Ötən gün Azərbaycan millisi AVRO-2020-in seçmə mərhələsində Slovakiya millisinə 1:5 hesabı ilə məğlub olub. Matç boyunca azarkeşlərin "İstefa" şüarı, futbolçularımızın meydanda göstərdiyi qorxaqlıq, heç nədən buraxılan qollar günə damğasını vurdu.
Ancaq nə ağır məğlubiyyət, nə də "istefa" şüuarları futbolumuzun cəlladlarını yerindən dəbərtmədi. Bu hal artıq istər azarkeşlərdə, istərsə də mətbuat nümayəndələrində ikrah duyğusu yaratsa da, yazılanlardan heç bir nəticə çıxarılmasa da, yenə də mövzunu müzakirə etmək kimi öhdəliyimiz var.
Millimizin biabırçı məğlubiyyəti haqda futbolsevərlər arasında sorğu keçirdik. Sport7.az müsahiblərimizin fikirlərini təqdim edir:
Səbuhi Məmmədli (Jurnalist): "Əslində bu biabırçılq deyil, bunun adı xaosdu. Yarıtmaz idarəçilikdi, başıbozuqluqdu. Uğursuz birisini yığmaya gətirib, baş məşqçi qoymağın nə vaxtsa fəsadlarını görəcəkdik. 11 il Slaven Biliçin yanında hərlənəsən və nəhayət sənə baş məşqçi kimi komanda tapşıralar - Zaqreb "Dinamo"sunu deyirəm - orada da klubu batırasan. Və AFFA da bu yaramaz Yurçeviçi yığmaya baş məşqçi gətirir. Bu "otxod"ları milliyə kimin sırıdığı bəlli deyil. Düzü, futbol adına heç nə görmədim. Ona görə də analiz etməyə də gərək yoxdu. Əgər AFFA-dakı başbilənlər bunun adına futbol deyirlərsə, onda bircə bunu deyəcəm...
Zamanının əfsanəvi şərhçisi Nikolay Ozerovun məşhur bir ifadəsi var: "Takoy xokkey nam ne nujen!" Onu azərbaycanlaşdırıb, belə deyərdim: "Takoy futbol nam ne nujen!"
İsa Qəmbər (Milli Strateji Düşüncə Mərkəzinin sədri): "Bu biabırçı nəticələrə görə ən az məsuliyyət daşıyanlar futbolçulardır. Daha çox məsuliyyət daşıyan millinin baş məşqçisidir. Ondan daha çox məsuliyyət daşıyan futbolumuzu idarə edən, həmin baş məşqçini təyin edən AFFA rəhbərliyidir. Ən böyük məsuliyyət isə futbolumuzu idarə edən AFFA rəhbərliyini bu vəzifəyə təyin edən ölkə hakimiyyətidir".
Eminquey (Şair): Təklif edirəm ki, heç bir zada yaramayan bunca pul xərcləməklərdən, məşqçi gətirməklərdən sonra AFFA üz tutsun Miribiş pirinə. O qaloş sürtən kişidən rica etsinlər ki, futbolçularımız üçün 11 cüt qaloş versinlər. Meydançada ora-bura boş-boş qaçmaq üçün 1000 manatlıq butsilərə ehtiyac yoxdur. Bəlkə bu qaloşlar futbolçularımıza fövqəlgüc bəxş elədi. Həm də dünya mətbuatında sensasiya olar. Hamı bizdən yazar. Heç olmasa, məğlubiyyətimizlə yox, qeyri-adiliyimizlə dünya mətbuatında Azərbaycanın adını ucaldarıq.
Azərbaycan futbolunu qadınların ənənəvi cümləsi ilə izah etmək istəyirəm:
"O nədi, sən Allah?! O boyda kişilər bir topun dalınca dəli kimi o yana qaçır, bu yana qaçır”.
Mənsur Rəğbətoğlu (Jurnalist): "Azərbaycan millisi elədir ki, baxmasan da, hansı oyundan çıxdığını əvvəldən bilirsən, heç top futbolun başına belə oyun açmamışdı. Necə deyim vallah, elə götürək Azərbaycan çempionatını. Səkkiz komanda mübarizə aparır, demək olar hamısı Bakıya bağlıdır, paytaxt klublarıdır. "Şüvəlan”, "Zirə”, "Sabah”, "Keşlə”, nə bilim Qara Qarayev, Məşədi Əzizbəyov, Koroğlu – yerli çempionat Bakı kəndlərinə gedən avtobusa oxşayır.
Avtobusdan söz düşmüşkən, millidə xoşuma gələn yeganə şey futbolçuları daşıyan avtobusdur. Mənim əlimdə olsa, o avtobusu millidən alıb rayondan "Vosmoy” bazarına xiyar-pomidor daşıyıb, uşaqlara top alaram ki, indidən oynamağı bacarsınlar. İndi də hamı düşüb millinin üstünə ki, nədi-nədi Slovakiyaya 1:5 uduzmusan. Vallah, indi biz sevinməliyik ki, nə yaxşı bizi oynamağa qoyurlar. Nə bilim, biri günahı Elxan Məmmədovda görür, biri Yurçeviçdə görür, amma sizi inandırım ki, İspaniyanı Azərbaycan millisi adıyla meydana buraxsaq, yenə uduzacağıq, bax, bizim inamımızı belə qırıblar.
