Könül Nuriyeva
Sənət 11:46 09.04.2021

Adamın birdən Lilit olmağı gəlir, öpəsən pis adamları, ölələr... – Məryəm surəsi

Könül Nuriyeva

 

Səni anlayıram, Məryəm...

 

Bu dünyanın, bu həyatın ən vacib sualını məndən soruşsalar, "hansı evə doğuldun?" deyərdim. Dünyaya günəş doğdu, məhz belə!

 

"Dünyada günəş doğuldu" deyilmədiyi kimi, "hansı evdə doğuldun?" fikri də uyğunsuz təsir bağışlayır.

 

Bu baxımdan Pərviz Cəbrayılın "Məryəm sürəsi" günlərin birində, mənim evimə doğulmuşdu. Ama bundan xeyli əvvəl, Məryəmin hansı evə doğulması, ümumiyyətlə, anasının, atasının olması məsələsi vardı. Asan olsun deyə, səbəbləri, baş verənləri sürrealist cərəyana bağlamaq olardı. Deyərdik ki, Məryəmin istəyi uğrunda qət etdiyi uzun yollar, taleyindəki əhvalatlar,şüurdan üstün, dərkedilməsi çətin olan hadisələr instiktiv qüvvələrin, dar ayaqda yaradıcı qüvvənin işidir, sürrealistlərin "şüurdan instinktə" keçid teoriyasına uyğundu.

 

Bəs onda, ağıl ilə xəyal arasındakı xətdə Məryəm harada dururdu?! Var idimi o, doğulmuşdumu?

 

Romanın sonunadək Məryəm arzu və reallıq arasındakı ziddiyyətini həll edə bildimi?

 

O, şüurunun nəzarəti olmadan düşüncələrini təsvir edə bildimi?

 

Tələskən taleyində içində qaynayan qadının qanını anlaya bildimi?

 

Kitabın sonuna kimi atəşli qəlbini eyni qürurla sükunətdə saxlamağı bacardımı?

 

Yoxsa bir çox qadın kimi duyğularının onu dalğalandırmasına aldanıb, qadınlığıyla iradəsiz bağlılıq sazişinə qol qoydu?

 

Məryəm obrazının ən diqqəti cəlb edən xüsusiyyəti onun qanunauyğunluqdan, səbəbiyyət asılılığından kənarda şərh edilməsidir. Özü-özünü seçmək kimi...

 

Müəllif kitabında, əzabın səbəbini oxucunun ixtiyarına verməklə, ekzistensializmə dəvət göndərir, oxucuda başını soyuq suya salıb çıxaran adam təsiri yaradır. Məryəmin dərdi, bu cərəyanın xarakteri olan - dünyanın qeyri-mütəşəkkiliyi deyil. Məryəmi disharmoniya narahat etmir. Ama onun insan qarşısında qorxusu var. Qadın saçından dırnağına kimi harmoniyanı, rastlaşdığı hər kəslə - şairlə, İsmi ilə, keşişlə istəmədən yaradır.

 

Lakin Məryəm məğlub deyil, olmadı, alınmır. Reallıqdan anlamsız şəkildə uçub getdiyi günlərində belə, Məryəm torpağa bağlıdır. Ehtimalları düşünmədən addımlayır. Sevgi kəlməsini xəsisliklə işlədən, bəlkə də heç işlətməyən qadın, ekzistensializmə də sığmır. Çünki o özünə qapanmayıb, dünyanı özünə çəkib. Məryəm həyatının ən çətin anlarında, ac-susuz, zorlanmış, dağ basılmış günlərində də xaosa bulaşmır. Eləcə, anasının ovucundakı xətlərin bu başından o başına kimi yol gedir, roman boyu. Anadan keçən yol, məgər dünyadan keçən yol deyilmi?..

Umay öz diliylə deyir, ama səssizcə "bu xətlərdən yenə keçərəm bəlkə, ama bir daha doğulmaram".

 

Və müəllif məni, düşünürəm ki, yəqin bir çox oxucunu öz qəhrəmanı, uslubu ilə çətin vəziyyətə salır, - ona uyğun cərəyan tapa bilmirik,- işin cazibəli tərəfi isə budur ki, müəmmalar bizi Məryəmə sıx bağlayır. Adam işini-gücünü atıb, cazibənin sehrindən çıxmaq yerinə, uslubda, cərəyanda, xətdə ilişir.

 

Sonra qəhrəmanlar adamın yuxusunu ərşə çəkir, "niyə"lər "necə"lərə və sonsuz suallara səbəb olur. Və heç birini də müəllifdən soruşmursan ki, obrazın daxili halını özün həll edəsən...

 

Kim dəyərləri pozursa, o yaradıcıdır, deyirlər. Məryəm dünyaya gəldiyi gündən ağac koğuşundan başlayır yeniliyə... Həm də çinar ağacından. Çinarın rəmzlərini xatırlatmağa ehtiyac olmadığı kimi, istəyi uğruna gedən insanı - qadını sorğulamağın da yeri yoxdu. Müəllif bir dəfə də Məryəmi sorğulamır, üzə vurmasa da, əzizləyir. Dəfələrlə dirilik və yarıcanlılıq arasındakı yolda qalan qadını, kim kitabın sonunadək qoruya bilərdi, Pərviz Cəbrayıl kimi müəllifi olmasaydı?..

