Siyasət 17:52 27.01.2022

ABŞ-ın Kremlə cavab sənədi perspektivdə dünyaya nə vəd edir? (ŞƏRH)

"Cavab sənədindəki qeydlər göstərir ki, tərəflərin hansısa ortaq məxrəcə gəlməsi mümkündür”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ və NATO-nun Ukraynada cərəyan edən son olaylar fonunda Rusiyaya ünvanladığı cavab sənədini şərh edərkən deyib:
 
"Cavab sənədi göstərir ki, NATO və ABŞ postsovet ölkələrinin siyasi seçim olaraq bu və ya digər təşkilata üzv olmaq imkanlarının olmasında israrlı olaraq qalmaqdadırlar. Bu baxımdan Moskva bəzi postsovet ölkələrinin Qərb təşkilatlarına üzvlük məsələsinə müdaxilə etməkdən çəkinməli olacaq. Amma Qərblə Rusiya nüvə silahları, onların yerləşməsi, uçuş vaxtının tərəfləri qane edəcək məsafədə olması kimi məsələləri isə danışıqlar yolu ilə həll edə bilərlər”. 
Bununla belə T. Zülfüqarov qeyd edir ki, nəticənin əldə edilməsi üçün tərəflər hələlik bir-birinə qarşı diplomatik təzyiq və təbliğatı davam etdirəcək: 
"Təəssüf ki, bu təzyiq vasitələrindən biri də bu və ya digər şəkildə hərbi toqquşmanın olması ehtimalıdır ki, bu da istisna deyil. Ancaq böyük miqyaslı toqquşma olmayacaq”. 

Həmsöhbətimiz düşünür ki, Qərbin Rusiyaya cavab sənədinin məxfi olmasının səbəbi isə tək Avropa hissəsilə bağlı deyil, ümumdünya təhlükəsizlik mövzusunun da müzakirə olunması ehtimalı ilə bağlıdır:

Yəni digər bölgələrlə bağlı məsələlərin müzakirəsi də gözləniləndir. Təbii ki, ümumdünya təhlükəsizlik mövzusu deyəndə burada söhbət Çindən gedir. Bu baxımdan Qərblə Rusiya arasında geniş müzakirələrin aparılması mümkündür və bu baş verəcək”. 

Sabiq nazirin dediyinə görə, Qərbin bu cavabından sonra yaxın dövrlərdə onlarla Rusiya arasında növbəti görüşün anonsu da veriləcək: 

"Orta mənzilli nüvə daşıyıcıları ABŞ-dan başqa Böyük Britaniya və Fransada da var. Bu səviyyəli nüvə silahları habelə Hindistan və Pakistanda, bəzi mənbələrə görə, Şimali Koreyada da var. Bu baxımdan mövzu bir qədər böyüyür. Amma ilk addım olaraq həmin istiqamətdə Avropa hissəsini əhatə edəcək sazişin bağlanması düşünürəm ki, hər iki tərəf üçün artıq məqsəddir”. 

T. Zülfüqarovun fikrincə, bu cavabdan sonra tərəflərin hansısa ortaq məxrəcə gəlmələri də mümkündür:   

"Hər iki tərəf hələlik maksimal mövqe sərgiləməkdədir. Ona görə də ABŞ-ın cavabında hələlik məsələlərin qapalı şəkildə müzakirəsinin vacibliyi vurğulanır. Çünki indiki halda açıq müzakirə ictimai təzyiqlərinin artması ilə müşayiət oluna bilər. Bu təhlükədən sığortalanmaq üçün siyasi liderlər qapalı formata keçməyə üstünlük verəcəklər”.

Rüfət Sultan