Futbolçularımız danışanda ağızlarına çullu dovşan sığar, amma di gəl ki, ayaqları ağızları qədər açılmır. Meydana çıxan kimi balıq udmuş meduza kimi ayaqlarını büzürlər. Nolub, a bala? Futbolçularımız elə bil bir az mozaxistdir, hansısa oyunda udanda sanki narahat olurlar, bundan həzz ala bilmirlər... Slovakiyanı, Lixtenşteyni qoyun qırağa, Azərbaycan millisi oyun oynamayanda da uduzur elə bil".
Oğuz Ayvaz (Şair): "Bizim futbol azarkeşləri bir şeyi başa düşmürlər, duymurlar ki, AFFA-dakılar istefa versə belə, Tanrı bizim ölkəyə futbol bəxş etməyib. Zorla deyil axı. Olmur. Alınmır. Tanrı futbolu Latın Amerika zonalarına hədiyyə edib. Biz futbolda tamaşaçı ola bilərik, oyunu şərh edə bilərik. Futbolçu yetişdirmək bizlik deyil".
Rüstəm Əfəndiyev (Azarkeş): "Sadəcə rəzalət. Oyundan sonra Rüstəm Əfsərlı hər şeyi yerbəyer etdi: Qollara baxın, 1, 3 və 5-ci qollarda müdafiə heç nə etmir. Necə o cür qol buraxmaq olar? "Playstation"da pultu yerə qoysan, bəlkə elə qolları buraxarsan. Ukraynalı şərhçi də şokdaydı: 2 dayaq yarımmüdafiəçisi, 2 mərkəz müdafiəçisinin arasından bircə rəqib oyunçu qol vurur. Bunlara iynə vurublar ki, tərpənməsinlər? Xorvatlarla oyundan sonra Yurçeviçə inanmışdıq ki, heyəti qura bilir, oyunçuları istifadə edə bilir. Dünənki oyun və oyundan sonrakı fikirlərindən sonra bildik ki, bu da səriştəsizin biridir, ya da möhkəm tapşırıqla heyət qurur.
Bunun üçün milyonlar xərcləyib onu gətirməkmi lazımdır? İqor Ponomaryov slovakları məğlub etmişdi. Hələ bu günkü oyunçular 2001-ci ilin heyətindəkilərdən güclüdür. Düzdür, Slovakiya da o vaxtkı deyil. Daha üstündür indi. Amma bir cəhd edin, müqavimət göstərin. Bu dəfəki rəqiblər çox güclüdür. Amma bu səbəb deyil ki, əl qolunu salla və meydanda gəziş. Tam istəksiz, ildırımsız adamlar - milli sürü. Bircə Ramil Şeydayev əsl kişi kimi oynadı, bir də qapıçı bir neçə topu çıxartdı. Niyə Emin Mahmudov yox idi? Düzdür, məşqçi işin bilir və kimi buraxdığını da. Amma buna heç nə səbəb ola bilməz. Bilərək buraxmadı əsas heyətdə. Niyə?! Eyyubovun nə işi var ümumiyyətlə orda? Qurban Qurbanovu 6 illik gətirib sistemin sanki əsasını qoydular. Əla. İmkan verin işləsin. 6 illik müqavilə bağlamısansa, demək uzunmüddətli iş planlaşdırmısan. Futbol budur. Üstəlik bütün yaş qrupları ona tapşırıldı. 1 il keçdi, işi yarımçıq qoyub xarici gətirdilər.
Guya Millətlər Liqasında uğursuzluğa görə. Əgər buna görə gətirmişdinizsə, niyə uzunmüddətli müqavilə bağlayıb bütün strukturu tapşırdınız? Səbəb aydındır. İstənilən işin arxasında pul, yeyinti durur. Daha nə qədər olar? İllərlə milyonlar ayrılır, nəticə dəyişmir. Futbolçun nə edilib? 15 il əvvəl 6 yaşlı uşaqları normal yetişdirməyə götürsəydilər, indi 21 yaşlı kifayət qədər oyunçumuz olardı. Niyə bunu etmirlər? Bu gün bu işə başlasalar (təbii ki, başlamayacaqlar) 15 il gözləməli olacağıq. Beyinlərə "fubol bizlik deyil" kimi səfeh fikirlər yeridib rahat olurlar. Toqo, Anqola, Qana oynaya bilir, biz yox? Cəfəngiyyatdır. Ümumiyyətlə, federasiyanı tam heyətlə ləgv etmək lazımdır. Hələ hardasa rəhbərlik etdiyi idman növünü məhvə aparan federasiya olduğun eşitməmişdim. Söz yox, ümid yox. Xaos, özbaşınalıq hökm sürür. İşıq görünmür.
Şərhlər