 

Məryəmi romanın sonundək bir şey üzürdü; görünməyən əllər, sahibsiz səslər. İşığa-Umuda çatmaq üçün, Məryəm dərinliyə-qaranlığa, dibə getməliydi, getdi də.

 

***

 

- Can, Um...ay...

Romanın hər sətrindən boylanan, nəvazişli bu səs, təkcə bir yerdə - Dilsuz müəllimin lacivərdi məxməri səsinə çatanda susur bir müddətlik. Pərviz Cəbrayıl ölkənin müəllimini səsindən tanıyır. Güclü xarakterli yazıçı Dilsuz müəllimə yetişər-yetişməz, duyğulanır elə bil. Yenə özünü sındırmır, məhəbbətini bildirmək onun işi deyil axı. Təbiəti köməyə çağırır, deyir ki, vəsf et bu kişini: "bu səs yasəmən ləçəklərinin üzərinə zərrə-zərrə toplaşan şeh damlalarının addım səsiydi".

 

Sonra qayğısız insan həyatına, dünyanın hər yerində olduğu kimi, paxıllığı tutur kimlərinsə... Molotov kokteyli, xaricdən gələn "dost" məktubları, üzdən gəlirli görünən, tələyə salmaq məqsədi güdən tərcüməçilik işi...

 

İsti yay günündə yanmaq da hər oğulun işi deyil. Dilsuz gedişiylə də, tıxacları boğaza dirənən şəhərə ismarıc ötürür: mən boynumu həlqədən azad etdim, qaldınız siz.

 

Məryəm yaxşı qız olur. Bəzən. Ama o da Dilsuza qarşı insafsızlıq edir, üz çevirir müəllimindən, elə bilir ki, o da pula-paraya, şöhrətə satılıb. Ama Dilsuz susmalıydı. Susa-susa başına gəlməyən oyun qalmadığı halda, yenə susmalıydı. Onu işlə imtahana çəkə bilməsələr də, bütün ömrünün üstündən xətt çəkdilər, müəllif belə deyirdi. Bilmirəm niyə, mən elə hey Dilsuzdan danışmaq istəyirəm. İçimizdə Dilsuz yaşayırmı, bu səbəbdən ola bilərmi? Biz, onun güc-xoş üz çevirdiyi dünyada, onun əkiz tayları deyilik, görəsən?..

 

***

 

Qanları qaynar, dayaz mühakiməli, maksimalist gənclər romanda özlərini ağıllı aparmağa çox çalışırlar: Əsli, İsmi, Kozetta, Sona...

 

Onların hər biri başını qarışdırmağa nəsə tapır, uzun mübarizədən sonra, nəticəsizliyi anlayırlar. Bircə Məryəm uşaqlığından Düymə arvadla Atanın təzyiqlərindən başlayaraq, məktəb direktorunun onu zorla basıb oturtduğu gündən, üzü bu yana dayana bilmir, dayanmaq istəsə də. "Kəl kimi güclü direktor onu diz çökdürə bilməmişdi. Elə isə onun əzəmətli ölkəsi niyə zəlil gündəydi?.."

 


 

 

"Onda, getdik..."

 

 

Müəllif kitaba "Sənin üçün, əziz Umayım" deyərək başlayır, mən isə kitabın son cümləsini başlıq kimi verirəm. Steynbekin "Adamlar və siçanlar"ındakı son cümlə yadıma düşür: "Onları birləşdirən nəydi?!" İsmi və Məryəmi deyirəm...

Pərviz Cəbrayıl isə "mürəkkəbini suların apardığı kağız gəmi”nin sözsüz, ağ halıyla, ruhiyyəsiylə başlayır romanına. Görəsən, Ryazanovun filminin adı kimi amansız roman olmayacaq?!.

 

Pərviz Cəbrayılın "Məryəm sürəsi"ni əlinə alanda onunla bir saniyəlik, tam sakitlikdə, ama bütöv ünsiyyətdə olmadınsa, o kitabla çətin anlaşarsan.

"Sənin üçün, əziz Umayım" deyilişi ünsiyyətdən çox-çox üstün duyğu verməkdəydi... ta ki sonadək.

 

"Dünyanın boğazından" bizi qurtarmağa gəlmiş kimiydi bu kitab. Hələ ilk səhifədən ifadələrdə, deyimlərdə ilişir adam, duruxur "gözüylə su atmaq" nə deməkdi, düşünür...

 

"Qara üzlü qarın" qara tərəfləri bəyazniyyətli kimi görünən adamlarla səssiz mübahisəyə çevrilir. Niyə mübahisə edirsiniz ki?!

Axı həm qara üzlü qar, həm "bəyazniyyətli", içi qara adamlar eyni tərəfdən yağır...

 

Roman İsminin evinə oxucunu qonaq çağırır. Ama getməməliyik. Çünki o evdə uzun müddətdir ki, görüşməyən Umayla İsmini təklikdə qoymaq lazımdır. İsminin xarakterinə bir cümlə yaman yaraşır: "Əlində, ovucunda arzulardan, ümidlərdən, dünya malından, yalnız o bir nöqtənin qaldığı kimin ağlına gələ bilərdi? Onun da üstünə qar yağır, İsmi, xəyalına gətir..." Sakit görünən, hətta nə qədər danışsa da, nəyəsə görə mənə qaradinməz təsiri bağışlayanİsminin sona qədər, bütün həyatına, iç dünyasına, hətta demək istəyib, tez dilindən qaytardığı bütün sözlərinə qar yağır. Həm də daş kimi ağır qar, qara məxsusluğunu itirmiş qar.

