ABŞ-la Çin arasında 30 ildən sonra ilk dəfə diplomatik səviyyədə casusluq böhranı yaşanır.
Qaynarinfo "Nyu York Times"a istinadən xəbər verir ki, ABŞ Virciniya və Norfolkdakı hərbi bazalara icazəsiz girməyə çalışan 2 çinli diplomatı səssiz şəkildə deportasiya edib. Rəsmilər ölkədən çıxarılan diplomatlardan ən az birinin kəşfiyyat zabiti olduğunu düşünürlər.
Sentyabrda baş vermiş hadisədə sözügedən diplomatların həyat yoldaşları ilə birgə bazaya daxil olmaq istədikləri, lakin icazə vərəqələri olmadığından ərazini tərk etmələri tələb olunduğu bildirilib.
Çinli qrupun bazanın ərazisini tərk etməkdənsə, içəridə bir müddət avtomobillə gəzdiyi, bu müddətdə əsgərlər tərəfindən dayandırıldıqları qeyd olunur. Diplomatların ingilis dilini zəif bilmələri səbəbindən xəbərdarlığı anlamadıqlarını iddia etdikləri deyilir.
Kəşfiyyat rəsmiləri və Federal Təhqiqatlar Bürosu onların xüsusi təyinatlı qüvvələrin olduğu hərbi hissənin təhlükəsizliyini yoxlamaq üçün orda ola biləcəyini düşünürlər. Nəşrin yazdığına görə, həm Çinin Xarici İşlər Nazirliyi, həm də Vaşinqton məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, ABŞ sonuncu dəfə casusluqda ittiham olunan çinli diplomatı 1987-ci ildə deportasiya etmişdi.
Çingiz
Şərhlər