ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsi ilə bağlı Rusiya lideri Vladimir Putinlə aparılan "nəticəsiz danışıqlardan" sonra Moskvaya ultimatum elan edib. Kreml isə bu bəyanata biganə yanaşıldığını bildirib.
Qaynarinfo xəbər verir ki, Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev bu barədə "X” sosial şəbəkəsində açıqlama verib.
Onun fikrincə, Trampın ultimatumunun "teatral xarakteri” var və Avropa bundan daha ciddi addımlar gözləyirdi.
"Tramp Kremlə teatral ultimatum təqdim etdi. Dünya nəticələri gözləyərək həyəcan keçirdi. Hərbiləşdirilmiş Avropa isə məyus oldu. Rusiyanınsa vecinə deyil”, – deyə Medvedev yazıb.
Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Kremldən məyus olduğunu bildirib – Vladimir Putinlə "xoş tonlu” danışıqlar Ukraynadakı müharibənin dayandırılmasına heç bir nəticə verməyib. Bu səbəbdən Tramp Moskvaya ultimatum verib: əgər 50 gün ərzində Kiyev və Moskva arasında "ədalətli” sülh sazişi imzalanmasa, Ağ Ev "ikincili sanksiyalar” tətbiq edəcək.
Bu sanksiyalarla Rusiya nefti və qazını alan ölkələrdən ABŞ-a idxal edilən məhsullara əlavə gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur.
Bundan əlavə, Tramp Ukraynaya əlavə silah tədarükünə başlamağı vəd edib – xüsusilə Patriot zenit-raket sistemlərini və onlara aid döyüş sursatlarını.
Alpər
Şərhlər