 

Həyatda elə insanlar var, baxırsan ki, gözəl xüsusiyyətlərə malik deyil, öldür budur, ama onu çox sevirsən. İçindən qalxan atəş kimi olur - sərinləməyə gedirsən, yenə içindədi, buz kimi su içirsən, bəlkə sovrula gedə, buz kimi çayda çimirsən, bəlkə içindəki atəş-adam uzaqlaşa. Barı, heç olmasa köz ola, belə yandırmaya. Olmur ki, olmur... Umay kimi.

 

Şairlə yazışanda profil şəkli kaktus olan qız qucağında daşıdığı tikanlı gülü ilə ilk vərəqlərdən diqqəti cəlb edir. Nə çoxdur onun "tikanlarını" öpmək istəyən.

Hamı, nəyəsə görə bu qızı görəndə "kövrəlməyin dərəcəsini itirir".

 

Umay isə diliylə deməsə də, gözləri ilə söyləyir: "Qarşılıqsız öpüş edam hökmündən ağırdır!"

 

Hadisələr bir otağın, bir lampanın, iki yanıb-sönən siqaretin ağuşunda davam edir, qəhrəmanlar fiziki təmasdan uzaq olsalar da... Adam özünü nağıl dinləmiş kimi hiss edir. Ocaqdakı alov Saramaqonun kitabındakı kimi, bəlkə ondan daha da artıq Pərviz Cəbrayılın "Məryəm surəsi"ndə adamı lap kökə, dərinliyə aparır. Niyə cazibəlidir, niyə baxdıqca baxmaq (oxuduqca oxumaq) istəyirik?!

 

Saramaqo bunu odla bağlı olaraq, şüuraltıda gizlənən ibtidai insanın od əldə etmək, ona bağlanmaq cazibəsindən ayrıla bilməməsiylə əlaqələndirirdi. Pərviz Cəbrayıl isə millilikdən elə istiqanlılıqla yapışıb ki, od belə soyuq qalır.

 

Umay və İsminin bu otağa qədər bir keçmişi var, hər birimizdə olduğu kimi. Kim deyir ki, qəhrəmanlar kitabdan gəlir? Onlar həyatdan kitaba, Umayın sığındığı o otağa gecə-gecə nahaq gəlməyiblər ki...

 

Müəllif Umayını çox əzizləyir, adamın qısqanclığı tutur, hətta onun "aslan pəncəsi kimi bel qıran" sözlərini xüsusi sadəliklə söyləyir.

Umaya başqa ad qoymağı mənə tapşırsaydılar, ona "bədəni azadlıq nişanələriylə dolu olan qız" deyərdim.

 

Gecə uzundu, söhbət onu qısaldır. Dilsuz müəllim gəlir söhbətə, dad kimi. Özü öz yadından çıxan adamdı o. Hamını düşünən, özünü həyata vecsizliklə atan, "götürün, məndən nə düzəldirsiniz, düzəldin!" deyən insandı Dilsuz müəllim. Hətta ölüm anında üzünün öpülməyə yeri olmayan insan fədakarıdı. Eləcə, tənzifdən öpüb, son istəyini birtəhər yerinə yetirdilər, tələbələrinə xəbərsiz əl tutan müəllimi.

 

Müəllif bir kitabda, hər biri ayrı mövzuya yar olacaq söhbətlər edib: cəmiyyətdəki müəllimin dərin iztirabı, sıxıntısının gizlədilməsi, qızların adətlər zəncirindəki çabaları, müftəxor, vicdansız adamın yaxşı tərəfləri, mollavari düşüncələrin gülməli nüansları, azadlığa, gəncliyə dəstək, siyasi baxışlar, ata sindromu, qeyri-səlis nəzəriyyənin ədəbiyyata tətbiqi, ədəbi cərəyan bolluğu və eyni zamanda yoxluğu...

 

Ama kitab müəmmadı... Baxırsan ki, realdı, kənddi, şəhərdi, insanlardı, elə gördüyümüz, bildiyimiz. Bəs boynu xaçlı adam kimdir? Niyə İsa olur, niyə Umud olur? Bu ölkədə bir İsa doğula bilərmi? Niyə xaç sədrin iş otağından, daha doğrusu, məşuqəsinin əlindən başlayaraq bu boyda yol gəlir, ta kitabın sonunadək?

 

Kim Umayın bətninə qoydu o körpəni?

 

Qoydusa, doğuldusa, hanı körpə?

 

Niyə körpə doğulan gün Umay ana Ümidinə "qovuşdu”, ta 68 yaşında? UMUD-müəllifin dediyi kimi, Azərbaycan qadınının ümidi vahiddir, birdir, nəsildən-nəsilə, bu romanda isə Umay anadan miras kimi Umay qıza ötrülür. Romanın verdiyi bu ismarıca heyrətlənməmək mümkün deyil!

 

Məryəmə çevrilən Umay itirdiyi xaçını sonda tapdımı? Məryəmin hicaba bu qədər sakit, bir cümləlik sözlə keçməsinin alt mənaları nə?

 

Kitabın sonundakı üçhərflik sözlər nə mənaya gəlir? Erməni obrazlarına, onların məktub, xeyirxahlıq əməllərinə görə nə düşünməlidir oxucu? Cəza tədbirlərindən bəhs edən hissələr, bəşəriliyi əks etdirirmi?

