Dünya 13:20 21.04.2021

ABŞ-ın yeni kiber NATO-su: Üç qrupda hansı ölkələr yer alacaq? (ŞƏRH)

"Rusiya Xarici Kəşfiyyat Xidmətinin hakerlərinin ABŞ-ın SolarWinds və digər şirkətlərinə kiberhücumu Vaşinqtonu ciddi təhlükəsizlik tədbirlərinin görülməsi zərurətinə inandırıb. ABŞ-da anlayırlar ki, bu tədbirlər görülməsə, kiber fəlakətlə üz-üzə qalacaqlar. ABŞ açıq, paylaşılan, təhlükəsiz və etibarlı bir internetin tərəfdarı olsa da, Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələrin mövcud olduğu dünyada kiber təhlükəsilik mümkün deyil. Kiber təhlükəsizliyin təmin edilməsi üçün Vaşinqton iki istiqamətdə addımlar atacaq”.

Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli ABŞ-ın yeni kiber NATO-sunun yaradılmasını şərh edərkən deyib. Onun sözlərinə görə, ilk istiqamət kiber məkanda dövlətlərin məsuliyyətli davranışlarının təmin edilməsi, zərərli kiber fəaliyyətə qarşı birgə səylərin artırılmasıdır: 



"Siyasətciləri bu prosesə hazırlamaq üçün kiber hadisələrin siyasi və texniki aspektlərinə dair kurslar keçiriləcək. Bu kurslar Almaniyadakı Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzində təşkil olunacaq. Bu mərkəzdə kiber təhlüksəiliyin təmin olunması üçün kiber məkanda beynəlxalq hüququ tətbiq edəcək siyasətçilər və hüquqşunaslar hazırlanacaq.

Vaşinqtonun kiber təhlükəsizliyin təmin olunması üçün görmək istədiyi ən önəmli addım isə kiber məkanda kollektiv təhlükəsizlik sistemi yaratmaq istəyidir. İnformasiya Texnologiyaları üzrə mütəxəsislərin kiber NATO adlandırdıqları "CYBER FLAG 21-1” kiber məkanda kollektiv təhlükəsizlik sistemi bazasını yaratmalı, ABŞ və müttəfiqlərinə yönələn zərərli kiber fəaliyyətləri müəyyənləşdirmək, uyğunlaşdırmaq və yekdilliklə cavab vermək imkanlarını təmin etməlidir. 

ABŞ-ın CYBER FLAG-da görmək istədiyi ölkələrin sırasında hansı ölkələrin olacağı tam aydın olmasa da, NATO-nun bütün üzvülərinin bu qurumda təmsil olunmayacağı aydındır. Postsovet ölkələrindən yalnız Estoniyanın bu qurumda təmsil olunacağı gözlənilir. NATO-da təmsil olunan Şərqi Avropa ölkələrinin və Türkiyənin CYBER FLAG-da təmsil olunması hələlik mümkün görünmür. Ancaq Şərqi Avropa ölkələri CYBER FLAG-da təmsil olunmaları üçün qarşıdakı qısa zamanda çox iş görmək niyətindədirlər. Bu da anlaşılandır. Təhlükəsiliyini düşünən hər bir ölkə ən mükkəməl təhlükəsizlik çətirinin altında olmaq istəyir.  

ABŞ-ın yaratmaq istədiyi sistemin mahiyyəti tam bəlli olmasa da, ekspertlərin dəyərləndirməsinə görə, CYBER FLAG yaradıldıqdan sonra dünya üç yerə bölünəcək. Birinci qrupu CYBER FLAG-da təmsil olunan ölkələr təşkil edəcək ki, onların kiber təhlükəsizliyi kollektiv şəkildə təmin ediləcək. İkinci qrupa CYBER FLAG-a daxil olmayan, ancaq tərəfdaş ölkələr daxil ediləcək. Bu qrupa daxil ediləcək ölkələrlə CYBER FLAG-a daxil ölkələr arasında geniş əməkdaşlıq olacaq, ancaq onlar təhlükəsilik çətirinin altında olmaycaqlar. Üçüncü qrup ölkələrin sırasına isə CYBER FLAG-a düşmən ölkələr daxil ediləcək. Buraya Rusiya, Çin, İran və Şimali Koreya ilə yanaşı, internetin azad olmadığı ölkələrin aid edilməsi gözlənilir. 

Mütəxəsislərin fikirincə, üçüncü qrup ölkələrdən CYBER FLAG-a daxil olan ölkələrin kiber məkana birbaşa daxil olmaq mümkün olmayacaq. Bunun üçün kiber məkanda xüsusi filtir yaradılcaq ki, CYBER FLAG-a daxil olan ölkələrin kiber məkanına bu filtirdən keçməklə daxil olmaq mümkün olacaq. Bu isə kiberhücumların qarşısını almağa imkan verəcək.

CYBER FLAG-ın düşməni hesab olunan ölkələrdən İnformasiya Texnologiyaları mallarının və xidmətlərinin satın alınması qadağan ediləcək. Eyni zamanda bu ölkələrin ərazsində yaşayan mütəxəsislərin xidmətindən imtina ediləcək. Mütəxəsislər hesab edir ki, bu tədbirlər üçüncü qrupa daxil olan ölkələri texnoloji və iqtisadi cəhətdən  üçüncü dünya ölkəsinə çevirəcək”.

Orxan Əhmədli