Dövlət İmtahan Mərkəzi iyulun 26-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi imtahanda II ixtisas qrupu üzrə 1 abituriyent, III ixtisas qrupu üzrə isə 3 abituriyent maksimum nəticə göstərib. 700 bal toplayanlardan biri də Gəncə şəhər 27 №-li məktəb-liseyin məzunu Selcan Məmmədlidir.
Qaynarinfo xəbər verir ki, onun valideynləri - Mahil Məmmədov və Maral Məmmədova Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdşlarıdır. Qardaşı Tural Məmmədli isə universitetin tələbəsidir.
Bu münasibətlə universitetdə təşkil olunan yığıncaqda universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Selcan Məmmədlini, onun valideynlərini səmimi qəlbdən təbrik edib, uğurlar arzulayıb, habelə gül və 500 manat məbləğində pul hədiyyə edib.
Görüşdə iştirak edən universitet əməkdaşları da valideynləri təbrik edib, istedadlı övlad böyütdüklərinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, birinci qəbul imtahanından 676 bal toplamağına baxmayaraq Selcan bu nəticə ilə razılaşmayıb və yenidən hazırlaşaraq ikinci imtahandan maksimum nəticə əldə edib.
Şərhlər