 

Məryəmin kişi zehinli, iti mühakiməli fikirlərini real dünyamızda daşıyan çox qadın varmı? Azdırsa, niyə?

 

Seksual inqilaba çalışan gənclər nəticələrdən razı qalacaqmı? Allahın bu kitabdakı kimi, geniş izahı düşüncələrimizdə nə yenilik etdi?

 

"İnsafınız olsun, Pərviz Cəbrayıl!" - deyib, gülümsəyib, müəllifdən suallara cavab istəyir oxucu. Adamın gözləri qürurdan, üzünə, simasına sığışmır, yazıçının mürəkkəbliyi, hadisələri şaxələndirmək bacarığı heyran edir. Çoxbudaqlı ağac kitabın əvvəlində külək səbəbiylə dolaşır, sonda nazlı meh - yazıçı əli onu səliqə-sahmana salır.

 

Kitabın müəmması bizim ən acı reallığımız - erməni dərdimizlə, işğal dərdimizlə elə birləşir ki, məktublarda, detallarla yazılan sözlərdəki həqiqətləri oxuduqca, "axı düzdü, axı olmamalıydı, axı..." deməyə bilmirsən. Nə acı ki, həmin məktublar yenə Dilsuz müəllimə gəlir, dərd yuvasına dərd kimi.

"İnsanı fəht edin, bundan qabaqsa onu görün" dərinliyinə enə bilən müəllif heç cəhd etmədən, eləcə yazıçı əziyyətinin bir zərrəsini bizə göstərmədən, dərinliklərdə çaşdırır oxucunu. Düşünürsən: kaş ki, Umay sevgidən dünyaya gəlsəydi, axı Leyli onu üç aylığında doğdu, bəlkə sevgidir onun atası? Bəlkə, ana bətnindən birbaşa zamana keçdi uşaq, bəs niyə üç ayda? Bu virtual səfərdə paralel zamanları oxucu tuta biləcəkmi?

Görəsən bu ölkənin hər qadını yeni umud doğmaqdan və onların yoxa çıxmasından yorulmadımı?!

 

Ata adlı obraz ataların özünə yenidən, daha şüurlu surətdə baxması üçün çox uğurlu addır, deyilmi?

 

Dilsuz müəllim bir də dünyaya gəlsə, ilk məktubu oxuyardımı? Hə, dəqiq, yenə oxuyardı. Ama ondan üz çevirən tələbələrinə yenə gizli kömək edərdimi? Edərdi. Dilsuz kimi adamlar dinməzcə yaşayar həyatı. Yaşayarmı?!.

 

Müəllif İsmi və Umayı bir otağa mehman etməklə sanki bizə demək istəyir: böyük şəhərdə, ondan da böyük dünyada sizə yer yoxdu. Çünki siz, əsas da sən

 

- Umay bu dünyadan bir çinar ağacından savayı heç nə istəmədiyin halda, sənə çinar yoğunluqda, çinar hündürlükdə dağlar çəkildi, indi otur bu otaqda, çıxma...

 

İsmi ilə Umayın söhbətlərində adamı kədər bürüyür. Sevinməli olduğun halda gələn kədər. Çünki yazıçı İsminin ürəyinə girərək deyir: "Hələ-hələ ən çətin anında düz-dünyada təkcə səni seçən, ağlına səni gətirən, qarşısında hamıdan çox günahkar olduğun adam ola və sən illər ötsə də, zərrəcə umudun olmaya-olmaya yenə onu sevəsən. Sevəsən, özü də hər şeyi bilə-bilə..."

 

Elə bil İsmi qızı dinləmir. Kor-koranə bu cümlələri ürəyindən beyninə, beynindən ürəyinə təkrar-təkrar yolçuluğa göndərir.

Müəllifin bütün qəhrəmanları, hətta gülməyi günah bilən mollası da, rəqəm tanımayıb, kiloyla pul çəkən Atası da, namazı cani-dildən qılan, uşağa isə zülm edən, işgəncələr verən Düyməsi də içəridən xilas ola bilirlər, ama öz içlərindən yox!..

 

Ata həkimin dediyi "şahzadə gələcək..." kəlməsindən yaman diksinir. Adama elə gəlir ki, bu cümlədən "kədərdən qabıq verən qapı" da narahat olur. Ata camaata zülm etsə də, kəndin güzəranına çəki-düzən verir. Toyu olanlara hədiyyə verir, yasın ağırlığını çiyinlərində daşıyır, Bakıda oxuyanlara kömək edir. Müəllifin obraza bir rakursdan yanaşmaması diqqəti cəlb edir. Hər halda, o, Leylinin də könlünü qazanmaq üçün az əlləşib-vuruşmur. Leyli üçün isə həyat "cücələrə verilən yumurta sarısı" kimi pis iyli olur.

 

Məryəm Vano ilə rastlaşanda ağlına gələn ilk fikir isə bu olur: "Hər halda Atadan qorxulu adam olmayacaq ki..."

