxarı məktəb gedir. Mən artıq 9-cu sinfi bitirdim. Planımız budur ki, riyaziyyat təhsili ala-ala yuxarı məktəbi bitirənə qədər universiteti də bitirmiş olum, yaxud ona yaxın bir səviyyəyə çatım. Burda belədir ki, universitetdən istənilən dərsi ala bilirsən. Bəzi məhdudiyyətlər var ki, hansı dərsi hansı dərsdən sonra almaq olar, amma qalanları öz seçimin olur. Hələ ki riyaziyyatdan kənar dərs almıram. Yəqin ki gələn il də elə olacaq, o biri il fizika və digər fənlərdən dərslər götürərəm. Riyaziyyat fənn olaraq çətindir, bura gəlmək mənim üçün heç də asan olmayıb, çox çətinlik çəkmişəm. İmtahanlarda çox həyəcanlı oluram. Elə günlər olur gecə on iki, birdə yatıram, çünki ikisinin də dərslərini çatdırmaq lazımdır. Bu rejim məni həvəsdən salmır, çətin olsa da maraqlıdır. Riyaziyyata marağın olmasa, burda nə isə öyrənmək çətindir”.

Çox vaxt cavabı "get özün fikirləş” olur

Riyaziyyatla bağlı atasından da kömək alır. Amma deyir ki, atası çox vaxtı onu özü həll etməyə həvəsləndirir: "Riyaziyyatdan suallarım olanda atama müraciət edirəm. Amma çox vaxt cavabı "get, özün fikirləş” olur. Atam deyir ki, fikirləşmək çox vacib şeydir. Əgər bir şeyi yaxşı öyrənmək istəyirsənsə, üstündə düşünməlisən”.

Atası ilə yanaşı, müəllimlərinin də üzərində böyük əməyi olduğunu qeyd etdi: "Mən 6-cı sinifdə olanda Mrs. Boehm adlı ədəbiyyat müəllimim var idi. O, hansı kitabları oxumağımla maraqlanırdı, hansıları oxuya biləcəyimlə bağlı istiqamətləndirmələr edirdi. O, məni kitab oxumağa öyrətmişdi. Müəllimlərim mənim riyaziyyata belə marağımın olmasına sevinirlər. Universitetdə son semestr ərzində müəllimim Artem Novozhilov idi. Onun da mənə təsiri çox oldu”.
 
Selcan Azərbaycanda axırıncı dəfə 2012-ci ildə olduğunu deyir: "Azərbaycanı çox sevirəm. Amerika ilə müqayisə edəndə elə fərq yoxdur. Bir fərq o ola bilər, o da doğmalarımın çoxunun Azərbaycanda olması. Azərbaycan yeməklərini də sevirəm, çox dadlı olur. Anam çox gözəl yeməklər bişirir. Ən sevdiyim yeməklər plov və dolmadır”.

Riyaziyyat sahəsində özünü inkişaf etdirən Selcan gələcəkdə riyaziyyat və biologiya sahələrinə yönəlmək istədiyini bildirdi.

Mənbə: Kaspi.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->