 

Sovetskidən gətirilən, qaçırılan, aldadılan, zorlanan Leyli susaraq kitabın əvvəlindən sonuna kimi danışır. Qızı Umayın saçlarıyla, yuxularıyla. Deyəsən Umay cəsarətdə anasını ötüb keçir, məktəbin komsomol, pioner rəhbərlərinə, ikiüzlü müəllimlərə, özünü hökm sahibi bilən direktoruna qarşı çıxmaqla. Müəllif burada bütün siyasi rejimə zədə vuran cümlə işlədir. Bir qızı diz üstə çökdürmək bu qədər çətindirsə, bəs mənim ölkəm niyə zəlil gündədir, deyir. Dayanır oxucu... uzunmüddətli dayanır - axı bu cümlə bütöv Azərbaycanın tarixini oxumağa barəbərdir!

 

Mərdliyi çox, işğalı ondan da çox olan ölkənin taleyi məktəbdən, balaca qızdan başlayır.

 

***

 

Cəmiyyətin haqqı deyə bilməyib, özünü sığortalayan günlərində müəllifin qadına münasibəti, qadının hər çalarına nəinki diqqət çəkməsi, əslində onları rəngləməsi oxucuda təəccüb doğurur. Nə qədər Avropaya meyillilik deyib, geyim tərzini dəyişdirsək də, yerli mühitdə bu cür demokratik baxışlı yazıçı adamda maraq doğurur: "Sən təbiət kimi adamsan. Harmoniyan var. Heç vaxt qəhbəlik etməzsən. Nə etsən, təbiət kimi edərsən. Düşünmədən. Sırf harmoniyadan. Ona görə səni hərə bir cür sevir. Çün səni sevmək öz parçasını sevmək kimidi", - bu sözlər, xüsusən də qadının təbiətlə bağlılığı, əslində isə insanın təbiətlə bağlanması, sonra "kaktus qızın" tikanlarını, onu sevənlərə batırması ilə nə gözəl ahəng təşkil edir. Hər halından bəhs edilən insanın təbii dadında olan təbiətlə üzbəüz qarşılaşdırılması romanın bir neçə yerində var.

 

"Dərdin tarixi" fənnindən danışır Pərviz Cəbrayıl. Hamımızın həsrətində olduğu, tamarzı qaldığımız həmin adamdan, - "təsəlli üçün bir söz deməz, di gəl elə bilərsən, sənə ana laylası çaldı, ata sığalı çəkdi; işığının sehrində hətta bir az dərdsizliyindən narahat olarsan; adamı bir acısıyla yükləməz, bir dərdinə şərik etməz..." - adam kitabın sonundək onu axtarır, o yer əhli olmayanı. Kitab bitir, həyatda axtarır. Həyat bitir, ölümdən sonra axtarır, qanadları olan adamı.

 

Bir romanda oxucu bir otağa neçə dəfə daxil olar, yenə çıxar?! Elə bil dünyanın bu başından girib, o biri başından çıxmış kimi. Nətəhər olursa, roman Umaydan bəhs etsə də, biz elə dəfələrlə "gerçəkdən bu qədər qan tökülüb, ancaq dərindən baxanda, sanki savaş yox, uşaqlıqda öyrəşdiyimiz dava-dava oyunu gedir, bircə adam bunun başqa cür olduğuna inanmır" - bu bitməyən dərdimizə tuş gəlirik. Dünyanın tərsə üzü də bizimçüm bu dava olur, düz üzü də. Nə illah ediriksə, qurtula bilmirik axı...

 

***

 

Bu ölkənin şairi var, hə, adi şairi. Romandakı şairlə çox oxşayır. Yerli-yersiz intihara meyl edir, ailəsinin, doğmalarının onu həyata bağlamadığı məqamdadı. Şairin doğma divarlar sıxır, bərk sıxır. Yazıçı dünyada analoqu olmayan məqamı vurğulayır - şair dünya mühacirlik tarixinin praktikasının əksinə olaraq müxalifətin ucbatından miqrasiya edir. Ama əvvəllər çox bağlıydı axı elinə, yurdunun adamına, şeirinə, şeirini həsr elədiyi keçmişdəki qıza - indiki arvadına...

 

Niyə mənasız oldu ki, həyatı?

 

Hə, bilir özü "şair məhrumiyyətinin heç bir gələcəyi olmadığını” dərk etdiyi gündən. Hərə öz şeirini yazırdı, kimdi şairi oxuyan... noolsun adı Nəsimiydi?..

Romanın ən əyləncəli hissəsi - M77 ilə şairin yazışmasıdı. Həm də, yazışma azarını, texnoloji vaxtalmanın ən yolxucusunu nəsrə gətirmək də bizim müəllifin uğurlu yanaşmasıdı. Telefonlardan, kompüterlərdən asılı qalan, orda sevən, orda dalaşan, orda ayrılan, söyən, həsrətləşən, təxribatlaşan milyonlarla insan... Şairinki isə sevgidi - onu dirçəldən iki-üç kəlmə. Oxucu təzadı görür, kəlmələrin milyonunu alt-üst edən Nəsimi bir tikə sözə möhtacdı, gözləyir kaktusu...

Romanın Dilsuzdan sonra bir ürəkparçalayanı da var, Umay ana. Nənələrin böyütdüyü adamlar əsl insanlığı daşıyırlar, eşitmişdim nə vaxtsa. Umay ana uşaqlığımızın səsidi - təndir dilində danışır, Ümidi gözləyir, gözləməyənlərin acığına. Bəlkə on ildən sonra olmayacaq təndirlər. Hər halda, olsa da, indiki kimi içində qaz boruları qoyulacaq, Umay ana isə çır-çırpı ilə odlayardı əvvəl təndiri, sonra gözləyən, gizləyən səbrini. Həqiqətən Ümid gəldimi? Axı pisliklərin ən fənasıydı ümid, soruşmaq istəyirəm müəllifdən...

 

Bu qədər gözlədibsə, ipək kimi, nur üzlü, çinar sərinlikli Umay ananı, demək, gəlməsə, daha yaxşıdı... Nə yaxşı ki, sən vardın Umay ana, yoxsa kim anlayardı Umay qızları?!.

 

Umay ana müharibənin qadın üzüydü: gözləyən, içinə atan, ata-ata üşüyən, üşüyə-üşüyə qırmızı gəlinlik geyinən, qan rəngində, müharibə qoxulu. Müəllif Umay anada milli qadın cazibəsini nüanslarına kimi təsvir edib, sanki millilikdə nə var qoparıb, Umay ananı bəzəyib, əsas da xasiyyətinə nəqş vuranda xəsislik etməyib.

 

Azərbaycanı tanımayan xarici oxucu, Umay ana ilə bu ölkənin qadınına, əminəm ki, vurulardı. Umay ana həm də körpüdür Leyli ilə qız Umayın arasında, nə vaxt ki, anayla qızın əlləri aralı düşsə, Umay ana öz əlini borc verib, onları birləşdirir və hökmən təndirin üstündə - bizim ənənələrimizin ən gözəlində, ən məhrəmində. Həm də "Leylinin təndirə ayaq açması Umay ananın qərinəlik xiffətini kölgədə qoymuşdu" axı. "Biri gedənlərə, biri gələnlərə baxmışdı” cümləsindəki kədərı yazıçı oxucunun ruhuna elə yerlşdəşdirir ki, adam gündəlik qayğılarına mənasız baxır... Leyli bu kəndə aid deyildi ki. Bəs Umay ana necə?! O aid idimi bu müharibəli yer üzünə?!

 

Tək-tək insan taleləri faciələri yaradır - xalqın faciəsini. Hamısı da vur-tut bir mərəzin üstündə - siyasət. Və nə acı ki, xalqı, elə romanda deyildiyi kimi, kimdən xilas edək ki?! - xalqın özündənmi?.. Umay qız ağlıyla, gənc ağlıyla bunu dərk edir, - mənim işim sadəcə dəyişməkdi, kəsəsi axtarmaqdı, deyir,- bilir ki, cərgəsində olduğu dəstə sabah əlinə fürsət düşəndə, daha yaxşısını yalnız özüyçün edəcək. Sən nə ağıllısan, Umay... Və sənə əxlaqsız olduğunu deyə bilmirlər, əxlaqlı olduğunu isə dillərinə gətirmirlər.

 

İllərlə əməyin insanı ucaltması haqqında əzbərlənmiş şüarlardakı bir artıq hərfi dəyişdirməklə, müəllif ölçüsü kiçik, mənası böyük olan fikir aydınlığımıza nail ola bilir.

 

"Heç biriniz məni o itlər qədər qorumadınız... o itlər qədər..." deyən Umay küçə itlərinin qahmar çıxdığı gecə bəlkə də C. Cabbarlının heykəlinə də sığınardı. Ama o heykəl fahişələrə "qonorar" ödənən yerdə olmasaydı. Ən azından, bu ölkədə ən tanınmış yazarın məqaləsinə verilən pulla o "qonorar" eyni olmasaydı...

 

Adamın bu romanın tam ortasında Lilit olmağı gəlir, öpəsən pis adamları, ölələr, yenə öpəsən, yenə ölələr pis adamlar! Leyli də heç Lilit ola bilmədi, halbuki olsaydı, Ata gedərdi, o qalardı bəlkə...

 

Romanın öpüş simmetriyası Dilsuza da toxunur. "Beş saylı xəstəxanadan zəng vururam, yanıq şöbəsindəyəm. Durma, gəl öp məni, qurtulum", - deyərək Umaya zəng edən müəllim, gah qıza əslində onun qızı olduğunu deyir, onu gah Lilit adlandırır.

 

Umayın doğulduğunun qırxıncı günü, romanın ən laylalı hissəsidir. Gicitkən, yarpız çalır laylanı, həm körpəni çimizdirə-çimizdirə. Gül kimi uşaq, gül kimi beşik, gül kimi Umaylar.

 

 

Romana fəlsəfi baxış

 

 

Fəlsəfənin "gərginlik mərkəzi" dünya və insandırsa, onda "Məryəm sürəsi"ndə ən böyük maddi-mənəvi problem nədir?

 

Romana Hegelvari baxsaq, şüur və varlıq arasındakı münaqişəni bu cümlədə görə bilərik: "Başına gələn müsibətlər bu təmiz qəlbli, saf ruhlu qızı kobudlaşdırıb, eybəcərləşdirib, tikanlı edib, qız zərafətini, şeirləri yandırılan, yoxa çıxarılan gün isə hissiyyatını itirib, əsəbləri korlanıb, az qala sevgidən iyrənəcək hala düşüb". Umayın şüurunu və varlığını roman boyu bircə dəfə də çarpışmada görmədim. Az yaşına rəğmən, o şüurunu varlığından ayıra bilmişdi...

 

Bu romanda hadisələr dəfələrlə matrealistlərdən idealistlərə doğru addımlayıb, Məryəmin istəyi onun ideyasına, ruhuna, şüuruna çevrilib. Ama o təbiəti, materiyanı nə vaxt tərk etdi ki? Kitabın sonunadək adama elə gəlir, "altında tufanlar yatan utancaqlığın", yəni onu daşıyan qızın kökü, arzuları, canının yarısı çınarın yanındadır. Bəlkə bu səbəbdəndir ki, Umay axıradək təbii halından, özündən azca kənara çıxmadı?.. "Əyilmək istədiyimin elə özünü əyib dizi üstə oturdub və mənim əyilmək niyyətimi gözümdə qoyub; şaxlığıma, qüruruma xələl gəlməsinə imkan verməyib".

 

Roman idealizmdən o qədər uzaqdır ki, "mütləq ideya", yəni Allah obraza dönüb bu romanda, nəinki idarəedici qüvvə kimi verilib. İnsanlar - elə Ata özünü hər şeyin yaradıcısı - demiurqu (yun. Demiurgos - hərfən usta, sənətkar, məcazi mənada isə yaradıcı, xalq) hesab edir.

 

İsmi isə subyektiv idealistdir. O, Məryəmi görür, tam olmasa da, - duyduğu predmeti insanın hissi qavrayışından kənarda hesab etmir. İsmi nə yaxşı ki, başladığı mübarizə yolunda yarımçıq qalsa da, bədbin deyil. Bikefdi, azca dilxordu, ama ürəyini qoruya bilib, ölməyə qoymayıb.

 

Onun təsəvvürləri, duyğuları hasildir, nəticədir.

 

Umay ana və Dilsuz müəllim romanda, dünyanın dərk olunmasına müəyyən mənada yardımçı olurlar.

 

Kantın məhşur üç sualı: - mən nəyi bilməliyəm, nə etməliyəm, nəyə əmin olmalıyam, - sorğularına Umay ana sevgisi boyda gözləməklə cavab verir. Gerçəklik pozulsa da, sıradan, xətdən çıxıb, Umayın uşaq dünyaya gətirməsi və Umay ananın Ümidinə qovuşması ilə eyni günün, hətta eyni saatın dolaşıqlığı fəlsəfi analizi çaşdırsa da... Fəlsəfə burda bir az nəfəsini dərsə, işlərə qarışmasa, yerli mühit umudlarına özü sahib çıxsa...

 

Osiris (Qədim Misir mifologiyasında axirət dünyasının hökmdarı, dirçəlmə tanrısı. – red.) ölümün təcəssümü kimi, Dilsuzun bir gözünə ruh, digərinə haqq-ədalət qoyur. Amma nahaq! Dilsuz elə haqqın özü idi axı...

 

Məryəm Siddhartha kimi ağacın altında oturub özünə söz verir ki, həyat həqiqətlərini bilməyincə, istəklisini tapmayınca, ordan durmayacaq. Axtarış baxımından, inadla arzusuna nail olmaq baxımından nurlu Budda təlimi romanın bu hissəsindən boylanır.

 

Avestanın himnində deyilir ki, həqiqət ən yaxşı xeyirxahlıqdı. Romanın ən xeyirxahı kimdir bəs? Mənə görə, romanda qeyri-həqiqi olan yoxdur. Hətta boynunda xaç mollanın qızından tutmuş, çoxunun gözünə görürən müəmmalı obraz da həqiqidir. Çünki bu qədər adam onu uydura bilməzdi. Uydurublarsa, onda külli- aləm həqiqi deyilmiş...

 

Romanın ən sevdiyim tərəfi işıq və qaranlığın qatılığından hasil olmuş nüanslardı. Əgər onlar qarışmasaydı, rənglər aləmi movcud olmazdı. Əgər Ata qaranlığı olmasaydı, Umay ana və Umay qız belə güclü parıldamazdı. Müqavimətdən xarakterlər yaranmazdı.

 

Heraklitvari baxış sərgiləsək, - antik dövrə getsək, - düzünə qalsa, düşünürəm ki, hər bədii əsərin bünövrəsində antik dövr yatır. İstəsək də, istəməsək də, şüurumuzdakı antik biliklər üzə çıxır. Bu baxımdan, əksiliklərin mübarizəsinin mövcud hərəkəti inkişafın mənbəyidir, zərurətdən baş verir. Zərurət demişkən, valideyn hökmü, başqa sözlə desək, sıxma-boğma olmasına baxmayaraq, romanda təzyiq yoxdur, oxucu ağırlıqdan sıxılmır, su kimi axır. Kitablar həmişə müəlliflərinə oxşayırlar. İpəyi ələ götürəndə hansı hiss yaranırsa, romanı oxuyanda da o yumşaqlığı yaşayır adam. Halbuki, taleləri fərqlidir...

 

Həyatın gerçək üzü baş verir: düz əyrisiz, qara ağsız davam edə bilmir.

 

Aristotelin nəzərlərini hiss edir adam. O, hərəkətin mənbəyinin hərəkətverici qüvvə olduğunu deyirdi, bu qüvvəni isə Allah adlandırırdı. O, konkret varlıq və zaman arasında sıx əlaqə görürdü. Məryəmlə keşişin söhbətində olduğu kimi: "Dünyaya gələn hər insan elə bu sınaqdan çıxmaq istəyən allahın özüdür. Deməli, əslində allah heç kimi öldürmür. O, hər bir insanda məğlub olur və məğlub olduğu insanı əzablı sınaq meydanından çıxarır". Belə deyək ki, bu fikir Allah və zaman anlayışına məntiqli sığal çəkir.

 

Məkanı da əlavə etməli olsaq, bu cümlə bəs edir: "Bakıda sussan belə, öz istədiyin kimi susursan. Burda, isə hətta susanda da ürəyi istəyən kimi susa bilmirsən".

 

Görəsən, romanın qəhrəmanları Allahı xeyirxahlığı üçün yox, mövcudluğu uçun sevirlərmi?

 

Hürufiliyə görə, insan elə poetik aləmdir ki, kainatın bütün sirləri onda gizlənib, insan zəkası ilahi varlığı və onun təzahürü olan dünyanı dərk etməyə qabildir. Nəsimi ardıcıl panteist olaraq, ruhun cansız aləm, bitkilər aləmi, heyvanlardan keçərək insana doğru inkişafını qəbul edir, ardıcıl öyrənmə ilə sirləri dərk etməyin tərəfindədir.

 

İnsan öldükdən sonra bitki şəkilndə geri qayıdır. Dilsuz müəllim isə səs şəklində geri qayıdacaq. Romanda xeyirxahlıq da, savad da, həlim xasiyyət də tam şəkildə onda birləşib. Bir az hürufidir mənə görə Dilsuz. Ama gizlədib... məcburdu.

 

Heç ağlıma gəlməzdi, bir də gördüm ki, romanın şairi qarşılıqlı məhəbbət istəyə-istəyə Konfutsilik təliminə gedib çıxıb. Şairin təlimə uyğun olan xarakteri - səbr və ehtiyat arasındakı orta mövqeyi, mahiyyəti özünə arzu etmədiyi halda, başqasına da arzu etməməsi - onun özündən, ölkədən qaçması üçün səbəb ola bilməzdi. Bəlkə şair də, Məryəmin qaçdığı səmtdə tapmaq istəyirdi sevgisini? Yoxsa, o da doğulmadı? Ya şeirlərini bətnindən atmaq üçün gəlibmiş dünyaya? Yoxsa, başqa ölkədə niyə qarşılaşsınlar ki?..

 

Şair dəymədüşər xarakteri ilə Məryəmin həssas təbiətini hər zaman əlində saxlaya bilməzdi. Özünün dediyi kimi, "iş sözə çatanda mən adamlığımı itirirəm!" İçində yazıları olan dəftərini itirdiyi gün, Pərviz Cəbrayıl sanki iki əl də borc alıb, şairin köməyinə gəlmək istəyirdi. "İtirdiyim "İçim" yox, bu qoca İstanbulda içimin rəngiymiş; mənim şüurumun altı isə öz məntiqiylə mənə durmadan "qara... qara... qara..." pıçıldayırmış. İçinin ağ-qara, rəngli, ala- bəzək, aydın-pozuq şəkillərini - kardioqramını itirmək necə dəhşətli olurmuş!"

 

Şair ölkənin, ailəsinin girdabına tab gətirməyən, eyni zamanda mürəkkəbliyi, çətinliyi canında daşıyan aşiqdir. Bilinmir qadına aşiqdir, bilinmir sözə... "Öncə söz vardı... O söz dünya yaranandan fəzaya ötrülüb. Min il əvvəl şair tutub o dalğaları, nəyisə insan dilinə çevirib, min il sonra da biri. Fərq tərcümədədi. İndi biz ikimiz də həmin o sözün eyni yerlərini tutmuşuq..."

 

Müəmmalı qızı düşünərək, taqətdən düşən şairın öhdəsində bir iş var: onu düşünüb taqətdən düşmək...

 

"İnsan necə də sevgiyə, xoş sözə, yasaq, müəmmalı eşqlərə möhtacdır! Nəfəs dərmədən, onu düşünür, səhər yuxudan duran kimi ilk nəfəsini onun düşüncəsiylə açır. O isə xəncəri qarşısındakının ürəyinə salıb aram-aram burmaqdan həzz alır..."

 

Əslində şairi əldən salan detallarına qədər eşqi araşdırmaqdı. Bir bilsə... "Eşqdə də gərək ləyaqət ola! Gizlində yanasan".

 

Hələ yol gedir o... Vətən torpağında, özü ürəyini, fikri beynini işğal edən adamın yolunu. Arada mənə elə gəlir ki, şair vətənin dərdini unutmaq üçün Məryəmlə başını qarışdırır.

 

Kaktus şəkilli qız suallarıyla kömək olur şairə aydınlanmaqda. Zira bir söz adamının aydınlanmağı mümkündür, bu işin sona yetməsi isə mümkünsüz.

 

"Sənsə, şair sevginlə, qəribə ədayla, özündən meştəbeh şəkildə adamların üstünə gedirsən".

 

"Sevgi adında bir şey vardısa, o da bir görüşəndə, bir də ayrılanda hiss olunurdu".

 

Ölkədən uzaqlaşması şairin Dilsuzun dəfnindən sonra – "mən bu günlər üçün həm də o dəfnə borcluyam, inqilab kimiydi", - deyən şair, laməkandır. Sığa bilmir yer üzünə. Çünki içində özünə yer tapa bilməyib hələ, içi ona darlıq edir. Buna görə də romanın şairi heç bir fəlsəfi analizlə uyğun gəlmir...